Mədəniyyət

Kinonun “Yarasa” möcüzə(ləri)si - FOTO

6 Noyabr 2015 00:05
2 Şərh     Baxış: 4 390

Ayaz Salayev rejissor debütünün möcüzə və nağılını Milli.Az-a danışdı.

"Azərbaycanın kino incilərindən" layihəmizə bu dəfə "Yarasa" gəldi - Ayaz Salayevin 1995-ci ildə çəkdiyi ilk bədii filmi olan həmin o məşhur "Yarasa" ekran əsəri. Bu tammetrajlı rəngli olsa da, "kino" adlı nəsnənin simasını daha dəqiq göstərən ağ-qara kadrlardan da xali deyil. Azərbaycan dilində çəkilsə də, rus dilində səslənən ifadələri də kifayət qədərdi. Kinonun 100 illiyinə həsr olunmuş filmin ssenari müəllifləri Kamal Aslanov və Ayaz Salayev, quruluşçu rejissoru Ayaz Salayev, prodüseri Saday Əhmədov, quruluşçu operatoru Bağır Fəfiyev, Yuri Varnovski, rəssam Şamil Nəcəfzadə, bəstəkar Nazim Mirişlidir. "Yarasa" dramında əsas rolları Rasim Balayev (Ağabəy), Mariya Lipkina (Turan), Tolib Xamidov (Nuru) ifa edirlər.

Filmdə "Qolem", "Doktor Kalqarinin kabinəsi", "Gecəyə qaçış", "Mavi mələk", "Böyük şəhərin işıqları", "Kabus qadın", "Tonio Kryoger", "Ceyn Eyr", "Kenterberi hekayələri", "Sevil", "Qaranlıqda gülüş", "Şüşə ev", "Piqmalion" film, əsər və ssenari qeydlərindən, həmçinin C.Qrinin, F.Xollenderin, Ç.Çaplinin musiqisindən istifadə edilib.

Film 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsində "Ən yaxşı bədii filmə görə", operator və rəssam "Ən yaxşı təsvir həllinə görə", əsas kişi rolunun ifaçısı "Ən yaxşı kişi rolunun ifasına görə" mükafatlarına layiq görülüb. Həmin il kinolent "Kinotavr" kinofestivalında iştirak edərək rejissora Beynəlxalq kinoklublar təşkilatının mükafat və diplomunu qazandırıb. 1996-cı ildə "Yarasa" filmi "Bakılı" cəmiyyətinin təsis etdiyi "Humay" mükafatına layiq görülüb. Elə həmin ildə də Fransada keçirilən "Anje" Ümumavropa debüt kinofestivalında Baş mükafat və diplomla təltif edilib. 1996-cı ilin uğurları bununla bitməyib - ekran əsəri Misirdə keçirilən İsgəndəriyyə kinoifestivalında ən yaxşı film kimi tənqidçilərin Xüsusi mükafatı ilə vətənə dönüb.

Ayaz müəllimlə "Nizami" kino mərkəzində görüşdük. Yəqin ki, kinoşünas və kinorejissorun kino haqqında çəkdiyi filmlə bağlı söhbət üçün bura ən uyarlı məkanlardan biridi.

Dünyanın Azərbaycan haqqındakı təsəvvürlərinə sığmayan film

Ayaz Salayev:

