Mədəniyyət

"Bu yol Nizami kimi ər kişinin yoludur..."

20 Oktyabr 2012 17:13
0 Şərh     Baxış: 1 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Kimsə sənə bənzəməz, bənzəməzsən kimsəyə..."

Dahi Azərbaycan şairi Nizaminin qəbri üstündə qədimdən ağ əhəng daşından tikilən türbənin tarixi 13-14-cü əsrlərə aid edilir. XII-XIII əsrlərdə Arran memarlıq məktəbində də monumental xatirə tikililərinin əsas tipini qülləvari türbələr təşkil edirdi.

Nizami Gəncəvinin qəbrinin üstündə də Arran memarlığı üçün səciyyəvi olmuş çoxrəngli bayır üzlüyü olan sərdabəli qülləvari türbənin ucaldığı aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur.

Nizami irsinin tədqiqatçısı, görkəmli alim, akademik Həmid Araslı yazırdı: "Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir. XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur. "Məqbərə təkcə bir günbəzdən ibarət olmayıb, geniş bir ərazini əhatə edirmiş".

Məqbərə, Qızıl Arslandan Nizamiyə hədiyyə edilmiş Həmdan - indiki Əhmədli kəndinin ərazisindədir və bu əraziyə yerli əhali indi də "Şeyx düzü", "Şıx düzü" deyir."Şıx düzü"ndə aparılan arxeoloji qazıntılar sübut edir ki, bu ərazi vaxtilə Gəncə şəhərinin bir növ fəxri xiyabanı olmuşdur. Burada Şeyx Nizaminin məqbərəsinin ətrafında Gəncə şəhərinin başqa hörmətli şəxslərinin də məqbərələri olmuşdur.

XIX əsrin əvvəllərində Gəncə xanlığının süqutundan sonra, 1826-cı ildə "Şıx düzü"ndə baş verən məşhur Yelizavetpol döyüşü zamanı məqbərə ciddi zədələnir və təmir edilmədiyindən, bərbad vəziyyətə düşür. XIX əsrin 40-cı illərində məqbərə tamamilə dağılmaq təhlükəsi qarşısında qalır. Qarabağ xanlığının tarixçisi Mirzə Adıgözəl bəy XIX əsrin ortalarında məqbərəni təmir etdirərək onun uçmuş günbəzinin əvəzində yeni bir günbəz tikdirir.

Sonralar məqbərəni general Yadigarzadə bərpa etdirib. XX əsrin əvvəllərində isə Adıgözəl bəyin nəslindən olan və Gəncənin polis rəisi işləyən Əjdər bəy Adıgözəlov-Gorani günbəzi təmir etdirir. Bundan sonra məqbərə tamamilə baxımsız qaldığından uçub dağılır.

1875-ci ildə İran taxtının vəliəhdi Fərhad Mirzə Qacar böyük şairin ziyarətinə gəlişini və məqbərənin vəziyyətini özünün "Yol bələdçisi" kitabında da belə təsvir edirdi: "Biz daha yeddi verst yol gedəndən sonra çox da böyük olmayan bir gümbəz gördük. Gümbəz yarıuçulmuş bir vəziyyətdə idi. Bu, şeyx Nizaminin məzarı idi. Buradan Gəncəyə yeddi verst qalırdı. Mən tələsə-tələsə məzara doğru getdim. Ancaq yaxınlıqdakı postun qarovulçuları gümbəzin üstünə o qədər ot yığmışdılar ki, içəri keçmək mümkün olmadı."

"Ey Şeyx Nizami, ey nizamı dağılan..."

1879-cu ildə Məkkə ziyarətinə gedən Seyid Əzim Şirvani də Nizaminin məqbərəsini ziyarət edir və onun acınacaqlı vəziyyətindən təsirlənərək məşhur rübaisini söyləyir:

Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü-ehtişamı dağılan.
Olmayıbdır cahanda bir səninlə məntək,
Beyti, evi, məktəbi, kəlamı dağılan.

