Mədəniyyət

Siyavuş Aslan: «Mən Ofeliyanı çox istəyirdim, lap çox ... gərək o, mənimlə belə etməyəydi»

30 İyul 2010 10:01
Baxış: 15 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Kaş elə onda Allah Ofeliyanı da, məni də aparaydı"


- Siyavuş müəllim, sizə telefon açanda xəstə olduğunuzu dediniz, nə xəstəlikdi elə?

- Xəstəlik deyəndə ki, indi təzə xəstəliklər əmələ gəlib. Kimin səhhəti bir az korlanırsa, xəstəlik həmin adamlara tez baş çəkir. Bilmirəm, bu vaxta qədər xəstəlik məndən əl çəkməyib. Yoldaşım da dəqiqəbaşı xəstələnirdi, dəqiqəbaşı pis olurdu. Biz bunu biruzə vermirdik. Onun halı məni daha tez xəstələndirdi. Yavaş-yavaş rəhmətə getdi, sakitlik əmələ gəldi, yoxdu artıq...

- Hansı sakitlik?

- Bu sakitlik Ofeliya ilə mənim aləmimdə əmələ gəldi. Biz heç nədən hirslənirdik, dava edirdik. Amma əlbəttə bunun bizə xeyri olmadı, kaş elə əvvəldən bizə nəsə bir şey olaydı. İndi, Allahın köməkliyi ilə olmadı da.

- Nəyin olmasını istərdiniz?

- Mən yola vermirdim də onu. Onunla mənim aramda mütləq söz-söhbət olurdu, yola getmirdik. Hər hərəkəti, hər sözü-söhbəti məni tuturdu. Çünki mənim əhvalım həddindən artıq xarab olurdu. Elə danışırdıq boş-boşuna. Kaş elə onda Allah bizi aparaydı, Ofeliyanı da, məni də...

- Əhvalınız nədən pozulurdu?

- Bilirsiz, bu, teatr aləmidir. Teatr aləmində gərək həddən artıq sərbəst olasan, sakit olasan. Amma bizdə alınmırdı da. Biz heç nədən "xəstələnirdik", heç nədən yola getmirdik... (başını aşağı tutub, ağlayır..).

- Bizdə belə bir misal var, deyir: "iki qoçun başı bir qazanda qaynamaz".

- Bəli. Amma onun bizə dəxli yoxdur. Qoçuluq, bizim aləm üçün deyildi. Çünki biz sakit aləmə öyrəşmişdik. Hər şeyi sakit həll edirdik. Amma bilirsən, elə olurdu ki, o ələmdə sakitlik pozulurdu. Mən indi demərəm ya o tərəfdən, ya mən tərəfdən, ümumiyyətlə, ikimizdən birimizdə hallar dəyişirdi. Əhvalatı düz başa düşmürdük, ya mən, ya o, düz istiqamətdə getmirdik.


"Ofeliyanın yoxluğu onun nə qədər dəyərli, sevimli olduğunu düşünməyimə imkan verdi"




- Siyavuş müəllim, bir-birini sevən ailə idiniz. Heç düşünmədiniz ki, görəsən, sözünüzün bir-birinizə xoş gəlməməsi nədən olur?

- Mən inana bilmirəm ki, kimsə bizə təsir eləsin və kiminsə təsirinə uyaq. Bu, olmurdu. Çünki müəyyən şeyləri çox yaxşı anlayırdıq. Bu anlaşılmazlıq necə olurdu, mənim başım çıxmır. Bir də görürdün qanı qara gəlirdi ki, sən niyə flan yerdə bu sözü demisən. Axı mən onu o niyyətlə deməmişəm. Düzdür, demişəm, amma o niyyətlə yox. Deyirdim ki, ay qız, axı sən bilirsən ki, bunu sənin yanında niyə deyiblər. Bəlkə istədiklərini ala bilmək üçün deyiblər. Bizim də aləm elə idi ki, uyurduq da, aktyorlar böhtana uyurdu, gözəlliyə uyurdu, bir-birini nə bilim, bəyənməməyə, nə bilim başqa şeylərə... Başlayırdı ki, bu, belə deyil elədir, sən gərək belə etməyəydin. İndi mənim zənnimcə, o şeylərə qayıtmaq lazım deyil, istəmirəm. Çünki olan olub, o, bu saat haqq dünyadalır, mən isə nahaq dünyada.


