Mədəniyyət

Bir Hacıbaba Bağırov vardı...

5 İyul 2014 20:06
1 Şərh     Baxış: 5 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıbaba Bağırov yalnız əla aktyor yox, həm də yaxşı dost idi 

Hamının sevimlisinə çevrilmək heç də bütün teatr aktyorlarına qismət olmur. Hacıbaba Bağırov kinoda çox az çəkilib. O, heç bir filmdə baş rol oynamayıb. Amma hər birimiz onu tanıyır, onun rol aldığı tamaşaları sevirik. "Mən həmişə teatra üstünlük vermişəm. Kinodan fərqli olaraq, teatr tamaşaçı ilə canlı ünsiyyətdir. Mən hər dəfə eyni rolda səhnəyə çıxmaqla, onu daha da təkmilləşdirirəm", - deyə Hacıbaba Bağırov müsahibələrinin birində bildirirdi.
 

Bu il iyunun 12-də dahi aktyorun anadan olmasının 82-ci ildönümü tamam olub.

Bütün həyatı - teatr
 

Musiqili Komediya Teatrı hər zaman ikinci dərəcəli teatr sayılıb. O, digər teatrlardan sonra, İkinci dünya müharibəsi ərəfəsində yaradılıb. İlk 20 ildə orada oynanan tamaşaların sayı o qədər də çox olmayıb. Teatr bir neçə dəfə ləğv edilmənin astanasınadək gedib çıxıb. Lakin 60-70-ci illərdə yeni nəslin gəlişi ilə o, liderə çevrilib. Bu teatrın uğurlarına görə borclu olduğu şəxsləri hər kəs tanıyır. Bu, gözəl rejissor Şəmsi Bədəlbəyli, aktyorlar Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Siyavuş Aslan, Bəşir Səfəroğludur. Onlar faktiki olaraq, Musiqili Komediya Teatrını bizim tanıdığımız və sevdiyimiz şəkildə yaradanlardır.
 

...Əslində, H. Bağırov aktyor olmalı deyildi. Gənclik illərində o, depoda maşinist işləyib, daha sonra dəmiryolçu təhsili alıb, lakin 50-ci illərin sonlarında işini ataraq həvəskar aktyor kimi çalışmağa başlayıb. Nəhayət, günlərin birində H. Bağırov Gəncə Dövlət Dram Teatrının aktyorlar truppasına qəbul olub. Bu kollektivdə o, müxtəlif diapazonda rollar ifa edib: Fuad ("Almaz"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Ana") və s. Onun oynadıqları kiçik rollar idi. Aktyorla teatrın bir-birinə uyğun gəlmədikləri ortada idi. Hacıbaba Bağırov layiq olduğu yerə yalnız 1962-ci ildə gəlib çıxıb. Həmin ildən o, nüfuzlu Musiqili Komediya Teatrında fəaliyyətə başlayır. Amma biznesdə olduğu kimi, incəsənətdə də "hər şeyi kadrlar həll edir". Gənc aktyorlardan ibarət pleyada Musiqili Komediya Teatrını tez bir zamanda hamının sevdiyi, əsl xalq teatrına çevirir.
 

Bu işdə böyük rol oynamış şəxslərdən biri məhz Hacıbaba Bağırovdur. Onun 26 il ərzində yaratdığı 50-dən artıq obraz aktyorun əsl gülüş və komediya ustası kimi formalaşmasına yol açıb. Bağırov bir sıra komediya, eyni zamanda, baş rollar oynamaqla, milli mədəniyyətin inkişafına öz töhfəsini verib: Soltan bəy ("Arşın mal alan"), Məşədi İbad ("O olmasın, bu olsun", Üzeyir Hacıbəyov), Orduxan ("50 yaşlı gənc", Zülfüqar Hacıbəyov), Cəbi Cumazadə ("Həmişə-xanım"), Qulam ("Həyətim mənim - həyatım mənim") və s. Doğrudur, H. Bağırov nadir hallarda baş rol ifa edib, amma teatrın gözəlliyi də məhz ondadır ki, çox vaxt Sovetlərə xas olan "əsl qəhrəman" obrazını baş rolla yox, komediya personajı ilə yaddaşlarda həkk edəsən. Hacıbaba Bağırov məhz belələrindən idi.
 

Teatrda qazandığı şöhrət Bağırovun tezliklə televiziyaya da yolunu açır. "Mən həmişə onun aktyorluq istedadının vurğunu olmuşam. Bazar günləri onun AzTV-nin "Səhər görüşləri" verilişində peyda olmasını səbirsizliklə gözləyirdim. Onun televiziyadakı, teatr və kinodakı bütün rollarını maraqla seyr edirdim", - deyə mərhum aktyorun sonuncu həyat yoldaşı Arzu bildirir.
 