1881-ci ildə arxeoloqların Tiflisdə keçirilən V qurultayının ərəfəsində avropalı arxeoloqlar Gəncəyə gələrək Nizaminin qəbri ilə maraqlanırlar. Yerli əhalinin sonralar söylədiyinə görə, arxeoloqlar qəbrin sirrini öyrənir və məqbərədən bir az aralıdan lağım ataraq oraya daxil ola bilirlər. Onlar məzardan bəzi şeyləri götürüb aparmaq istəyərkən, Əhmədli kəndinin əhalisi onlara mane olur və bu əşyaları onlardan alırlar. Bundan xəbər tutan çar hökuməti alınan əşyaların arxeoloqlara qaytarılmasını əmr edir. Bu əşyaların nədən ibarət olması və onların sonrakı taleyi bu günə qədər də sirr olaraq qalır...

Nizaminin məzarının bərbad vəziyyəti Gəncənin tərəqqipərvər ziyalılarını daim narahat edirdi, Gəncə gimnaziyasının Ana dili və Ədəbiyyat müəllimi Mirzə Məhəmməd Axundzadə də belə ziyalılardan biri idi. O, müxtəlif mətbu orqanlarda müsəlman ziyalılarını və imkanlı adamları Nizami Gəncəvinin məqbərəsinin bərpası barədə düşünməyə çağırır, ilk addımı da onun özü atır. Mirzə Məhəmməd Axundzadə 1909-cu ildə "Şeyx Nizami" kitabını yazır və bu kitabın satışından toplanılan məbləğ Nizaminin məqbərəsinin təmiri üçün nəzərdə tutulur. "Şeyx Nizami" kitabınının titul vərəqəsində yazılmışdı: "Bu kitabın satışından əldə olunan pullar Nizaminin məqbərəsinin bərpasına sərf olunacaq." Lakin toplanılan məbləğ yalnız məqbərənin ətrafında səliqə-sahman yaratmağa bəs edir.

Nizaminin qəbrinin acınacaqlı vəziyyəti barədə "Şeyx Nizaminin qəbri" ("Kommunist"19 oktyabr 1923-cü il) və "Şeyx Nizami" ("Yeni fikir ", Tiflis 1923, 25 noyabr; N:256) məqalələri ilə çıxış edən Mirabbas Mirbağırzadə bu barədə Arxeologiya komitəsinin 28 noyabr 1924-cü il tarixli ümumi iclasında kiçik məruzə ilə çıxış edir və Nizaminin məzarı üzərində məqbərənin tikilməsi ilə əlaqədar Dadaş Bünyadzadənin arzularını idarə heyətinin nəzərinə çatdırır. Yeni məqbərənin tikilməsi məqsədi ilə şairin qəbrini ətraflı tədqiq etmək üçün 1925-ci il iyunun 19-da bilavasitə Dadaş Bünyadzadənin tapşırığı ilə arxeoloq C.Aleksandroviç Nəsifi epiqrafçı İ.Əzimbəyovla birlikdə Gəncəyə gəlir. O, Gəncədə Nizaminin qəbrini tədqiq etməklə bərabər, burada qəbrin açılmasında iştirk etmiş şair Əli Nəzmi ilə görüşür və ondan qəbirlə baglı bir çox maraqlı məlumatlar alır. C.Aleksandroviç Nəsifinin tədqiqatlarının nəticələri onun "Gəncə və Nizaminin qəbri" məqaləsində ətraflı işıqlandırılıb.

Ancaq yenə də şairin qəbrinin abadlaşdırılması yaddan çıxır. 1929-cu ildə Nizaminin qəbrini görmək üçün Gəncəyə gəlmiş akademik İ.İ.Meşşaninov demişdi:"Mən Nizaminin qəbrini görəndə, gözlərimə inanmadım, Nizaminin qəbrini belə bərbad görmək məni heyrətə saldı. "1930-cu ildə Şeyx Nizaminin qəbri ikinci dəfə açılır. Onun başdaşında yazılmışdır: "Bu, müqəddəs şeyx Nizaməddin mövla Əbu Mühəmməd ibn-İlyas ibn-Yusif ibn-Zəkinin qəbridir. O, altı yüz beşinci ildə orucluq ayının dördüncü günü Allahın rəhmətinə qovuşdu."
1932-ci ildə nəhayət, qəbrin üzərinə müvəqqəti abidə qoyulur.