- Bizdə bu film çox zaman kinoşünasın kino haqqında düşüncələrinin ifadəsi kimi səciyyələndirilir. Bu, o qədər də düzgün şərh deyil. Ona görə bununla tam razı deyiləm. Başqa ölkələrdə belə bir fikrə rast gəlməmişəm, heç bir rəydə qeyd olunmayıb ki, bu, kinoşünasın çəkdiyi filmdi, onun düşüncələridi. Ona görə söhbətin bu istiqamətdə getməsini istəməzdim. O illərdə kino istehsalatı tamamilə dağılmış vəziyyətdə idi, hətta kinostudiyanın direktoru da yox idi, kabinet boş qalmışdı. Bu film belə bir şəraitdə çəkilsə də, 30-dan çox festivalda iştirak etdi, Dünya Kinosunun 100 illiyində kinonun vətəni Fransada keçirilən "Anjey" festivalında ən qabaqcıl ölkələr olan - İtaliya, İngiltərə, Almaniya, Fransa, İspaniya, Türkiyə ilə yanaşı Azərbaycan da bu filmlə iştirak etdi və Qran-priyə layiq görüldü. Bundan başqa, "Yarasa" "A" kateqoriyalı festivallardan olan Berlin festivalının proqramına daxil edildi. Filmlərin taleyini həll edən "Le Mond" qəzeti bu film haqqında yazmışdı ki, "Yarasa"nın nümayişi bütün digər filmlərə bəraət qazandırdı və ilk yarışı udmağa bərabər oldu. Oxşar fikirləri digər mətbu orqanları da yazmışdılar. (Məsələn, Almaniyanın "Frank Furter Rundşau" qəzeti filmimiz haqqında vaxtilə belə yazıb: "Yarasa" filminin rejissoru Ayaz Salayev postmodernizm cərəyanında yeni bir üslubun banisidir" - red.)

Azərbaycan kinosunun sonrakı illərdə davam edən festival taleyi dünyanın bizdən başqa filmlər gözlədiklərini göstərdi - Qarabağ mövzusu, yaxud da üçüncü dünyaya aid bir ölkənin ekzotik ekran versiyaları. "Yarasa" isə bu təsəvvürlərə sığmayan, hər hansı konyukturadan, lobbiçilikdən, pasifizmdən uzaq bir film kimi qəbul edildi.

- Süjetin yaranmasına hansısa real hadisə təsir etmişdi?

- Yox, süjetin hər hansı bir real hadisə ilə bağlılığı yoxdu. "Yarasa"nın necə çəkildiyini izah edə bilmərəm, sadəcə, belə bir əhvalat yarandı və mən bunu çəkməyə bilməzdim. Eynilə o filmdən sonra uzun müddət heç bir film çəkmədiyimi də heç cürə izah edə bilmərəm. Əlbəttə, bunu izah edəcək zahiri səbəblər göstərmək olar. Amma mən hesab edirəm ki, sənətkar heç vaxt məğlubiyyətinin və ya susqunluğunun günahını kiminsə boynuna qoymamalıdı, yəni əgər azadlıqdasansa, həbsxanaya salınmamısansa, fəaliyyətinin ürəyincə olmamasında kimisə təqsirləndirməməlisən.

"Bu film ola da bilərdi, olmaya da bilərdi", yaxud "Ən yeni tarix" fənninin "Yarasa"sı

Mən bir fikir söyləmək istəyirəm, amma həm də düşünürəm ki, özümün öz filmim haqqında danışmağım da düzgün deyil. Məsələ burasındadır ki, müxtəlif üslub və janrlarda çəkilən filmlərin ənənəsi olur. Bir kinoşünas kimi deyə bilərəm ki, məsələn, Qarabağ hadisələri kimi sarsıntılı hadisələrin, fəlakətin ekran həlli mütləq olmalıydı. Və kinematoqrafçılarımızın bu mövzuda çəkdikləri filmlər arasında, həqiqətən, sənət əsəri hesab oluna biləcək işlər var. Başqa sözlə, Qarabağ münaqişəsi mövzusu həm də yeni kino ənənəsinin yaranmasını şərtləndirmiş oldu. Ondan əvvəl, məsələn, bizim kinoda komediya ənənəsi özünə möhkəm yer eləmişdi. Bu ənənədə filmlərimiz çəkilməsəydi, yerləri boş qalacaqdı. "Yarasa"nın isə heç bir ənənəsi yox idi, onun yeri boş deyildi. Bu film ola da bilərdi, olmaya da bilərdi.

- (səmimi təəccübümü gizlədə bilmədən) Siz belə hesab edirsiz?

