Mədəniyyət

Ulduzun "Naziki": "Nişan üzüyü olan barmağımla alnıma o qədər döydüm ki..." - FOTO

31 May 2014 14:22
5 Şərh     Baxış: 7 687
Milli.Az xəbər verir ki, azvision.az-ın həmsöhbəti məşhur aktrisa Məleykə Şahmərdanovadır. "Ulduz" filmindən "Nazik" kimi tanıdığımız Məleykə xanım aradan xeyli illərin ötməsinə baxmayaraq, filmdən səhnəciklər göstərməklə zarafatından qalmır. Məsələn, redaksiyamıza qonaq gələrkən "Torqovı"da tvist oynayır, başı keçəl manekenə yaxınlaşıb, "siz dazsınız" deyirdi... Ona "Məleykə xanım, yorulmusunuzsa, skamyada əyləşin" dedikdə isə üzümə tərs-tərs baxaraq, "Nə olsun, 85 yaşım var? Bu dəqiqə elə qaçaram ki, heç sən də mənə çata bilməzsən. Gəl, sən də mənim kimi tvist oyna görüm!" - deyir...

Söhbət zamanı məlum oldu ki, Məleykə xanımın oğullarından biri də jurnalistdir:

- Oğlum Ağazadə Zeynal "AzərTAc"-ın Ukrayndakı xüsusi müxbiridir. Artıq 17 ildir ki, orada işləyir. Hər gün zəng edir. Deyir, "Mama, hər şey yaxşıdır, narahat olma". Bir oğlum isə Azərbaycandadır. Daxili İşlər Nazirliyində polkovnik-leytenantdır.

- Peşələrini özləri seçiblər?

- Hə. Mən nə üçün seçməli idim? Mən seçsəydim, artist olardılar (gülür).

- Deyirsiniz ki, evdə də oxuyub-oynayırsınız. Nəvələr də sizə qoşulurmu?

- Yox, onlar ayrı yaşayırlar axı. Mən tək yaşayıram. Yoldaşım 4 ildir rəhmətə gedib. Artıq oxumuşam, oynamışam, bəsimdir. İndi dincəlirəm. Onlara qurban olaram. Onlar mənim Nobel mükafatımdır. Hamısından razıyam. Onlara görə yaşayıram. İstəyirəm, 300 il yaşayım ki, ölümümü görüb, ağlamasınlar.

- Həyat yoldaşınız kim olub?

- Yoldaşım Fərrux Ağazadə olub. O, mənim üçün bu dünayada ən yaxşı rəssam idi.

- Gününüzü necə keçirirsiniz? Darıxmırsınız ki?

- Əla! Biri zəng edir, danışıb qurtaran kimi o biri zəng edir. Gəlirlər, gedirlər... Özüm düşüb gəzirəm, veyillənirəm. İştahım yaxşıdır. Oturub o ki var, yeyirəm. Sonra da gedib uzanıram.. Xəyallara dalıram... (gülür)

- 85 yaşınız var. Maşallah, heç bu yaşı vermək olmaz. Özünüzü neçə yaşda hiss edirsiniz?

- Mən neçə yaşım olduğunu hiss etmirəm ki. Parkda oturanda yaşlı qadınlar deyirlər ki, oram ağrıyır, buram ağrıyır... Ürəklə deyirəm ki, mən sapsağlamam. Hələ ki, gəzirəm (gülür). Mənim rəhmətlik nənəm 112 il yaşayıb.

- Maşallah, həm də zövqlə geyinirsiz...

- Heç vaxtı bu barədə heç kiminlə məsləhətləşmirəm. Gedirəm, xoşuma gələni alıram. Bir paltardan, rəngdən xoşum gəlmirsə, almıram , nə olsun ki, dəbdir? İndi mini geyinmək dəbdir. Durum mən də mini geyinim? (gülür).

Şəhərdə görürəm ki, altmış yaşında qadınlar nə boyda bədənlə biədəb paltarlar geyinirlər. Bu, kimin üçündür? Mən aktrisayam. Ömrümdə açıq-saçıq geyinməmişəm. Kimin üçündür? Kimə lazımdır? Kimə göstərirəm?

