Mədəniyyət

Muxtar Maniyev: "Danışa bilmirəm, gözümdən yaş gəlir..." - FOTO

31 Mart 2014 14:38
2 Şərh     Baxış: 4 999

"Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam, lazım olanda çağırıblar, gedib çəkilmişəm"

Azərbaycan kinosunun ağırlığını illərlə çiyinlərində daşıyan bir aktyor var - xalq artisti Muxtar Maniyev.

Səsi, siması, nəfəs verdiyi rollar evimizin vədəsiz qonağı olub, bütöv bir nəsil onun çəkildiyi filmlərlə böyüyüb. İndi 80 yaşın astanasındadır. Necə deyərlər, sıxılıb bir ömrün son limanına, şəkərin nazı ilə oynayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Muxtar müəllim sırası seyrələn, xeyir-duasına həmişə ehtiyac duyulan korifey sənətkarlardandır. Özündən soruşsanız, deyəcək, həmişə başımı aşağı salıb işimi görmüşəm, çəkildiyim filmlərin sayı ilə maraqlanmamışam. Amma təsəvvür edirsinizmi: nə az, nə çox, düz 157 filmdə rol alıb. Özü demiş, bu, təkcə rol almaq deyil, həmin obrazları yaşatmaqdır, onların yolunda can qoymaqdır.

Onu ikinci dərəcəli rolların ustası kimi tanısalar da, milli kinomuzda az sayda baş rolda oynayıb ikinci dərəcəli obrazlarla bu qədər yadda qalan qəhrəmanlar yaradan başqa aktyor təsəvvür etmək çətindir.

Qoy hər şeyi özü danışsın. Məsələn, danışsın ki, kefi necədir? Kinodan ayrı düşmək, şəkərin qədərindən artıq şirinliyi kefinə soğan doğramayıb?! Baş rolda Muxtar Maniyevdir...

- Desəm, çox yaxşıyam, vallah, yalan olar. Həyat yoldaşımın sayəsində yaxşıyam. O, məni qoruyur. İnan, həkim dərman yazan kimi yoldaşım bilir hansı aptekdə hansı dərman var. Qız qalasının yanında təbii dərmanlar satılan bir aptek var, gedib ordan alır, bütün günü məni güdür ki, görüm, vaxtı-vaxtında qəbul edir, ya yox?! Bu xəstəlik də belədir: dərman içməsən, yalan sözdür ki, sağalacaq. Uşaqlarım da böyüyüblər, hamısının əli çörəyə çatıb, iş-güc sarıdan çətinlikləri yoxdur. Çölə-bayıra çıxmağa yoldaşım mane olur. Deyir, yıxılarsan, bir iş çıxar. Həqiqətən, bizim ailədə belə şeylər olub. Anam yıxılmışdı, heç nə yox, ayağı sınmışdı, elə o sınıqdan da rəhmətə getdi. Ona görə, gözümüz qorxub. Şəkər xəstəliyi bizim nəsildə olub, indi mən də ondan əziyyət çəkirəm. Atam da, anam da - hər ikisi şəkərdən əziyyət çəkiblər.

- Ömürboyu səfərlərdə, çəkilişlərdə olubsunuz. Evdə darıxmırsınız?

- Bilirsən, mən bekar dayanan adam deyiləm. Kitab yazıram, başqa işlər var, onlarla məşğul oluram. Özüm-özümə iş tapıram. Ona görə, yox, darıxmıram.

- Demək, xatirələrinizi yazırsınız. Kitab nə yerdədir, istərdim bir az bu haqda danışaq.

- Ondan danışa bilmərəm. Niyə? Çünki gərək tamamlayam, ortalığa çıxaram, sonra rahatlıqla söhbət edək. Bir işə başlayanda, onu başa çatdırmamış danışmağı sevmirəm. O qədər material var. Amma heç yerə vermirəm ki, tamam-kamal başa gəlsin, kitabı ələ götürən adam desin, hə, bax, əhsən, bu, Muxtarın cümləsidir.

- Neft-Kimya İnstitutunu bitirəndən sonra kino təhsili almısınız. Neftlə kinonu nə bağlayırdı?

- Biz altı qardaş olmuşuq. Atam rəhmətlik bir-bir tapşırmışdı ki, kim hansı institutda oxuyacaq. Bizim boynumuzda haqq olub: atamızın sözündən çıxmayaq! Atam görkəmli, əzəmətli kişi idi. Ona görə, çalışmışam, qardaşlarımın dəstəsindən kənarda qalmayım, oxuyum, bir tərəfə çıxım. Görünür, taleyin işidir də, adamın canında nə istedadı varsa, yol açır ki, sən bu işlə məşğul ol.

- Azərbaycan kinosunda 157 filmdə rol alan neçə aktyor var?

- Vallah, deyə bilmərəm. Qorxuram yalan danışam.

- Amma özünüzün 157 filmdə çəkilməyinizdən xəbəriniz var?

- İnan, yox, səndən eşidirəm. Vallah, həqiqətən bilmirəm.