- Bəli, mən belə hesab edirəm. O mənada ki, bu film çəkilməsəydi, heç kimin ağlına gəlməzdi ki, belə bir film çəkilsin.

- Razılaşa bilmərəm sizinlə. Çünki sırf kino estetikasının, vizuallığın ekranda canlandırılması baxımından belə bir filmin olması olmamağından birmənalı şəklidə daha yaxşıdı.

- Belədisə, lap yaxşı. Amma mənim indicə dediklərim də əsassız deyil, çünki "Yarasa"nın qavrayışı və qəbul edilməsi baxımından bizim cəmiyyətlə başqa ölkələrin ictimaiyyəti arasında çox böyük fərq var. Ən azı ona görə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə Qran-pri alan bu filmin adı özümüzünkülər tərəfindən zamanında etiraf olunmadı. Başqa ölkələrdə isə bu filmə olan münasibət məhz siz dediyiniz kimidi. Hətta elə faktlar var ki, mən qeyri-təvazökarlıq edib açıqlamaq istəmirəm. Məsələn, filmin fanatı olan fransalı bir qız bu filmə əvvəl bir festivalda baxdı, sonra onun ardınca başqa şəhərdə keçirilən festivala yollandı. Ən sonuncu fakt isə elə keçən il baş verdi. 40 ölkədən olan kinoşünasın onlayn sistemində səsverməsi nəticəsində son 25 ilin ən yaxşı Azərbaycan filmləri seçildi və ən çox səs toplayan filmlərdən biri "Yarasa" oldu. Bizdə belə bir sorğu keçirilsəydi, bu film heç onluğa da düşməyəcəkdi.

- Nə bilirsiniz?

- Bilirəm. Mənə elə gəlir.

- Məncə, az faizlə də olsa, səs verən olacaqdı. Və məhz buna görə bu film çəkilməliydi ki, zövqü bu yöndə də inkişaf etmiş tamaşaçıların varlığı üzə çıxsın.

- Ola bilsin, ola bilsin... Mən heç vaxt heç bir yerdə bu filmlə bağlı uğurumun miqyasının böyüklüyünü dönə-dönə qeyd etməmişəm, amma indi baxıb görürəm ki, özün öz uğurlarından danışmasan, heç kim bunları xatırlamayacaq. Bizdə "Yarasa"ya olan ən yaxşı qiyməti onun adının orta məktəb proqramının "Ən yeni tarix" fənninin tədrisinə salınmasını hesab edirəm. Həmin dərslikdə mənim adım qeyd olunmasa da, yazılıb ki, 90-cı illərdə ictimai-siyasi quruluşun, hakimiyyətin dəyişməsi incəsənətdə də bir sıra uğurlara yol açdı və bu uğurların arasında "Yarasa"nın da adı qeyd olunub. Mən bununla çox fəxr edirəm.

"...SSRİ-nin dağılmasından xəbərim olmamışdı"

- Ayaz müəllim, siz belə bir fikri qəbul edirsiniz ki, hər bir filmi ilə rejissor tamaşaçıya nəsə demək istəyir? Və "Yarasa" filmini çəkməklə siz tamaşaçılara nə demək istəmisiniz? Tamaşaçılara ismarışınız nə idi?

- O fikri bəli, qəbul edirəm. Və tamaşaçıya deməyə sözüm var. Amma "Yarasa"nı çəkəndə, yaxud da o filmi çəkməklə tamaşaçıya heç nə demək istəmirdim. Özüm üçün çəkmişəm.

- Ümumiyyətlə, "sənət sənət üçündür" prinsipini doğru sayan yaradıcı insanlardansınız?

- Yox, yox. Bu məqam hər bir sənət adamının həyatında müəyyən mərhələlərlə bağlı olan məsələdi. Bu, birinci filmim idi, yaradıcılıq yolumun hansı hissəsində olduğum haqqında düşünmürdüm, belə bir hissim də yox idi, tam azad, sərbəst idim və ab-hava da buna şərait yaradırdı. Sizə deyim ki, sovet hakimiyyəti dağılmasaydı, mən heç vaxt film çəkməzdim, ömrümdə o bədii şuraların, senzuraların təsdiq elədikləri əksəriyyəti dayaz olan mövzulara girişməzdim.