"Heyif olsun o günlərə ki, mənasız, sevgisiz keçib getdi"


- Yəqin ki, indi çoxlarını bir sual düşündürür: görəsən Siyavuş Aslan Ofeliyasız özünü necə hiss edir, rahatdırmı evində, aləmində yaranan sakitlikdən qorxmur ki?

- Yox, onu da deyim ki, mənim halım çox dəyişdi. Mən həqiqətən o qızın xətrini çox istəyirdim. Lap çox... Bilirsən, bəzi şeylər olurdu, nə bilim nələr, onu o qədər üzə vurmurdum. Elə keçirdim, gedirdim, deyirdim əşşi, qadındır, olar. Amma indi görürəm ki, o dövr artıq yoxdur, bitdi. Məsəlçün, vaxtında oturmaq, o günü bəyənməmək, nələrəsə hardasa ikrah hissi ilə, pis baxmaq, pis fikirdə olmaq var idi. Amma bunlar hamısı keçmişə dönüb, geridə qaldı. İndiki həyatda onlardan heç nə qalmayıb, heç bir şey. Bizim aləmdə elə olub ki, biz bir-birimizi qısqanmışıq da. Amma görün ki, bunlar boş imiş sən demə. Kaş ki, belə olmayaydı, kaş ki... Mən arzu eləyirəm ki, bütün gənclər özlərindən muğayət olsunlar (gözləri dolur, hıçqıra-hıçqıra danışır...).
Heyif olsun o günlərə ki, o günlər mənasız, sevgisiz keçib gedir. İnsanlar öz günlərinin qədrini bilsələr yaxşıdır, qiymət versələr o günlərə yaxşıdır. Bilirsiniz, hər yerdə, hər ailədə söz olur, söhbət olur. Olur ki, bir-birinə qovuşmaq, bir-birini sevmək, istəmək, insana hardasa bir dəfə verilir... (Yenə də hönkürüb ağlayır) ... Mən, indi baxıram, görürəm ki, o günlər keçib gedib. Amma yenə o günləri yada salıram, yenə də qısqanmıram, deyirəm ki, axı burda nə vardı? Nəyə görə?... Bunlar hamısı boş-boşuna imiş... İndi də bu fikrlərlə yaşayıram.

- Siyavuş müəllim, sakitləşin, çayınızı için.

- Eybi yoxdur. Həyatdır də ...


"Həyatımız çox hədər başladı, hədər də getdi"



- Əlbəttə ki, bunlar taleyin sizə yazdığı kədərli notlardır. Amma kim bilir, bəlkə illər ötəcək, Ofeliya Aslanla Siyavuş Aslanın birgə ömrünün həyat səhifələri bir məhəbbət dramı kimi yenidən yazılacaq...

- Ümumiyyətlə, həyat çox hədər başladı, hədər də getdi. Gərək biz həyatın qiymətini əvvəlcədən biləydik. Amma əfsuslar olsun ki, biz bunu bilməmişik. Bilməmişik ki, axı bu həyatdır, bizim hərəkətlərimiz bu həyata qarşı çıxmaqdır. Arzulayardım bütün gənclərə ki, onlar belə-belə boş şeylərdən uzaq olsunlar. Həmişə bir-birinə can deyib, can eşitsinlər. Bizim görün nə cür qəşəng günlərimiz olub. İstər-istməz Azərbaycan sənətində sevənlər, istəklilər, bir-birinə yaxşı hörmət olub. Amma biz... Axı biz başqa millətdən deyildik ki, elə adamlarıq ki, həmişə irəlidə olmuşuq. Əfsus ki, bizləri heç nəyə görə oynadıblar. Avara olmuşuq.


