Mədəniyyət

Qiyasbəylilər nəslinin məşhurları

17 Sentyabr 2012 16:41
0 Şərh     Baxış: 5 338
Azərbaycan tarixində mühüm xidmətləri olmuş nəsillər arasında Qiyasbəylilərin də xüsusi yeri var. Bu nəslin bir çox ziyalı nümayəndələri önəmli vəzifələrdə millətin inkişafı və tərəqqisi üçün fədakarlıqla çalışmışlar. Qiyasbəylilər nəslinin hərbçi nümayəndəsi Mustafa ağa Həsən ağa oğlu Qiyasbəyov - (1824-1873) Əlahiddə Qafqaz Qoşunlarının Müsəlman Süvari alayında xidmət etmişdi. 1863-1864-cü illərdə Polşada baş vermiş "Yanvar üsyanı"nı yatırmaq üçün rus komandanlığının Qafqazdan aparılan bəylərə məxsus Müsəlman Süvari alayında Mustafa ağa Qiyasbəyov da olmuşdu. Üç il Varşavada hərbi xidmətdə olan Mustafa ağa fransız, polyak və rus dillərini mükəmməl öyrənir.

Üç ildən sonra Qafqaza qayıdan Mustafa ağa dağlılara qarşı döyüşlərdə hünərlə vuruşaraq kapitan rütbəsi alır. Məşhur ədəbiyyatşünas-alim Firudin bəy Köçərli onun haqqında yazır: "Mustafa ağanın hünər və sədaqətləri dövlət nəzərində qədrüqiyamətsiz qalıb və hətta onun haqqında aşkarən ədalətsizlik vüqua gəlməyə görə, Mustafa ağa öz vətəninə (Qazax qəzasının Dağkəsəmən kəndinə) müraciət edib və üzlətü (tənha yaşayan) fərağət guşəsini ixtiyar qılıb, vaxtlarını ibadətdə və təhsiliülumi maarifdə keçiribdir".

Qiyasbəylilər nəslinin ziyalı nümayəndələrindən biri Ağalar bəy Qiyasbəylidir. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu olan Ağalar bəy 1874-cü ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdu. 1886-cı ildə Dağkəsəmən kənd məktəbinə getmiş, 1890-cı ildə məktəbi bitirmişdi. Əbdüləli bəy Muxtarovun sinifində oxumuşdu. 1890-1891-ci dərs ilində Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına qəbul olmuşdu. Atasını erkən itirdiyindən 1895-ci ildə Qafqaz Təhsil Dairəsinə ərizə verib ekstern imtahanla diplom almışdı. Onu təyinatla Nuxa (Şəki) qəzasının Koxmux kəndinə göndərmişdilər. Görkəmli pedaqoq Qazax qəzasının Şıxlı, Ərəş qəzasının Ağdaş məktəblərində çalışmışdı. Bir müddət Qars şəhərində işləmiş, sonra Novo-Bayazid qəzasının Qaraqoyunlu və Gölkənd kəndlərində işləmişdi. 1902-1903-cü illərdə Nuxa qəzasının Padar kəndinə dəyişilmişdi. Sonra ailə vəziyyəti ilə bağlı Dağkəsəmən və Poylu kəndlərinə göndərilmişdi. Orda bir müddət işləyəndən sonra, 2 may 1906-cı ildə Yelizavetpol qəzasının Ziyadı kəndinə yollanmış, əhalinin maarifçilik və təhsil işlərində böyük rol oynamışdır.

Nəslin jurnalisti, şair övladları

Nəslin başqa bir üzvü Şirin Qiyasbəyli (1889-1943) Azərbaycanın tanınmış jurnalisti, pedaqoq, yazıçı, ictimai xadim olmuşdur. Qazaxın Salahlı kəndində varlı və maarifpərvər ailəsində doğulmuş, Bakıda vəfat etmişdir. O, ilk təhsilini valideynlərindən, kənd pedaqoqlarından və Bakı məktəblərində almış, milli müəllim kadrlarının hazırlanması sahəsində çalışmışdır. Azərbaycan qızlarının təhsilə cəlb edilməsi, məktəblər açılması sahələrində fəaliyyət göstərmişdir. Mədinə Qiyasbəyli ilə birlikdə "Şərq qadını" məcmuəsinin təsisində çalışmış, XX əsrin 20-ci illərindən məcmuənin əsas əməkdaşlarından və müəlliflərindən biri olmuşdur. "Aprel hədiyyələri" adlı kitabın müəllifidir.