- Axrıncı dəfə 1972-ci ildə "Var olun, qızlar " filminə çəkilmisiniz. Bəs sonradan niyə filmlərdəki rollarınızın davamı olmadı? Həyat yoldaşınız icazə vermədi?

- İlk olaraq onu deyim ki, nəslimizdə heç kimin incəsənətlə bağlılığı olmayıb. Ailənin tək övladı olmuşam. Anam ev qadını olub, atam isə fəhlə işləyib. Kiçik yaşlarımdan pionerlər evinə, xoreoqrafiya məktəbinə getmişəm. 8 yaşımdan ayrı-ayrı rayonlarda, başqa ölkələrdə solist kimi çıxış edirdim. 13 yaşım olanda isə bu cür zəhmətlərimin qarşılığında "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşam. Asəf Zeynallı adına musiqi məktəbinin opera sinifində oxumuşam. Daha sonra Rauf Hacıyevin Dövlət Orkestrində solistlik etmişəm. 1956-cı ildə Musiqili Komediya Teatrı açıldı. Oradan teatra getdim. 40-a yaxın tamaşada oynamışam.

Sonra uşaqlarım oldu, yoldaşım da həmişə hirsənirdi işimə görə. Uşaqlarıma, ailmə görə 1963-cü ildə teatrdan uzaqlaşdım. Amma kinolarda çəkilirdim.

Düz deyirsiniz , axırıncı dəfə 1972-ci ildə "Var olun qızlar "filminə çəkilmişəm. Axı sonralar nəinki film, adi serial çəkilişləri də olmurdu. İndi çəkilən seriallarda guya nə çəkilir ki? Bu onu qısqanır, o bunu qısqanır, 4-ü birini sevir, biri 5-ni sevir. Bu, filmdir ki? Kimin yadında qalacaq axı?

- Qasrtrollara gedirdinizmi?

- Yox, qastrollara getmirdik. Ancaq ailəmlə çox ölkələri gəzmişəm. Xoşum gəlirdi Latviya , Estoniya, Litvadan - çox sərin ölkələrdir. Burada isti olanda ora gedirdik.

- Yoldaşınızla necə tanış olmuşdunuz?

- Aktyora gedəsi deyildim ki. Biz işləyəndə aktyorlar aylarla maaş almırdı... Mənim elə yoldaşım olsa, qolundan tutub qovardım (gülür).
Rastlaşdıq da...

- Heç sizin şəklinizi çəkibmi?

- Mənim evdə elə portretlərim var ki, uşaqlarım deyir, ana, sənin heç bir şeyin olmasa da, iki dənə portretin bəsindir. Bir portretdə guya mən kraliçayam, uzun donda, bağın içində uşaqlarımla birgə çəkib.

- Filmlərin çəkilişi ilə bağlı maraqlı xatirələriniz olmamış olmaz...

- "Ulduz" filminin çəklişi zamanı Çingiz 4, Zeynal isə 5 yaşında idi. Uşaqları da özümlə birgə rayona aparmışdım. Tvist oynadığım səhnənin çəkilişi gedəndə Zeynal mənimlə birgə oynamaq istəyirdi. Rejissorda hər dəfə uşaq yaxına gələndə "stop" deyirdi. Buna görə də məcburən uşaqları çəkiliş meydançasından uzaqlaşdırdılar. Elə bir az keçmişdi, bir də gördüm ki, Çingizi dodağı göyərmiş halda gətirdilər. Sən demə, gözdən yayınan uşaq zəncirə bağlanmış vedrəni artezian quyusuna atanda dolama çarx fırlanıb ona dəyib. Bunu görən Məleykə dözə bilər?.. Elə ağladım ki... Bax, belə şəraitdə işləyirdik biz.