"Teatr aləmi sevgimizə və bizə düşmən oldu"


- Siyavuş müəllim, indi siz danışır, həm də itirdiyiniz o gözəl vaxtlara ağlayırsınız. Bəlkə də siz çoxlarının ola bilmədiyi qədər xoşbəxt idiniz və bəlkə də bu gün öz gələcəyini quranlar üçün bir özünüdərk yeri ola bilərsiniz.

- Əlbəttə. Biz də yaxşı ailə idik, özü də bir-birimizi istəyirdik. Əfsuslar olsun ki, nəyəsə uyduq, bir-birimizdən ayrı düşdük, mən istəmişəm ki, həmişə bir yerdə olaq, amma ola bilmədik. Onu da deyim ki, Ofeliya elə olmayıb ki, məni elə vəziyyətə salsın ki, onu qısqanım, biz həmişə bir-birimizi çox istəmişik. Nə isə teatr aləminə girişəndən, oynayandan sonra bizim öz oynadığımız materiallar bizə düşmən oldu. İstər-istəməz bizdə belə fikir formalaşdırdı ki, biz qısqancıq, nə bilim nəyik. Axı biz elə deyildik...

- Siyavuş müəllim, sizin başqa qadınlarla münasibətiniz olmuşdu?

- Olub, hə. İş münasibətləri. Başqa heç nə yox.

- Amma eşitdiyimə görə Ofeliya xanım sizi buna görə bağışlaya bilmədi.

- Yox.

- Mehriban qonşular kimi bir evdə yaşayırdınız. Yəqin ki, indi o evdə Ofeliya xanımın yeri görünür.


- Əlbəttə. Ofeliyanın yoxluğu onun nə qədər dəyərli olduğunu, nə qədər sevimli olduğunu düşünmək üçün mənə imkan verdi. Bu, çox qəribə bir hissdir, insan bunu zamanında dərk edə bilsə, bəlkə də heç səhv etməzdi.

- Sənət aləminizdə nə var, nə yox?

- Sənət işlərimiz çox qısqanclıqla gedir. Hələ bilinmir ki, axırı nə olacaq. İndi təzə müdiriyyət gəlib. Kiminlə necə olacaq, kimi bəyənəcək, kiminlə işləyəcək, bunu da gələcək göstərər. Gələcəkdə sənətdən uzaqlaşmaq məsələsi var. Kimi bu sənətdən uzaqlaşacaq, kimi başqa yolla gedəcək. Mənə elə gəlir ki, bu sənəti sevənlər biləcəklər ki, sənətə yalnız elə belə adamlar yaraşır.

- Deyirsiniz qısqanclıq var. Bu hisslər təzə müdiriyyətlə gəlib?

- Təzə müdir də savadlı adamdır. O, əvvəl özü də sənətdə olub. İndi ayrılıb gəlib düşüb bu aləmə. O adam da bu işi necə aparacaq, necə bilir, necə görür, bu da onun öz zövqünə uyğun olacaq və necə alınacağı da gələcəyin işidir. Deməli, sənətdə bundan sonra bizi nəyin gözləməsi hələ məlum deyil.

- Siyavuş müəllim, elə bil ki, zamanında sözünü demiş sənətkarlar bu gün nəyinsə növbəsində durublar, elə bil sənət də sizinlə birgə durub. Sanki yeni sənətkar nəslinin yetişməsi prosesi dayanıb.

 - Demək olar ki, bizim aləm xırda-xırda öz vaxtını qurtarır. Təzə aləmlər var. Sənəti başqa cür qavrayıb bilənlər oturub düşünürlər ki, necə olmalıdır. İndi vaxtilə oxuduğun, gördüyün əsərlər bu gün tam başqa səpkidə yenidən təqdim olunur. Vaxt olub ki, məsələn, "Otello"nu, yaxud digər obrazları başqa cür başa düşüblər, indi yeni üslubda oynayırlar. İndi bunlar tutacaqmı, tutmayacaqmı, hələ bilinmir, götür-qoy edilir. İndi hələ fikirləşirlər ki, həyat necədir. Hələ bu dövrün nəbzini tutmaq üçün nəsə axtarırlar. Bəlkə onun nə olduğunu biləndən sonra nə isə ortaya çıxara bildilər. İndi bizə tətil veriblər. Hələ bir aydan sonra həyat necə başlayacaq, nə cür iş olacaq, bunu da gələcək göstərər.