"Nizamitək sənin də sönməz çırağın olsun..."

Hələ 1926-cı ildə Şeyx Nizaminin məqbərəsinin bərpası ilə bağlı müsabiqə keçiriləndə Azərbaycan Politexnik İnstitutunun tələbələrinin işlədiyi layihə birinci yerə layiq görülmüşdü. Lakin türk üslubundan geniş istifadə edildiyi üçün layihə kənara atılır. 1930-cu ildə məqbərənin layihəsi üçün yeni müsabiqə elan olunur. S.Dadaşov və M.Useynov kimi kamil memarlarımızın hazırladıqları layihə də "tünd milli boyalarına" görə Moskvanı razı salmadı. 1939-cu ildə sayca üçüncü müsabiqə keçirilir və İ.Vaxutinlə A.Sarkisovun işlədikləri layihə qəbul olunur. Bu da çətin bir dövrə düşür. İkinci dünya müharibəsi başlayır və bu iş yarımçıq qalır.

1939-cu il noyabr ayının 1-də Bakıda Nizami muzeyi yaradıldı, 1940-cı ildə isə şairin məzarı üzərində məqbərənin ucaldılması məqsədilə Moskvadan arxeoloji ekspedisiya gəldi. Tədqiqatlarda şəxsən iştirak etmiş İ.P.Şeblıkin "Nizami türbəsinin tarixinə dair" məqaləsində yazır ki, XIII əsrdə tikilmiş məqbərə heç də ölməz şairin adına layiq deyildir. Ekspedisiya bu qərara gəlir ki, şairin məzarı üzərində abidənin ucaldılması vacibdir".

Nəhayət, 1947-ci ildə Şeyx Nizaminin məzarı üzərində yerli ağdaşdan hündürlüyü 15,2 metr, ümumi sahəsi 49 kvadratmetr məqbərə ucaldıldı. 1947-ci ildə məqbərənin təntənəli açılışı oldu. Neçə-neçə yaxın-uzaq elli qonağın, eləcə də ustad Səməd Vurğunun alovlu çıxışını yaşlı gəncəlilər indi də xatırlayırlar.

1981-ci ildə Nizaminin 840 illik yubiley tədbirləri zamanı Gəncə şəhərinin baş memarı işləyən Fərman İmamquliyev, Qorxmaz Sücəddinovla birgə Nizami məqbərəsinin yeni layihəsini işlədi. Onlar, artıq Gəncənin simvoluna çevrilmiş köhnə məqbərənin bəzi elementlərini Nizami dövrü memarlığının ənənələri ilə daha da yaxınlaşdıraraq qranit və mərmərdən tikiləcək və hündürlüyü 20,9 m olacaq məqbərənin layihəsini hazırladılar. Lakin yeni məqbərənin tikintisi təxirə salındı.

Nəhayət, 1992-ci ildə Milli Elmlər Akademiyasının müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi altında hazırlanmış layihə əsasında məqbərə əsaslı surətdə təmir edildi.

Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə məqbərəni əhatə edən 35 hektar ərazi başdan-başa abadlaşdırılaraq, məqbərə əsaslı surətdə təmir olundu. Məqbərənin yaxınlığındakı əraziyə dahi mütəfəkkirin şəcərəsinin daşıyıcılarına hörmət əlaməti olaraq Şeyxzamanlılar qəsəbəsi adı verilib. Tarixi məqbərənin önündə Nizami Gəncəvi muzeyi inşa edilir.

"Azadlıq" qəzeti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.