- Sırf kino tənqidi ilə məşğul olacaqdınız?

- Bilmirəm, hər halda mütləq öz aləmimi yaradacaqdım. "Retro" verilişini də bu aləmi mənə verdiyi üçün sevirdim, o verilişin aparıcısı olmaqla qətiyyən populyarlıq haqqında düşünmürdüm. Məhz sovet sisteminin dağılması ilə mənim dövrüm başladı, ona görə heç vaxt o quruluşun xiffətini çəkmirəm. Çünki məhz bu quruluşun dağılması imkan verdi ki, yaradıcı insanlar öz vəsaitləri, yaxud da kiminsə ayırdığı vəsait sayəsində düşündüklərini meydana qoysunlar, başqalarının onların yerinə düşünüb diktə etdiklərini yox.

"Yarasa" da çox böyük çətinliklə ərsəyə gəlsə də, belə bir film idi. Film "İnterTuran" konserninin prezidenti Saday Əhmədovun vəsaiti hesabına çəkilib. 93-cü ildə bu vəsaiti əldə edə bildim. Çəkilişlər dediyim kimi dəhşətli əziyyətlə başa gəldi. Çətinliklərdən biri o idi ki, Nardaranda çəkdiyimiz epizodlar cəmiyyətdən, mentalitetdən və o dövrün siyasi hadisələrindən doğan kəskin mərhələ ilə müşayiət olunurdu. Elə təkcə onu deyim ki, həmin vaxt xəbər yayılmışdı ki, Surət Hüseynovun qoşunu Gəncədən Bakıya gəlir. Amma mənim vecimə də deyildi. Hətta ssenarini işlədiyim dövrdə SSRİ-nin dağılmasından da xəbərim olmamışdı, çünki bütünlüklə o filmin mövzusuna qapılmışdım, onunla yaşayırdım. Bir də xəbər tutdum ki, müstəqil respublikayıq. Qısası, o cür şəraitdə film çəkməzlər. Amma biz çəkdik. Sağ olsun, filmin prodüseri Cəmil Quliyev, mən onu titrlərdə bədii rəhbər kimi yazmışam, o nəinki vəsaitin məqsəddən kənar istifadəsinə imkan vermədi, hətta özü də müəyyən məbləğ əlavə elədi. Filmin ərsəyə gəlməsində onun fədakarlığının çox böyük rolu oldu.

- Nardarandan başqa çəkilişlər harda aparılıb?

- Nardaranda dəniz sahilindən başqa oradakı bağ evində, İçərişəhərdə və kinostudiyanın pavilyonunda da çəkilişlər apardıq.

- Bağ kimin bağı idi?

- Kimsəsiz bağ idi. O vaxt belə evlər çox idi. İndi daha boş yer qalmayıb. Kənd sovetindən, ağsaqqallardan icazə aldıq, evə bir az əl gəzdirib çəkiliş apardıq. Süjetə görə məkan və zaman şərti olsa da, retro üslubunda, keçən əsrin 30-cu illərinə aid olan ev olmalıydı və bu bağ evi nisbətən uyğun idi.

Turan obrazı, iki aktrisamız, təhsilsiz əcnəbi aktrisanın fədakarlığı və əsl "kinoulduz"

- Aktyorların seçimi necə baş verdi? Yeri gəlmişkən, siz dəfələrlə qeyd etmisiniz ki, Rasim Balayev sizin aktyorunuzdu...

- Bəli, bəli. Rasim Balayevdə Allah vergisi var. Bizdə üç belə, dünya səviyyəsində tanınmağa layiq aktyor var - Rasim Balayev, Fuad Poladov və Fəxrəddin Manafov. Bu aktyorlar daxili zəngin məzmunu olan sənətkarlardı. Əfsuslar olsun ki, onlardan sonrakı nəslə aid aktyorlar arasında bu səviyyədə aktyor adı çəkməkdə çətinlik çəkirəm.