Onun çıxışlarını, televiziya reprizlərini bütün ölkə seyr edirdi. Nə səsə, nə musiqi duyumuna malik olan Hacıbaba Bağırovun təbii artistizmi ona mahnıları hamının yadında qalan şəkildə ifa etmək imkanı da verirdi.

Və sadəcə... yaxşı insan
 

"Əlbəttə, nə vaxtsa qarşılaşa biləcəyim ağlımdan belə keçməzdi, - deyə H. Bağırovun xanımı danışır. - Bizi qonşum olan aktrisa Lütfiyə xanım tanış etdi. Onsuz da aktyor kimi onun pərəstişkarı idim. Tanışlıqdan sonra ona insan kimi də heyran oldum. Hacıbaba qadınla çox nəzakətli, centlmencəsinə davranırdı. Xarici görünüşcə xüsusi cazibəyə malik olmasa da, gözəl ürəyi var idi".
 

1996-cı ildə H. Bağırov Musiqili Komediya Teatrının bədii rəhbəri təyin olunub. Əksər komediya aktyorları kimi, H. Bağırov da həyatda ciddi insan idi. Bu üzdən də o, teatra daxil olan kimi, bütün aktyorlar özlərini yığışdırır, zarafatlarını saxlayırdılar. Bununla yanaşı, aktyorlara, onların problemlərinə Bağırov qədər yaxın insan olmayıb. Onların problemlərini həll etmək lazım gələndə o, lazımi şəxslərə zəng etməkdən, çətin vəziyyətləri şəxsən aradan qaldırmaqdan çəkinməzdi. Onun teatra rəhbərlik etdiyi illərdə orada yaşa, təcrübəyə görə üstünlük verilməsi kimi yazılmamış qanunlara daha çox riayət olunub. Əsl artist olan Bağırov aktyorlara nəyin lazım olduğunu yaxşı bilirdi.

Xanım Qafarova, Rəsmiyə Nurməhəmmədova kimi artistləri heç bir şişirtməyə yol vermədən H. Bağırovun yetirmələri adlandırmaq olar. Onun yaratdığı obrazlar bu artistlərin formalaşmasında böyük rol oynayıb.
 

"Teatr onun nəinki ikinci, hətta birinci evi idi, - deyə aktyorun xanımı bildirir. - Onun tez-tez ağır vaxtları olub, pulsuz qalıb. Əvvəlki həyat yoldaşları ilə boşanmış H. Bağırov evlərini onlara verərək, teatrda yaşayırdı. O, belə insan idi.

Deyirlər, insan ölümün yaxınlaşdığını hiss edir. Teatrda danışırdılar ki, onun kollektivdə son sözü belə olub: "Həyat itkilərdən ibarətdir. Bəlkə, görüşmədik...""
 

Şübhəsiz, Bağırovda teatra bu qədər böyük məhəbbət olmasaydı, o, kino sahəsində asanlıqla karyera qura bilərdi. Hacıbaba Bağırov kinoda cəmi 7 rol oynasa da, onların hər biri yaddaqalan olub. Əməkdar artist Suğra Bağırzadə: "Mən "Ulduz" filmini xatırlatmaq istərdim. Çünki o, Bağırovun çəkildiyi ilk film idi. Bu filmin çəkilişi zamanı biz çox ünsiyyətdə olmuşuq".
 

Aktrisanın sözlərinə görə, Bağırov əsasən teatr aktyoru sayılsa da, o, kino çəkilişlərinə son dərəcə tez bir vaxtda uyğunlaşıb, kameranı əla hiss etməyə başlayıb. "Operatorumuz deyirdi ki, Hacıbaba Bağırovu hansı mövqedən çəkirsə-çəksin, onun istedadı özünü büruzə verirdi. Bundan başqa, biz dəfələrlə "Kinoklub" verilişində də çəkilmişik. Kinoda bu cür insanla çəkildiyim üçün xoşbəxtəm", - deyə Suğra xanım bildirir.
 

H. Bağırov özü müsahibələrinin birində "Ulduz" filmindəki rolu haqqında belə danışıb: "Möhsün rolunu səhnədə oynamışdım. Amma operettanın ekranlaşdırılacağını bildikdə çox həyəcanlandım. Çünki bu, kinodakı ilk rolum olacaqdı. Film ekranlara çıxdıqda sanki qanadlanmışdım - ilk dəfə öz ifama kənardan baxa bilirdim. Uğuruma görə Möhsün rolunun mənə çox uyğun gəldiyinə borcluyam".
 

Aktyor İlham Namiq Kamal: "Mən Hacıbaba naturasının görünməyən tərəfi, onun insanlığı haqda danışmaq istərdim. Əlbəttə, o, əla aktyor idi. Amma Hacıbabanın şəxsiyyəti aktyorluğundan da yüksəkdə idi. O, insanları çox sevir, onlarla daim görüşür, söhbətləşirdi; onun ürəyində dostluq himni çalınırdı. O, pisliyi heç zaman yadda saxlamırdı".

"Region Plyus"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.