- İndinin nəbzinə uyğun siz özünüz üçün nə gözləyirsiniz?

- Qızım, indi mənim cavanlıq dövrüm deyil. Elə dövrüm də deyil ki, başqa cür başlayım. Mən elə necə olmuşam, elə də qalacam. Kimi qane edəcəyəm qalacağam, qane etməyəcəyəm gedəcəyəm.

- Düşünürsünüz ki, artıq bu dövr üçün kiməsə lazım olmayacaqsınız?

- Mən heç cür onu fikirləşə bilmərəm. Eyni zamanda fikirləşə bilmərəm ki, həyatı tutub duracam. İndi zamanın, həyatın özünü tutub durmaq olmaz. Elə adamlar var ki, onların planları başqadır. Mənə elə gəlir ki, bu planların baş tutub-tutmayacağını zaman, həyatın özü, gələcək göstərir. "Naxal" olub həyatda qalmaq, tələb eləmək də, düzgün deyil. Düzgünü odur ki, zamanla ayaqlaşasan, işləyəsən.


"O səviyyədə aktyorları görmürəm"


- Siz zamanın axarından nə gözləyirsinz?

- Mən istərdim ki, Allah tərəfindən mənə əməlli başlı elə bir gün verilsin ki, o işdən, o gündən hər bir vaxt razı qalım, qane olum. Gələcəyə qarşı çıxmaq istəmirəm, zamana qarşı çıxmaq istəmirəm. Mən bunu hər vaxt istəmişəm. Hər aləmin öz dövrü var. O dövrün gecəsi də var, gündüzü də var. O bilməlidir ki, nəyi bacarar, nəyi bilər.

- Allahdan yaxşı gün, yaxşı həyat, sizi qane edən iş istəyirsiniz. Bəyəm Allah bunu sizə verməmişdi?

- Yox, nə lazımdırsa, nəyi istəyirəmsə, istər yaxşı osun, istər pis olsun, Allah onu mənə verib. Razıyam. Gələcəkdə mən də istərəm ki, həyatda elə adamların arasında olum ki, mənim sözümün cavabı olsun. İstər-istəməz sayılım. Olmayacaqsa, heç olmasa yaxşıdır. Bilirsiniz, hər adamın sənətdə özünün öz cavabı var. Çünki o adamın dərrakəsi, danışığı, ağlı var. Onu saxlaya biləsən, axıra qədər sözünü deyə biləsən, deməli kişisən. Yoxsa, elə yox...

- Elə danışırsınız ki, sanki dövrünüz bitib.

- Yox, mən elə düşünmürəm. Ona görə deyirəm ki, hər dövrün öz adamları, öz günü, öz güzəranı var. Əgər o yer doludursa, o yer xoş keçirsə, sənli, ya sənsiz, o, Allaha xoş gələr.

- Siyavuş müəllim, bu gün siz öz ətrafınızda sözünüzü deyib, cavab ala biləcək aktyorları görürsünüz?

- Yox, əlbəttə o səviyyədə deyillər. İndi də yaxşı gün üçün çalışan adamların öz sözü var. Əlbəttə, onlardan çox şey asılıdır. Bəlkə yaşayış elədir ki, gərək belə hallarla razılaşasan...

- Aktyor olmaq istəyən gənclərin daha çox maddiyyat güdməsinə necə baxırsınız?

- Hər dövrün bir tələbi var. Ola bilər o dövrlə ayaqlaşa da biləsən, ayaqlaşmaya da. Elə gün ola bilər ki, sən lap dövrün adamısan və qarşına çıxan sualların da cavablarını yaxşı verirsən. Elə vaxt da olur ki, dövrün nəbzini tuta bilmirsən. İtirirsən. Ya elə olur, ya belə. Birdə ki, axı bu həyatla da birdən xudafizləşmək olmaz. Ayaqlaşmaq, yolunu tapmaq, fikir demək üçün gərək biləsən ki, lazımsan, yoxsa lazım deyilsən. Doğrudan da indi həyat başqa cürdür. O vaxt başqa cür idi. Bunları gərək sübut edəsən.


