Mədəniyyət

Azərbaycanlı aktrisa və teleaparıcı: "Çox tez ailə qurduğumdan..." - FOTOSESSİYA

21 May 2013 02:00
0 Şərh     Baxış: 2 853
Aktrisa və teleaparıcı Flora Hüseynovanın Milli.Az-a müsahibəsi.

- Flora xanım, oxuculara özünüzü necə təqdim edərdiniz?

- Çox sadə - Flora Hüseynova. Məncə, sadə təqdimat daha yaxşıdır.

- İxtisasca aktrisa, hazırda isə mədəniyyət mərkəzlərindən birinin direktoru, telekanalların birində aparıcı kimi tanıdığımız Flora xanımı ara-sıra müxtəlif seriallarda da görürük. Bu qədər işi necə çatdırırsız?

- Əslində gördüyün, məşğul olduğun işin çoxluğu problem deyil, əsas bu işləri hansı əhval-ruhiyyə ilə yerinə yetirməkdir. Mən bu sadaladığınız işlərin hamısını sevə-sevə həyata keçirirəm, ona görə də vaxtımı düzgün bölüşdürə bilirəm. Yetər ki, insan işini sevsin. Bilirsiniz, ümumiyyətlə, mən sevmədiyim, istəmədiyim heç bir işlə məşğul olmaram. Uşaq vaxtından beləyəm. Məni heç nəyə məcbur etmək mümkün deyil.

- Gənclər sizi daha çox sevir. Özünüz də münasibət saxlamaqda və xasiyyətinizdə çox gəncsiniz. Sizi gəncləşdirən nədir və ya nələrdir?

- Bax indi verəcəyim cavabı olduğu kimi yazarsınız. Mən çox tez ailə qurduğumdan gənclik dövrüm övladlarımın böyüməsinə həsr olundu. Belə düşünürəm ki, mən gənclik dövrümü indi yaşayıram. Ola bilsin bu, bir səbəbdir. Bilirsiniz, bu sualı mən çox tez-tez eşidirəm. Digər bir səbəb də ruhdur. İnsanın ruhu necədirsə, yaşı da odur. Demək ruhum gəncdir. Qaldı ki, gənclərin məni sevməyinə, bu qarşılıqlıdır. Mən də gəncləri həm başa düşməyə çalışıram, həm də hər gənci yox, istedadlı, zəhmətkeş, dünyagörüşlü gəncləri çox istəyirəm və onlarla qürur hissi duyuram.

- İlin əvvəlində bir qrup gəncə xüsusi diplom və mükafatlar təqdim etdiniz. Necə oldu bu fikrə gəldiniz və həmin 10 gənci necə, hansı kriteriyalara görə seçdiniz?

- Düzdür, çox möhtəşəm bir tədbir keçirtdik. Uzun illərdir bir çox təqdimat tədbirləri keçirdirlər fikir vermisinizsə. Hər dəfə də eyni insanlar, nə qədər olar, belə qeyri-obyektivlik olar? Məgər onlardan başqa istedadlı gənclərimiz yoxdur? Bax bu tədbiri keçirtməklə sübut etdik ki, bizim həddindən artıq istedadlı gənclərimiz var ki, onlar gələcəkdə bizim mədəniyyət tarixində silinməz iz qoyacaqlar. İlin bəstəkarı seçilən Tural Bakuvi, ilin mügənnisi Rəmal Rəsul, bu gənclərin istedadı və yaradıcılığı göz qabağındadır. Onların bizim incəsənətdə xüsusi yerləri var. "Sonun başlanğıcı" filminin rejissoru Samir Qulamov ilin rejissoru. Bu film indiki seriallar içində ən baxılan filmdir. Bilirsiniz, məncə, belə tədbirlərə bir az başqa aspektdən yanaşmaq lazımdır, obyektivliyi qorumaq və əsl istedadları üzə çıxartmaqdan ötrü.

- Bir az tələbəlik və məzun olduqdan sonrakı illərə qayıdaq...

- Bəlkə də, qəribə gələcək sizə, mən keçmişi unutmuram, amma bu günümlə yaşayan insanam, sevmirəm nostalji hisslərə köklənməyi, reallığı sevən insanam, olmuş və ya olacaq bir şeylərin xəyalı ilə yaşamaq məni depressiyaya salır, yəni bu sualınız cavabsız qaldı, inciməyin.

- Tez-tez sizin çox maraqlı yazılarınızı oxuyuruq. O yazılarınızı bir yerə toplamağı, kitab halında çap etdirməyi düşündünüzmü?

- Sözün düzünü desəm, bu barədə çox da ciddi düşünməmişəm. Çünki mən nə isə yazanda bu mövzu mənim beynimə girib, məni rahat buraxmır deyə, yazıram, sosial şəbəkələrdə paylaşıram. Əslində yazdıqdan sonra bu mövzü beynimdən çıxır deyə, rahat oluram. Bilmirəm, bəlkə, nə vaxtsa toplayacam onları bir yerə. Amma o vaxt indi deyil.

- Televiziyada işləriniz necədir? İncə Sənətin incəliklərinə vararaq tamaşaçılara nəyi çatdıra bilirsiz?

- İncə sənət verilişi, bəlkə də, mənim üçün bir könül, qəlb rahatlığı gətirən bir verilişdir. Çünki bu verilişdə çox maraqlı sənət adamları ilə sənətdən söhbət edirik. Qalmaqal deyil, kiminsə şəxsi problemi deyil, sırf sənətlə bağlı söhbətlər. Mənə elə gəlir ki, tamaşaçılarımız çox maraqlı söhbətlərin şahidi olurlar. Axı bizim xalqımız tək şou xarakterli verilişləri deyil, intellektual verilişləri də dəyərləndirməyi bacarırlar.

- Uzun illərdir ki, mədəniyyət mərkəzində direktor kimi fəaliyyətdəsiniz. Aktrisa və idarəçilik bacarığı zərif bir xanımda necə toplanıb?

- İdarəçilik bacarığı illərlə qazanılan təcrübənin nəticəsidir. Əvvəllər düşünürdüm ki, çox yumşaq xarakterli bir rəhbərəm, amma, sən demə, elə deyilmiş. Bu professionalizmdir ki, illərlə insanda formalaşır, həm humanistsən, həm tələbkar. Desəm ki, çox asandır, düz olmaz, desəm ki, çox çətindir, o da düz olmaz. Sadəcə, rəhbərlik etmək necədirsə elədir. Yaradıcılıq tam başqa aləmdir, aktrisa olmaq vergidir, bunu ya bacarırsan, ya da ki yox. Bunu insana universitetdə öyrətmək olmaz, sadəcə, yönləndirə bilərlər. Hansı məqamda, hansı reaksiyanı vermək daxilin hiss etdiyi bir duyğudur. Amma deməzdim ki, asandır. Ümumiyyətlə, mənim nəzərimdə heç bir iş asan deyil. Hər sənət zəhmət, əmək tələb edir. Bunun üçün, sadəcə, istedad və arzu olmalıdır.

- Flora xanımdan başqa nə yeniliklər gözləyək?

- Bax bunu deyə bilmərəm, çünki yaradıcı ruhlu insan sabah nə edecək onu dəqiq deyə bilməz. Bu proqnozlaşdırılmır. Ona görə də dəqiq nələrin olacağını deyə bilmərəm. Amma mütləq nə isə maraqlı bir şeylər gözləyin nə qədər ki, həyat var...

Səyavuş Əlizadə
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



















loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.