- Mariya Lipkinanı dəvət etmək zərurəti açıq-saçıq səhnələrdə bizim aktrisaların çəkilməkdən imtina etmələri səbəbindən yaranmışdı, yoxsa, ümumiyyətlə, öz aktrisalarımıza müraciət etmədiniz?

- Yox, öz aktrisalarımıza müraciət etmişdim. Bizim bir neçə gözəl və həm də daxili zənginliyi yüksək səviyyədə olan iki aktrisamıza bu rolu təklif etdim, imtina etdilər. Ona görə Mariya Lipkinanı dəvət etməli olduq. Və heç də təəssüflənmirəm. Çünki bu aktrisa ilə işləmək bayram idi. Onu da, özümü də bəxti gətirmiş hesab edirəm ki, birlikdə işlədik. Lipkinanın anası tatardı, ona görə Şərq simalı qadın qəhrəman roluna uyğun gəlirdi. Çox gözəl kino aktrisasıdı. Azərbaycanda ilk dəfə idi çəkilirdi. Ümumiyyətlə, isə çox az çəkilib. İndi İsraildə yaşayır. Artıq aktyorluqla məşğul olmur. Onun şəxsi həyatı da çox maraqlıdı. Nə qədər qəribə səslənsə də, çox erkən, 14 yaşında dul qalıb. Rəsmi, yoxsa vətəndaş nikahında olduğu alman oğlan avtomobil qəzasında həlak olub. Elə çəkilməyə də 14 yaşından başlayıb. Bizim filmdə çəkiləndə 17 yaşı var idi. Bildiyimə görə, nəinki ali təhsili, heç orta təhsili də yoxdu. Buna baxmayaraq, beş dil bilir. Ümumiyyətlə, çox tez püxtələşmiş insandı. Onun işə, bu peşəyə münasibəti filmin mövzusunu xilas edən amillərdən biri oldu. Filmin uğuruna inanan kəslərdən biri idi. Özünü tərifləmək olmasın, onun digər filmlərinə də baxmışam və müşahidə etmişəm ki, ən uğurlu işi məhz "Yarasa"da olub.

- Rasim Balayevlə ünsiyyətləri necə alındı?

- Onların arasında yalnız çəkiliş prosesi ilə bağlı ünsiyyət var idi. Başqa heç bir ünsiyyətləri olmadı. Kamera qarşısında görüşüb çəkilişlər bitəndə vidalaşırdıq. Ümumiyyətlə, Rasim Balayev çəkiliş meydançasında özünü həqiqi kino "ulduz"u kimi aparır. O mənada ki, rejissorun dediyi hər bir hərəkəti yerinə yetirir, hər bir vəziyyətə girməyi bacarır, amma işdən, çəkilişdən kənar heç bir nəinki macəraya, adi bir ünsiyyətə də şərait yaratmır. Və əsl kino "ulduz"u belə də olmalıdı.

- Çəkilişlər hansı aylarda aparılıb?

- Çəkilişlər özəl pulla çəkildiyi üçün pul olanda aparılırdı, pul olmayanda aparılmırdı. 93-cü ilin yanvar, ya da fevral ayında çəkilişlər başladı, müəyyən bir vaxt olmadı, yazın sonu yayın əvvəli, bir də növbəti ilin fevralında davam etdi. Fasilələrlə dörd mərhələdə aparıldı çəkilişlər. Sağ olsun, Cəmil Quliyev ki, fimi başa çatdırmağa şərait yaradırdı.