"Onu inandırmaq lazımdır ki, insan kimi yol getsin"


- Siz də cavanları günahkar bilirsiniz ki, öyrənmək istəmirlər?

- Bəli. Mən elə cavan vaxtlarımda da həmişə öyrənmək istəməyənləri günahlandırmışam. Amma yeri gələndə, nəsə öz yerində olmayanda. Düzgün olmayanda, mübahisə də etmişəm. Hər halda, bir işi görməzdən əvvəl adam fikirləşməlidir də.

- Bəlkə onlar da nəbzi bu cür tutur? Bəlkə həmişə neqativ hallara qarşı çıxıb günahkar axtaranların özləri dövrünün nəbzini tuta bilməyənlərdir?

- Onlar öz aləmində elə başa düşürlər ki, bu, düzgün deyil və mübarizə aparırlar. Ona da başa salmaq lazımdır ki, bu, belə deyil, elədir. Nə qədər belə adam olsa da, hamısı deyil, maarifləndirici, tərbiyəedici vasitələrlə təbliğat aparmaq lazımdır. Elə şeylər var ki, onunla ayaqlaşmaq lazımdır. İnsanı inandırmaq lazımdır ki, o, insan kimi yol getsin. Bu yöndə təbliğat zəifdir. İndi çox yüngüllüyə varırlar, başqaları da elə bilir ki, hayat elə bu cürdür. Belə olmaz.

- Siyavuş müəllim, dünən necə idiniz, bu gün necəsiniz?

- Mənim fikrimdə dəyişən bir şey yoxdur. Ona görə ki, mən fikirlərimi elə hala salıram ki, oynadığım obrazlarla öz çərçivəmə daxil olsunlar. Gedib hardansa başqa şey axtarıb tapmıram. Fikirlərimi azdırmağa qoymuram. Adam var bunu bilmir, uyur. Adam var bilir, qoymur. Belə də götürəndə axı mənim də düşüncəm onun düşüncəsi kimi deyil. Mən onu çalışıb öz düşüncəmə uyğun dəyişirəm. Özümünkünü ona təlqin edirəm. Alınırsa, məndə yaxşıdır. Alınmırsa, deməli mənim düşüncəm zəifdir. Mən düşüncəmi roluma verirəm və axırda da mənim düşüncəmə uyğun olan obraz alınır.


"Bu gün teatrların teatrsız gələcəyinə baxa bilmirəm"



- Deyisiniz sizdə dəyişən heç nə yoxdur?

- Yox, heç nə. İndi yəqin get-gedə dəyişəcək. Mənim düşüncəmlə razı olan razıdır, razı deyilsə, neyləyək. Məsələn, mən belə deyirəm, sən belə. Əgər mən güclüyəmsə, mən deyən keçir. Hər halda, mən belə şeylərdən çox razı qalmışam.

- Siyavuş müəllim, doğrudanmı indi sizin kimi sənətkarlar vaxtını daha çox fikirləşməklə doldururlar?

- Bilirsiniz, söz adamı maraqlandırırsa, insanı yolundan çıxarıb, başqa yola salırsa, onun yaşayışını dəyişirsə, bu, əlbəttə ki, yaxışıdır. Yoxsa elə-belə, boş-boşuna olanda, mənasızlaşır. Onu hər yerdə deyirlər.

- Aktyor sənəti maddi təminatçınız ola bildi?

- Bəli. Bilirsiniz qızım, zəmanə çox çətindi. Gərək gəlib elə bir yer tutatsan ki, bu yerdə sən sözünü deyə biləsən. Ona görə də həm savad, həm bilik, bəxt-tale - bunlar hamısı düz getməlidir. İnsanlar da yolunu dəyişməlidir, yalnız sənətin yolu ilə getməlidir. Mən bu vaxta qədər sənətimin, istəyimin yolu ilə getmişəm və həmişə onun sahibi olmuşam. Gəlib o mərtəbəyə qədər çıxmışam ki, rejissora da, direktora da lazım olanda sözümü deyə bilmişəm.