Qiyasbəylilər nəslindən bir çox söz adamları da çıxmışdır. Onlardan Həsən ağa Qiyasbəyovu, Şahnigar xanımın adlarını çəkmək olar. Hərbçi olan Mustafa bəyin özü də gözəl şeirlər müəllifi idi. Nəsib ağa Qiyasbəyov isə polkovnik rütbəsi daşıyan hərbçi olmuşdur.
Bu nəslin davamçısı, gözəl səsli sənətçi Nərminə Məmmədovanın adı hamımıza tanışdır. Onun uzun illər öncə oxuduğu gözəl mahnıları indi də xüsusi zövqlə dinləyirik.

Ecazkar səsli sənətçi xanım

Nərminə Ağası qızı Məmmədova 1932-ci ildə Qazaxda dünyaya gəlib. O doğularkən atası Ağası Məmmədbəyli Qazax rayon partiya komitəsinin birinci katibi işləyirdi. Əslən Göyçaydan olan Ağası bəy burada iri torpaq sahibi olan Ismayıl bəyin oğlu idi. Anası Şəfiqə xanım isə Azərbaycanın tanınmış ailələrindən olan Qiyasbəylilər nəslindən çıxmışdı. Onlar dünyaya gələn övladlarının adını o illərdə çox oxunan "Çalı quşu" romanının qəhrəmanının şərəfinə Fəridə qoydular. Çox keçmədən Ağası bəyi "xalq düşməni" ittihamı ilə həbsə atdılar. O həbs olunan kimi ailəni yaşadıqları "İstiqlal" küçəsindəki geniş mənzillərindən çıxarıb İçərişəhərdə kiçik bir evə köçürdülər.
Ailə başçısı həbs olunan Şəfiqə xanım Stalin muzeyində (sonralar isə Ali Partiya məktəbində) işləyirdi. O, çox ehtimal ki, bu dəhşətli repressiyaların təhlükəsindən qorunmaq üçün qızı Fəridənin adını dəyişdirib Nərmin yazdırır. Sonralar da bu ad Nərminəyə çevrilir.

Nərminə yaşadıqları evdən 132 saylı məktəb gedir. Lakin atasının həbsi ilə bağlı məktəbdən çıxmalı olur. Bir də 1946-cı ildə təkrar qayıdıb orta təhsilini tamamlayır. O, 13 yaşından etibarən Pionerlər Evinə yazılır, məşqlərdə iştirak edir, Radiodakı əmək fəaliyyəti də tez başlayır. Nərminə 1944-cü ildə 15 yaşındaykən ilk dəfə radioda oxuyur və onun məlahətli səsi o vaxtdan hamını heyran qoyur. Beləliklə, bu istedadlı gənc qızın sənət həyatı başlanır. 1963-cü ildə Radionun Ərəb dilində verilişlər şöbəsinin əməkdaşı Sinan Səidlə birgə oxuduqları Kərkük mahnıları lentə alınır. Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur və 1967-ci ildə universiteti bitirir. Bu zaman atası Ağası bəy də sürgünündən qayıdıb gəlir.

Ecazkar və gözəl səsli Nərminə Məmmədova, demək olar, öz müasiri olan bütün böyük bəstəkarların - Cahangir Cahangirovun, Tofiq Quliyevin, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın, Ramiz Mustafayevin, Andrey Babayevin, Qənbər Hüseynlinin, Səid Rüstəmovun mahnılarını ifa edib. Onun oxuduğu "Evlərinin önü yonca" adlı məşhur Kərkük mahnısı dillər əzbəri olmuşdu. Bundan başqa, "Pıçıldaşın ləpələr", "Ay işığında", "Qərənfil", "İlk xatirələr", "Hardasan yar", "Alagöz", "Sirrimi bilmədin...", "Habelə", "Aman ovçu", "Nar-nar" kimi mahnıları da böyük populyarlıq qazanmışdı.

N.Məmmədova 60-cı illərin əvvəllərində anasının nəslindən olan ziyalı bir şəxslə, mühəndis Ramiz Qiyasbəyli ilə evlənir. Bu nikahdan onların yeganə övladı Sevinc Qiyasbəyli dünyaya gəlir. O, hazırda tibb elmləri doktoru, professordur.

Nərminə Məmmədova 1997-ci il martın 27-də ürək xəstəliyindən vəfat etmişdir.

"Azadlıq" qəzeti
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.