Mədəniyyət

İlk Buktreylerlər festivalının münsiflər heyətinin tərkibi açıqlandı

13 Aprel 2016 15:03
Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aərbaycanda ilk Buktreyler festivalının münsiflər heyətini təqdim edirik!

Milli.Az bildirir ki, 10 aprel, saat 23.59-da ilk Buktreyler festivalına işlərin qəbulu başa çatdı. Artıq münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsinə başladı. Festivalın obyektiv keçirilməsi məqsədi ilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda aparılacaq (yəni bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayacaq). Sonda isə yekun olaraq Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.

Bu gün isə münsiflər heyətinin tərkibi açıqlandı:

ÇİNGİZ ABDULLAYEV
Azərbaycanın detektiv yazıçısı, nasir, publisist. Hüquq elmləri doktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Prezident ovu", "Əclafların kredosu", "Uğursuzun hekayəti", "Qaniçənlər aynası", "Məhşər ayağında", "Qazanılmış cəhənnəm" və s. əsərlərin müəllifidir. Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

RAMİZ FƏTƏLİYEV
Ssenarist, rejissor, kino redaktoru. Azərbaycan Respublikası əməkdar incəsənət xadimi, Respublika Dövlət mükafatı laureatıdır. Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirmişdir. SSRİ-nin bir sıra kinostudiyalarında ssenariləri çəkilib.

ELXAN CƏFƏROV
Aktyor, kinorejissor. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya institutunun aktyorluq fakültəsinin məzunudur. "Yenə o bağ olaydı", "Qarabağdır Azərbaycan", "Əlavə təsir", "Dolu", "Yarımçıq xatirələr" və s. filmlərin rejissorudur. 2015-ci ildə "Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.

ÜLVİYYƏ KÖNÜL
Rejissor, klipmeyker. Space TV və Lider TV-də rejissor kimi çalışmışdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Vəkil hanı?" və "Həddindən artıq təsadüf" filmlərinin rejissorudur. Bir sıra tədbir və kliplərin, görkəmli alim Yusif Məmmədəliyevin 100 və dahi bəstəkar Qara Qarayevin 90 illiyinə həsr edilmiş konsertlərin rejissorudur. 2000-ci ildə "Dəşti" klipinə görə "Humay" mükafatına layiq görülmüşdür.

NADİR MEHDİYEV
Kinooperator. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinin məzunudur. "Əlavə təsir", "Dolu", "Yarımçıq xatirələr" və s. filmlərin operatorudur. 2015-ci ildə "Dolu" filminə görə "Ən yaxşı operator işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.

RUSLAN SABİRLİ
Kinoaktyor, musiqi müəllifi. İlk Bukteyler festivalının təsisçisidir. Almaniyada aktyorluq və rejissorluq kursunu bitirmişdir. "Xəyanət", "Əsl sevgi", "Sürücü", "Muradına çatan Günəş", "Sənə inanıram" seriallarında baş rolları canlandırıb. Qafqazda Facebook və Odnoklassniki sosial şəbəkələrində profili təsdiqlənmiş ilk tanınmış insandır.

Hamıya uğurlar arzulayırıq!

Buktreyler lakonik, intriqada saxlayan və əsərin məzmununu çatdıra bilən olmalıdır. Yadda saxlayın ki, buktreylerin əsas vəzifəsi - oxucuda kitaba maraq oyatmaqdır.

Qaliblər 23 aprel Beynəlxalq Kitab günündə Nizami Kino Mərkəzində müəyyən olunacaqlar!

Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festival barəsində www.booktrailer.az saytında, həmçinin www.facebook.com/BooktrailerFest facebook səhifəsində ətraflı məlumatı almaq olar. 

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.

Təşkilati dəstək: Mədəniyyət və Turizm Nazirliyi
İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.