"Onu bağışlamaq olarmı" filmi çəkilin zaman isə oğlum Çingiz 9 aylıq uşaq idi. Çəkilişləri gecə edirdik. Çünki gündüzlər teatr var idi. Deməli, xəstəxanada Sevdanın gözünün əməliyyat olunması səhnəsi çəkilirdi. Birdən zəng vuruldu ki, Məleykə təcili evə gəlsin. Getdim evə, gördüm ki, evin qarşısında Təcili Tibbi Yardım maşını dayanıb. Çingizin temperaturu qalxıb, özündə deyil. Həyəcandan nişan üzüyü olan barmağımla alnıma o qədər döydüm ki... Xeyli ağladım... Sonra gecə ikən birtəhər çəkilişə geri qayıtdım. Filmin həmin səhnəsində də ağlamalı idim. Çəkiliş başlayan kimi gözümdən bir yaş gəldi ki... Hökumə Qurbanova dedi, "sən necə ağlayırdın, afərin". Dedim, "filmə görə ağlamıram e, uşağım xəstədir, ona ağlayıram". Bax belə zülümlə çəkilirdik.

- Kişi həmkarlarınız deyirlər ki, vaxtilə qızlardan ibarət fanat ordusu onlara xeyli məktublar yazıb... Bəs sizə necə, kişi fanatlar məktub yazırdı?

- Gopa basırlar. Mənə bir kişi baxıb o da elə getdi... (gülür)

- Rəssamların həyat yoldaşları həmişə uğurlu əsərlərin ilham mənbəyi olub. Bəs siz Fərrux bəyin hansı əsərinin yaranmasında yardımçı olmusunuz?

- Necə dəstək olmalıydım ki? İstedad varsa, kiməsə dəstək lazım deyil. Şəkil çəkəndə qətiyyən yanında durmurudm. Çəkmək, yaratmaq ürəkdən gəlməlidir.

- Özünüz də danışdınız ki, filmlərin çəkilişi zamanı necə çətinliklərdən keçmisiniz. İndi də həmin filmlər ən baxımlı kinolarımızdır. Bəs bu əziyyətlərinizin qarşılığını gördünüzmü?

- 4 il bundan qabaq qonşumuzun oğlunun toyunda oynayırdım. Əbülfəs Qarayevin birinci müavini Ədalət Vəliyev mənə yaxınlaşıb dedi ki, siz xalq artistisiniz, Məlyekə xanım? Dedim, yox, mən evdar qadınam. Heç bir ad verilməyib. Dedi, hə, sizə ad verəcəyik. 4 il keçib hələ də tapa bilmirlər o adı ki, mənə versinlər (gülür).

Əvəzində məni xalq sevir, küçədən keçəndə gəlib qucaqlayırlar. Bu sevgi bütün adlardan dəyərlidir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Gunew · 31 May 2014 14:3600

    Heyif Sizden.Gerek uzden iraq wou biznes numayendeleri kimi Nazirliyin qapisinda ruwvetler odeyesiz ki adiniz ad verenlerin yadina duwsun

    Cavab yaz
  • Anonim
    Anar · 31 May 2014 16:4000

    Mən bir ara Məleykə xanım haqqında məlumat almaq istəyirdim, təəssüf ki, onun haqqında internetdə heç bir məlumat tapa bilməmişdim.Nə gözəl ki, azvision aktrisamızı tapıb.Yəqin ki, bundan sonra bir sıra telekanal və KİV lər sənətkarımıza diqqət ayırar.Az.vikipedia.org dakı səhifəsində də heç bir məlumat yazılmayıb.

    Cavab yaz
  • Anonim
    Leyla · 31 May 2014 16:4200

    Meleyke xaniim sizi cox sevirik,obrazlarinizda yaddaslarda qalib hecde ozunuze derd elemeyin.Doktor dedi ki yalniz Nzik ona dermandir ,ele hey dilimizde ezber olmusdu.Allah size can saqliqi versin birinci novbede.Amin

    Cavab yaz
  • Anonim
    Nigar · 3 Fevral 2016 19:4600

    Meleyke xanim kimi Korifeylere sagliginda qiymet vermek lazimdir.

    Cavab yaz
  • Anonim
    Nigar · 3 Fevral 2016 19:4700

    Meleyke kimi korifeylere sağ iken qiymet vermek lazimdir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.