"Həqiqi gülüşü yaradanlar yoxdur"


- "Hicran"da Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Siyavuş Aslan üçlüyü tamaşaya can verir. O, bir əfsanəvi tamaşaya çevrildi. İndi elə bir samballı tamaşa hazırlanmış olsa, kimlərlə oynayardınız?

- Təbii ki, köhnələr yoxdur, kim varsa, onunla. Çox filimlərdə çəkilmişəm, onlardan danışmayaq. Həmin filimlər gəncliyimdə olub, ürəyimi də keçmişə vermişəm aparıblar. Aparıblar, sağlıqla aparsınlar, lazımdırsa saxlasınlar.

- Kim aparıb ürəyinizi?

- Tamaşaçılar.

- Siyavuş müəllim, çox aktyorlar var ki, televiziyaların təqdim etdiyi bir çox layihələrdə iştirak edirlər. Buna necə baxırsınız?

- Mən ümumiyyətlə, bu gün teatrların teatrsız gələcəyinə baxa bilmirəm. Bunlar hamısı teatrsız gələcəkdir. Məncə teatrlı günlər başqa cür keçməlidir. Başqa səpkidə olmalıdırlar ki, bunlar istəkli olsunlar, sevilsinlər.

- Başqa səpki deyəndə nəyi nəzərdə tutursunuz?

- Məsələn, apardığı rol hər cəhətdən ona uyğun gəlirsə, qıraqdan kiminsə nəsə deməsi nəyə lazımdır? Məsələn, bəziləri yalandan gülür, yalandan danışırlar, bunlar axı nəyə lazımdır?

- Siyavuş müəllim, vaxtilə sizin yaratdığınız o xoş gülüşə çox ehtiyacımız var. Necə edək ki, bu təlabat ödənsin?

- Bu gün həqiqi gülüşü yaradanlar yoxdur. Düz deyirsiniz, yaxşı şeyə hamının ehtiyacı var.


"Biz də qadın rolunu oynamışıq, amma kiminsə arvadını-bacısını əcaib formalarda təqlid etməmişik"




- İndi hansı gülüş meydan sulayır?


- Gülüşün də dövrü var, adamları var. Gülüşün də növləri var. Onların öz baxışı var. Bunu onların əlindən almaq olmaz. Yazıqdırlar. Bizim dövrdə arvad paltarı geyinmək olub. Amma elə belə, zarafatyana. O vaxt biz də qadın rolunu oynamışıq, amma kiminsə arvadını, bacısını əcaib formalarda təqlid etməklə yox. Belə şeyləri görənlər onu tənqid eləməldilər ki, belə aktyorlar da öz çəkilərini bilsinlər. Kim necə gəldi, nə istədi oynaya bilməz axı. Tənqid olunmalıdır, o aktyar da bilməlidir ki, oynadığı pis qarşılandı. Bu iş yazarların üzərinə düşür. Hər şeyi sənətçilərdən ummaq düzgün deyil. Çünki sənətçi öz sənətinin halına qalıb. Bunu bilən adam, başı çıxan adam, belə sənətçiləri açıq şəkildə biabır eləməlidir ki, utanmırsan belə edirsən?! Nəticəsi oldu-olmadı, tənqid olmalıdır. Amma yüngül meylli, zövqü korlanan tamaşaçılar da var...


"Ziyalıların Qarabağa getməsi düzgün deyil"



- Siyavuş müəllim, ziyalılarımız Dağlıq Qarabağa getdilər, nə isə münaqişənin nizamlanması istiqamətində bu da bir yol kimi götürülür. Buna necə baxırsınız?

- Mənim ən yaralı, xəstə yerim elə Dağlıq Qarabağ məsələsidir. Ermənilər heç münaqişə istəmir, bunu eləyən yan-yörədir. Bu işdə vasitəçi olanlar da söhbətləri fırladır. Ziyalılarımızın da işğal altında qalan Qarabağa getməsi düzgün deyil. Biz ora getdikcə, onlar şişirlər.

- Siyavuş müəllim, toylara gedirsiniz?