- Kino tənqidçiləri yazır ki, Muxtar Maniyevin konkret ampluası yoxdur...

- Hə, bu, aktyorun imkanlarının genişliyi deməkdir. Mən xoşbəxt adamam ki, heç vaxt özümü məhdudlaşdırmamışam. Filan rolda oynaya bilərəm, o birində yox deməmişəm. Qətiyyən! Hansı rol təklif olunubsa, oynamışam. Pis olub, yaxşı olub, onu siz deyə bilərsiniz.

- Oynamaq istədiyiniz rollar qalıb?

- Olub, o qədər olub ki... Sonra gördüm, yox, bu xam xəyaldır. Baxma, təklif olunan rolları geri qaytarmamışam, elə rollar var, onun konkret adamı olur. Ürəyim istəyib, nə olsun, ürək istəməklə deyil axı. Gərək öhdəsindən elə gələsən, alnı açıq olasan.

- Azərbaycan kinosunun bugünü necədir? Gedişatı izləyə bilirsiniz?

- Sizə bir şey deyim: mən heç vaxt kinostudiyanın rəhbər işlərinə qarışmamışam. Mənə tapşırılan işi yüz faiz yox, yüz əlli faiz yerinə yetirməyə çalışmışam. Amma kinostudiyanın inkişafı üçün əlimdən gələni heç vaxt əsirgəməmişəm. Mən çox şadam ki, bu gün kinostudiyanın rəhbərliyi kinomuzun inkişafı üçün çalışır, əlindən gələni edir. Belə şeyləri görəndə, eşidəndə ürəyim dağa dönür. Bilirsiniz, bu böyük nailiyyətdir və kinostudiyanın içində olan, kinoya bağlı olan adamlar bilirlər ki, kinostudiya necə böyük addımlarla irəli gedir. O binaya təsadüfi adamlar çox gəlib-gedib. Amma işi bacaran, kinoya can yandıran adam bir başqadır. İnanıram ki, kinostudiyanın direktoru Müşfiq Hətəmov bu işləri gələcəkdə də davam etdirəcək. Mən cavan aktyorların püxtələşməsinə, təhsil almasına həmişə kömək etmişəm. İndi də cavanlara əl tutan, onlara kömək etmək istəyənlər var.

- Bəs sizin əlinizdən kim tutub?

- Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam, lazım olanda çağırıblar, gedib çəkilmişəm. Belə deyim də: əlimyandı məqamda yada düşmüşəm. Təsadüfən çəkildiyim o qədər filmlər olub ki. Deyiblər, yox, bu Muxtarın roludur, bunun öhdəsindən ancaq o gələ bilər.

- Sənət dostlarınızdan ən çox kimlər üçün darıxırsınız?

- Darıxdığım o qədər adam var. (Kövrəlir). Onların yeri görünür, çox görünür...

- Ən çox kimlərlə oturub-durubsunuz?

- Demək olar, hamı ilə yoldaşlıq etmişəm, hamının karına gəlmişəm. Kinostudiyada boş yerə dostluq etməyinə dəyməz. Kinoya, sənətə gərək can yandırasan, hamının işinə yarayasan. Mən hamının xeyrinə-şərinə yaramışam.

- Muxtar Maniyev dövlətin diqqətindən razıdır?

- Dövlət mənə xalq artisti adını verib, ev bağışlayıb, prezident təqaüdü alıram. Sağ olsunlar, həmişə diqqət göstəriblər, hörmətimi saxlayıblar. Nazir Əbülfəs Qarayev xətrimi çox istəyir. Mənim də ona hörmətim böyükdür, gördüyü işləri yüksək qiymətləndirirəm. Bilirsən, adamın xətrini elə belə çox istəmirlər ki. Nə də qara gözümə, qara qaşıma aşiq deyillər. İşimi həmişə vicdanla yerinə yetirmişəm, kinonun qabağa getməsi üçün nə bacarmışamsa, onu da etmişəm. Bir işi mənə tapşıranda, burnumdan qan açılsaydı da, çalışırdım onu axıra çatdırım.

- Sizi çox yormaq istəmirəm. Sonda nə demək istəyərdiniz?

- Özünüzdən muğayat olun, bir-birinizin qədrini bilin. Bircə arzum var: Allah mənə imkan versin, ürəyimdə olan filmlərə çəkilim. (Kövrəlir). Köhnə vaxtları, çəkildiyim filmləri yadıma salanda... Hamısının üstündə əsmişəm, canımı qoymuşam. O qədər filmlərə çəkilmişəm, indi hamısı gözümün qabağındadır, danışa bilmirəm, gözümdən yaş gəlir...

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Sami · 31 Mart 2014 15:4500

    Allah shefa versin Size Muxtar muellim...

    En chox yadimda qalan " Bizim Cebish muellim" filmindeki rolunuzdur...

    Cavab yaz
    • Anonim
      Anonim · 3 Aprel 2014 13:5500

      duzdu cox gozel oynamisiniz allahdan sefa dileyirik size tt sumqayit

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.