Mədəniyyət

Gülbacı İmanova: "Sevindirici haldır ki, bu festivala təkcə klassik musiqi biliciləri deyil, yerli sakinlər də həvəslə gəlirlər"

26 İyul 2012 14:55
Baxış: 1 568
"Qəbələ Beynəlxalq Musiqi Festivalı ənənəvi olaraq keçirilən gözəl bir incəsənət bayramına çevrilmişdir. Bu günlər Qəbələdə xüsusi ab-hava hökm sürür. Bura gələn xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti ilə, milli musiqimizlə, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar".

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru, Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Gülbacı İmanova demişdir. O bildirmişdir ki, qədim Qəbələ torpağında, füsunkar təbiət qoynunda istirahət edən yerli və xarici turistlər hər axşam festivalın konsertlərində dünya musiqisi incilərini dinləyirlər. Buranın havası, təbiəti, yüksək səviyyəli xidmətləri turistləri valeh edir.

Gülbacı İmanova sözünə davam edərək demişdir: "Mənim dirijorluğumla Azərbaycan Dövlət Xor Kapellası ilk dəfədir ki, bu musiqi festivalında iştirak edir. Bu, bizim üçün çox şərəfli və sevincli hadisədir. Festivalın açılış konsertində bizim kollektiv Ü.Hacıbəylinin, Q.Qarayevin, F.Bədəlbəylinin, C.Rossininin, C.Verdinin, V.A.Mosartın, R.Leonkovallonun əsərlərini səsləndirdi. Sevindirici haldır ki, bu festivala təkcə klassik musiqi biliciləri deyil, həm də Azərbaycan və Avropanın dahi bəstəkarlarının musiqisini kamera və simfonik orkestrin, xor kapellasının ifasında ilk dəfə canlı dinləyən yerli sakinlər də həvəslə gəlirlər".
 
Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.