Mədəniyyət

"Ulduz"un "Nazik"i Məleykə Ağazadə: "Həyat yoldaşımı çox sevmişəm" - FOTOSESSİYA

31 Avqust 2015 00:03
32 Şərh     Baxış: 18 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Məleykə Ağazadənin Milli.Az-a müsahibəsi.

Uşaqdan-böyüyə elə bir insan yoxdur ki, onu tanımasın, yaxud da filmlərinə baxmasın. Bircə "Doktor dedi ki, yalnız Nazik ona dərmandır" cümləsi yetərlidir ki, tamaşaçıların onun haqda təsəvvürü yaransın. Bəli, o bu gün də bizim 86 yaşlı sevimli "Nazikimizdir". Çünki o bu rola elə möhür vurub ki, nazlı-qəmzəli qadınlara bu gün də "Nazik" deyirlər. O, təkcə filmlərdə yox, teatrda da uzun müddət fəaliyyət göstərib. Bu haqda o özü ətraflı danışacaq. Beləliklə müsahibim dövrünün məşhur teatr və kino aktrisası Məleykə Ağazadədir.

- Məleykə xanım, həyatda hansı sınaqlarla üz-üzə qalmısınız?

- Mən bu gün sadəcə evdar qadınam. Nə "Kleopatra"yam, nə də ki, "Cülyetta". Mən "Nazik"əm. Bütün Bakı məni tanıyır və çox istəyir. İnanın Allaha, yolla gedəndə neçə insan məni saxlayır, şəkil çəkdirir. Tamaşaçılar mənim üçün dua edirlər. Köhnə Tarqovu ilə hərəkət edərkən insanların mənə qarşı olan mehriban münasibətlətini görüb uşaq kimi sevinirəm. Bəzən də kövrəlirəm. Kövrəldən təkcə vəfasız illər deyil, həm də mənə qarşı olan diqqətsizlikdir. Məndən başqa, hamı həm əməkdar, həm də xalq artistidir. Mənim isə heç fəxri diplomum da yoxdur.

- Bildiyimə görə, "Ulduz" filmindən əvvəl bir çox məşhur filmlərdə çəkilmisiniz. Bəs niyə "Ulduz" filmi tamaşaçıların yaddaşında indiyədək daha çox qalıb?

- Bəli, düzgün məlumatdır. Mən "Onu bağışlamaq olarmı", "Var olun, qızlar", "Həyat gözəldir, qardaşım", "Qəribə əhvalat" və s. filmlərdə çəkilmişəm. Bizim xalq komediyanı və komik rolları çox sevir, görünür, ona görə bu gün də "Nazik" onların yadından çıxmır. Bu gün də "Ulduz" filmini göz yaşlarımla izləyirəm. İndi epizodda çəkilənlər özlərini dahi aktyor sayırlar. Çıxıb efirlərdə bəh-bəhlə özlərindən danışırlar. Muxtar Maniyev, Həmidə Ömərova, Nuriyyə Əhmədova 80-dən çox filmə çəkilib, amma özlərinə dahi deməyiblər. Mən həyatda yaşayanlardan danışıram hələ. Dahi bunlardır. Bu gün biri kraliçadır, biri "Kleopatra". Biabırçılıq baş alıb gedir.

- Biabırçılıq deyəndə nəyi nəzərdə tutursunuz?

- Bu gün rejissorlar daha çox serial çəkməyə üstünlük verirlər. Oturub nə yazırlar, onu da çəkirlər. Bunlara bir yol göstərən yoxdur. Bizim milli dəyərlərimiz var, istərdim ki, onlar yaşasın. Hansı seriala baxırsan - aktyorun, aktrisanın əlində bir tapança, bir bıçaq var. Elə bil ki, kriminal respublikada yaşayırıq. Olmaz ki, yaxşı şeyi təbliğ edəsiz? Siz axı uşaqlara pis örnək olursunuz. Sonradan bu kadrlar insanların həyatına həqiqətən də mənfi təsir edir.

- Uzun illər Musiqili Teatrda çalışmısınız. Tərəf-müqabillərinizi bu gün xatırlayıb kövrəlirsinizmi?

- Mən təkcə bu teatrda yox, Opera və Balet Teatrında da çalışmışam.1956-cı ildə Musiqili Komediya Teatrına gəldim. Müharibə illərində də teatrda fəaliyyət göstərirdim. Bu gün mənimlə yaşıd olan, birlikdə çalışdığım insanların çoxu dünyadan köçüb. İndi parıldayan bir çox sənətkarlar sənətə məndən sonra gəliblər. İnsan yaşa dolduqca çox kövrək olur, indi də həmin sənətkarların yoxluğu ilə barışa bilmirəm (kövrəlir).

- Kimlər zəng edib sizi axtarırlar?

- Vallah, desəm ki, sənət yoldaşlarımın hamısı zəng edir, yalan olar. Ümumilikdə götürəndə zəng edənlər arasında jurnalistlər üstünlük təşkil edirlər. Bu günlərdə Nuriyyə Əhmədova zəng edib, maraqlanmışdı. O çox yaxşı insandır, Allah ona şəfa versin. Onunla 10 il sərasər "Kinoklub"da birlikdə çıxış etmişik.

- Yaşayışınız necədir?