Qış səhnələri pavilyonda çəkilirdi. Özü də o vaxt isitmə sistemi işləmirdi. Otel səhnəsində aktrisa paltarsız halda su ilə dolu vannaya girməliydi, o suyu isitməyə imkan olmadı, elə soyuq suyun içinə girdi. Bu, böyük fədakarlıqdı. Özü də bədənində ləkələr olduğuna görə Mariya Lipkina şərt qoymuşdu ki, kamera qarşısında tamam soyunmağı qəbul edir, amma bütün bədəni qrimlənməlidi ki, ləkələr ekranda görünməsin. Belə olanda da o, aradabir, dubllar arası fasilədə əyninə paltar geyinə bilməyəcəkdi, pavilyon isə elə soyuq idi ki, küçə oradan daha komfortlu idi. Belə şəraitdə bu cür epizodda çəkilmək, doğrudan da, fədakarlıq idi.

Rasim Ocaqovun 3-4 günlük rejissor məktəbi

- Çəkilişlər ssenaridə nəzərdə tutulduğundan fərqləndi?

- Bəli, bəli. Ssenari daha geniş idi. Hətta elə oldu ki, həm maddi, həm yaradıcı iş baxımından böyük səy tələb edən böyük bir epizod çəkdim, sonra isə o epizod "brak" çıxdı. Və onun "brak" çıxmağı ancaq filmin xeyrinə oldu. Belə olmasaydı, birinci filmim olduğuna, çətin şəraitdə çəkdiyimə görə o epizodu kəsməyə ürəyim gəlməyəcəkdi. Yeri gəlmişkən, filmin ərsəyə gəlməsində Rasim Ocaqovun da adı çəkilməlidi. Onun sayəsində mən çox qısa şəkildə kinorejissor məktəbi keçdim. Mənim ixtisasım kinoşünasdı, o vaxta qədər yalnız sənədli film çəkmişdim, bədii film çəkməmişdim, aktyorla işləmək təcrübəm yox idi, hətta hansısa bədii filmin çəkiliş meydançasında da olmamışdım. "Yarasa"nı çəkməklə sıfırdan başlamışdım. Nə isə, 1 saat 45 dəqiqəlik materialı yığdım. Özümdən çox razı, çox xoşbəxt halda Rasim Ocaqova göstərdim. O vaxt belə bir ənənə var idi - çoxları çəkdiklərini ona göstərib tövsiyə alırdılar. Özü də özü durub gəldi kinostudiyaya, demədi ki, maşın göndərin, həm də gecikməmişdi, dəqiq vaxtında gəlmişdi. 1 saat 45 dəqiqəlik materiala baxdı və... darmadağın elədi. Amma çox peşəkarlıqla baxdı. Və dedi ki, sən darıxma, material çox yaxşıdı. Mən iki-üç gün özümə gələ bilmədim. Fikirləşirdim ki, həmin epizodları nəyə görə təndiq elədi? Tədricən başa düşdüm ki, filan epizodu nəyə görə tənqid edib və beləliklə, həmin o bir neçə gün ərzində, bir gün Rasim Ocaqovla söhbət və 2-3 gün də düşüncələr sayəsində, çox qısa zamanda rejissor məktəbi keçdim. İxtisarları elədim və 1 saat 45 dəqiqədən 1 saat 18 dəqiqə qaldı.

- Və ilk təcrübə nəyi göstərdi - despot rejissorsunuz, yoxsa aktyorlara azadlıq verirsiniz?

- Bu iki cəhətin ortasında olan rejissor kimi xarakterizə edə bilərəm özümü. Rasim Balayev, ümumiyyətlə, "özün bir şey fikirləş" deyib, tam azadlıq verən rejissorla işləməyi sevmir. Xoşlayır ki, rejissorun konkret istəyini, tapşırığını yerinə yetirsin.

Notrdam kilsəsində pərvazlanan "Yarasa" xəyalı və bu nağılın digər möcüzəli anları

- Kinonu çox vaxt incəsənətin yeni dövrünün möcüzəsi adlandırırlar. Kino haqqında çəkdiyiniz film sizə bu möcüzəni yaşada, göstərə, tanıda bildimi?