- Yox. Mən toylara getmirəm. Cavanlıqda olub. Amma az. Bizim toylarda "mənəm-mənəm" deyirlər, özlərini göstərirlər. Yalandan görüşürlər, guya dostcasına ayrılırlar, hamısı da boşdur. Amma istər ev sahibi, istər müğənnilər - hamı boş-boş, şit şeylərdən gərək əl çəkələr. Millətin adət-ənənələri var, indi gəlini gülə-gülə yola çıxarıb, yola salırlar.

- Lap "Bəyin oğurlanması" filmində olduğu kimi. O cür toylarımız istərsiniz olsun?

- Bunlar hamısı qondarma şeydir. İndi elə toylarımız yoxdur. Kimsə qorxmayıb bəyi oğurlayırsa, ona "malades". İndi ağıllı adamlar düşünməlidir ki, necə eləmək lazımdır ki, yaxşı adətlər qalsın, pisi düzəltsinlər. Bunu da ailə başçısı fikirləşməlidir.


"Xoşbəxt idim ... "



- İndi ailənizdə neçə nəfərsiniz?

- Heç kim, evdə mənəm, oğlumdur. İki oğlum var, nəvələrim var.

- Nəvələriniz aktyor olmaq istəmirlər?

- Hələ birinin 2, birinin 3, birinin 7, birinin 8 yaşı var.

- Onlar barəsində nə fikirləşirsiniz?

- Heç bir şey.

- İstərdiniz aktyor olsunlar?

- Hə. Amma hələ balacadırlar.


"Bircə Ofeliyayla yaşadığım illəri unuda bilmirəm..."




- Xoşbəxtsiniz, Siyavuş müəllim?

- Xoşbəxt idim...
Mən teatr aləmində həmişə xoşbəxt olmuşam. Həmişə istədiyim yerdə olmuşam, istədiyim yerə aparıblar, gətiriblər. Bircə Ofeliyayla yaşadığım illəri yadımdan çıxara bilmirəm, gərək o, mənimlə belə etməyəydi...

- Nə etməyəydi?

- Ayrıldı da məndən, daha nə etməliydi?

- Siz oynadığınız rollarda daha çox kaprizli insan xarakterini göstərirsiniz. Həyatda da belə kaprizləriniz var?

- Heç onun nə olduğunu bilmirəm. Rollarımda olubsa, görünür, gülüş xətirinə eləmişəm.

- Ofeliya Aslan... Sözümüzü onunla bağlı xatirələrlə başladıq, elə onunla da bitirək. Neçə vaxtdı artıq yoxdur?

- 51 gündən çoxdur...

- Fikirləşirsiniz onu?

- Bilirsiniz, fikrilşəndə özüm də pisləşirəm.

- Bizim bir təsəlliverici sözümüz ola bilər - olan oldu, keçən keçdi, ölənlə ölməzlər, gərək gələcəyə baxasan.

- Gələcəyim var ki, ona da baxım? Bundan sonra hansı gələcək?

- Niyə belə bədgümansınız?

- Nə bilim, həyat... həyat... İnsanlar, dünyaya gəlir, bir-birini başa düşür, bir-birini sevir. Niyə axı bunun dağılmasına imkan verirlər?

- Yəqin, bu da həyatın özünün açılmamış bir fəlsəfəsidir.
Düşündükcə, yeni fikirlər mütləq meydana gələcək. Yaxşısı budur heç düşünməyəsən.

- Bəlkə də, ola bilər.

- Təşəkkür edirəm, Siyavuş müəllim. Bu xəstə halınızla zəhmət çəkib redaksiyamızda qonağımız olduğunuz üçün çox sağ olun.

- Nə zəhmət, borcumuzdur. Xalqa xidmət eləmək sənətçinin işidir. Biz bunu deyirik ki, qoy gənclər boş-boş şeylərə uyub, ailələrini dağıtmasınlar. Boş şeylərə bel bağlayıb bir-birinizin ürəyini sındırmayasınız, ürək yaxşı, lazımlı bir şeydir...

Tahirə Qafarlı
Milli.Az

--------------------------------------------------------------------------------

Foto Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.