- Çox yaxşı yaşayıram. 86 yaş nədir ki? Evdə oxuyuram, özüm üçün oynayıram. ("Qubanın ağ alması" mahnısını oxumağa başlayır) Bu mahnını çox sevirəm, çünki mən özüm də qubalı qızıyam. Təzyiqim var deyə çölə çıxa bilmirəm, özümə lazım olan nəyisə zəng edib sifariş edirəm. İki oğlum var, mənim üstümdə əsirlər. Mən bu cür övladlar böyütmüşəm. Məşhurların hərəsinin bir övladı var, görürsən ki, düz yolda deyillər. Mən həmişə ailəmi əsas tutmuşam, sənət həmişə ikinci planda olub. Hər bir insan bu yaşa çatmır. Bunu da mənə Allah nəsib edib. İndi görürsən ki, cavan uşaqlar xəstədirlər. Məni görsəniz, 86 yaş yox, 76 yaş verərsiz. Çox yaxşı qalmışam (gülür).

- Məleykə xanım, belə başa düşdüm ki, sənət yoldaşlarınızdan da incimisiz?

- Hamısından yox, amma incidiyim sənət yoldaşlarım var. Bir sənət yoldaşım məni tanımaya-tanımaya bu günlərdə müsahibə vermişdi ki, Məleykə xanım təkcə "Ulduz" filminə çəkilib, sonradan həyat yoldaşı onu işləməyə qoymayıb. O mən deyənlər hansı filmdə çəkiliblər, görəsən? Soruşsan, elə rəqəm deyərlər ki, Bakıda heç o qədər film çəkilməyib (gülür).

- Kim idi o şəxs?

- Adını sizə deyərəm, amma xahiş edirəm, yazmayın. Çünki bu yaşımda istəmirəm kimsə məndən incik düşsün. Halbuki o özü, bildiyin kimi, bir filmdə çəkilib, yaxşı ki, onu da o vaxt kinostudiyada görüb çəkiblər. Yoxsa heç tanınmazdı.

- Həqiqətən, həyat yoldaşınız sizi filmlərdə çəkilməyə qoymurdu?

- Xeyr, biz ailə həyatı quranda o mənə bu cür qadağalar qoymayıb. Sadəcə uşaqlarım çox balaca idi, onları böyütməli idim. "Ulduz" filminə çəkiləndə kiçik oğlumun 4 yaşı vardı. Mən onlarla 3 ay Astarada çəkilişdə oldum. Özü də çox isti havada, qızmar günəş altında çəkilmişik. Səhnədə özümdən iz qoydum, sonra uşaqlarıma baxdım, onları böyütdüm. Bu gün yalnız övladlarım və ailəm mənim yanımdadır. Teatrı atdığıma görə heç heyfsilənmirəm. Çünki 15 il səhnədə yalnız əsas rollarda oynamışam. O rollar ki, onları məxsusi mənim üçün yazmışdılar. Oynadım, xoşunuza gəldim, daha bəsdir.

- Həyat yoldaşınız sizi filmdə görüb bəyənmişdi, yoxsa həyatda? Sizi "Nazik" kimi sevirdi, yoxsa Məleykə kimi?

- O məni, mən də onu çox istəyirdim. O vaxtı mən Asəf Zeynallı adına musiqi məktəbində oxuyurdum, o da rəssam idi. Əla qiymətlərlə oxuyub, yaxşı təhsil almışam. Müəllimim Süleyman Ələsgərov deyirdi ki, ay qızım, sənin bir dənə də olsun 4-ün yoxdur, hamısı beşdir. Gələcək həyat yoldaşımın da bacısı mənimlə oxuyurdu, biz rəfiqə idik. Bir gün bacısının dalınca məktəbə gələndə məni görüb, vurulmuşdu. 56 il onunla çox mehriban yaşamışıq. O rəhmətə gedəndə mən çox ağır günlər yaşadım. İndi "ZAQS"a ərizə verirlər, səhər artıq boşanırlar. Biz bir-birimizdən bezmişdik, amma yaşayırdıq. Təəccüblənmə, zarafat edirəm (gülür).

- "Ulduz" filminin çəkilişində baş vermiş hansı hadisələr bu gün də yadınızdan çıxmır?

- Mənim Hacıbaba Bağırovla tvist oynadığım səhnə, yəqin ki, yadınızda qalıb. Bu səhnə çəkiləndə böyük oğlum çəkiliş meydançasında idi. Kənardan dayanıb diqqətlə bizə baxırdı. Mən oynayanda o da rəqs edirdi. Hər dəfə də oynayıb kadra düşürdü, hər şeyi korlayırdı. Hava da çox isti idi, rejissor məcbur olub bu hissəni yenidən çəkirdi. Üç dəfə "stop" deyiləndən sonra nəhayət ki, bu yer çəkildi. Kiçik oğlum da quyudan su çıxarılan vedrə ilə o qədər su çıxardı ki, vedrə başına dəydi, huşunu itirdi. İki uşaq anası üçün aktrisa olmaq çox çətin idi. Kənardan baxana bu sənət asan gəlir. Bir dəfə də çəkilişlərin birində zəng edib dedilər ki, uşağın yanıb, təcili evə gəl. Bədbəxt hadisə baş vermişdi, uşağım yanmışdı. Həkimlərin köməyi ilə uşağı xilas edə bildik.

- Məleykə xanım, sizi sevənlərə ürək sözləriniz...

- Bu gün bir çoxları məndən inciyirlər ki, niyə efirlərdə görünmürsüz, verilişlərə çıxmırsız? Danışmaq, həqiqətən də, mənim üçün çox çətindir. İndi ancaq efirlərdə şou verilişləri izləyirlər. Kino axı kimin nəyinə lazımdır? Bu dəqiqə at oynadan müğənnilərdir. Əsl sənətə qiymət verən tamaşaçılar da var. Məni unutmayan tamaşaçılarıma öz təşəkkürümü bildirirəm. Oğlum, sizə də uzun ömür, can sağlığı arzu edirəm. Salamat qalın.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.