- Möcüzələr çox sonra başladı. Bütün çətinliklərdən sonra filmi tamamlayanda üstəlik xəbər tutduq ki, Sankt-Peterburqdakı laboratoriyada filmin neqativi itib, mən yollandım ora, öz puluma neqativin tapılmasına nail oldum. Sonra Almaniyadan bir nəfər bu filmi istədi, mən də çox bərbad vəziyyətdə olan VXS kassetini ona göndərməli oldum. Günlərin bir günü dəvətnamə gəldi. Berlin festivalına yola düşdüm. (məmnunluğunu gizlətmədən) Aeroportda enəndə gördüm ki, televiziya çəkiliş qrupu məni gözləyir. Və məhz bu andan möcüzələr başladı. Festivalın ofisinə çatanda da gördüm ki, hamı məni göstərərək bir-birinə "odur, odur" deyir. Möcüzələr qəfil başladı, tez də qurtardı, təəssüf ki. Nədənsə, yaxşı anların ömrü az olur. Beləliklə, bu film mənə möcüzəli anlar yaşatdı. Az da olsa, güclü iz buraxan anlar oldu. Belə anlardan birini Fransada da yaşadım. Fransanın Anje şəhərində keçirilən kinofestivalda iştirak edəndə. Qarlı bir gün idi, mən də filmin nümayişindən sonra Parisə, evində qaldığım azərbaycanlı dostumgilə qayıtmışdım. Özüm də "Paris Notrdam" romanının mövzusunun dəlisiyəm. Amma kilsəni hələ görməmişdim. Bir gün sonra isə festivalın bağlanışı olmalı idi. Mən dedim ki, getməyək, onsuz da, heç nə verməyəcəklər, yaxşısı budu Parisi gəzərəm, Notrdam kilsəsinə baş çəkərəm. Amma dedilər ki, yox, getməliyik, çünki bu filmə Qran-pri veriblər. Nə isə, təqdimatdan sonra şərab alıb getdik o kilsəyə, qar dənələri altında tikilinin möhtəşəmliyi əlavə əsrarəngizlik qazanmışdı. Möcüzəli anlar idi...

- Filmin istər televiziya, istərsə də böyük ekranda az nümayişinin səbəbi sizə bəllidimi?

- ...Deyə bilmərəm, nəyə görə az-az nümayiş olunur... Ümumiyyətlə isə hesab edirəm ki, "Yarasa" televiziyada heç göstərilməməlidi, göstərilsə də gecə saat 12-dən sonra görstərilməyi məqsədəuyğundu. Bu film kinoteatr nümayişi üçündü.

"Yarasa" 20 il ərzində Avropada yaddan çıxmayıb. Keçən il Avstriya festivalında nümayişlənib, ondan əvvəl Lokarna festivalında da göstərilib. Yəni kino tarixi ilə bağlı hansısa layihədə mütləq xatırlayıb yer ayırırlar.

Mən institutu bitirəndə elə bilirdim ki, həyatımın ən gözəl dövrünü artıq yaşayıb qurtardım. Sən demə, ən gözəl dövr hələ irəlidəymiş. Təbii ki, çəkiliş prosesində festivallar, uğurlar haqqında nəinki düşünmürdüm, heç ağlıma da gətirmirdim. Sadəcə, ilk filmimin həzzini yaşayırdım. Amma belə bakirə həzzlər çox vaxt elə birinci filmlə bitir. Sonrakı filmlərdə həmin əhvala düşmək mümkün olmur. Ona görə o dövrü gözəl bir nağıl kimi xatırlayıram...

Samirə Behbudqızı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    iza · 6 Noyabr 2015 10:0610

    Ayaz Salayev Azerbaycani dunya seviyyesinde temsil edecek incesenet xadimlerindendir.Yarasa filmi kinosunaslarin tebirince desek kutle ucun nezerde tutulmayan gozel senet numunesidir.Bu filmi cox beyenirem.

    Cavab yaz
    • Anonim
      Iamie · 16 Sentyabr 23:5000

      Eynənn

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.