Mədəniyyət

Azərbaycanın ilk xalq artisti

6 İyul 2012 16:43
0 Şərh     Baxış: 2 642
Azərbaycan teatrı ömrünü bu sənətə həsr etmiş onlarla böyük sənətkar yetişdirib. Belə sənətkarlardan biri də səhnəmizdə komik rolların ifaçısı kimi tanınan Hacağa Abbasov olub. Hacağa Mütəllib oğlu Abbasov 1888-ci Bakının Maştağa kəndində müəllim ailəsində anadan olub. O, ilk təhsilini kənddəki rus-tatar məktəbində almış, daha sonra görkəmli ziyalı, maarifçi Həbib bəy Mahmudbəyovun məktəbində oxumuşdu. Burada oxuyarkən o, Hüseyn Ərəblinski ilə görüşmüş və bu görüş onun gələcək həyatının müəyyənləşdirilməsində mühüm rol oynamışdır. Hacağa Abbasov Cahangir Zeynalov, Mirzəağa Əliyev, Sidqi Ruhulla kimi görkəmli aktyorlarla çiyin-çiyinə çalışmış, Azərbaycan teatrının inkişafında böyük xidmətlər göstərmişdir.

Hacağa Abbasov səhnə fəaliyyətinə 1905-ci ildə M.F.Axundovun "Hekayəti Molla İbrahimxəlil Kimyagər" əsərində Molla İbrahimxəlil rolu ilə başladı. Bu, elə bir dövr idi ki, cəhalətin, qara qüvvələrin teatra, aktyorlara qarşı çıxışları tüğyan edirdi. Lakin hədə-qorxular, maddi çətinliklər onun iradəsini qıra bilmədi. Əksinə, o, teatra daha da sıx bağlandı, çünki teatr onun həyatının mənası idi.

Hacağa Abbasov 1906-1909-cu illərdə təhsilini Port-Petrovskda (indiki Mahaçqala) davam etdirdi. O, burada azərbaycanlılardan ibarət teatr truppası yaratdı və sonralar bu truppanı Teymurxanşurada (Dağıstanın indiki Buynaksk rayonu) teatra çevirdi. Bakıya müəllim kimi qayıdan gənc aktyor Müsəlman Artistləri Cəmiyyəti Ittifaqının "Nicat", "Həmiyyət" teatr truppalarında, daha sonra isə "Səfa" cəmiyyətinin, "Zülfüqar və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti" adlı teatr truppasında fəaliyyətini davam etdirib. Hacağa Abbasov bununla yanaşı  Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib.
Hacağa Abbasov hələ kiçik yaşlarından rus dilini mükəmməl öyrənmişdi. Görkəmli aktyor rus ədəbiyyatına, xüsusilə də Lev Tolstoya böyük maraq göstərirdi. O, həmçinin Lev Tolstoyun əsərlərini tərcümə edir, tamaşaya qoyurdu. Böyük rus ədibinin yaradıcılığına maraq onu 1907-ci ildə Tolstoyun Yasnaya Polyanadakı mülkünə gətirmiş və o, ədiblə yaxından tanış olmuşdu. Hacağa Abbasov bu barədə xatirələrində yazır:  "Mən böyük ədibə Azərbaycan oxucuları tərəfindən çox sevildiyini dedikdə o, xeyli məmnun oldu. Biz ayrılarkən "Hərb və sülh" kitabına "Yadigar üçün L.N.Tolstoydan" sözlərini yazıb, mənə bağışladı".

Hacağa Abbasovun səhnə fəaliyyətinin mühüm bir hissəsi özünün yaratdığı və rəhbərlik etdiyi Tənqid-Təbliğ Teatrı ilə bağlıdır. 1921-ci il noyabrın 13-də teatrın açılışında o dövrün çox böyük mədəniyyət və dövlət xadimləri - rus rejissoru Konstantin Stanislavski, Nəriman Nərimanov, mühəndis Zivər bəy, Əzim Əzimzadə, Məmməd Səid Ordubadi iştirak etmişdi.
Yazdığı əsərlərlə səhnədə Hacağa Abbasov teatrın səhnəsində, müxtəlif ədiblərin əsərləri ilə yanaşı, özünün yazdığı pyesləri də tamaşaya qoymuşdu. Dünya və rus dramaturqlarının yaradıcılığını öyrənməklə, onları tərcümə etməklə yanaşı, dramaturgiya sahəsində qələmini müvəffəqiyyətlə sınayırdı. O, "Bakının fəthi", "Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif", "Əsgər oğluma", "Sabirin məhkəməsi", "Rus macərası" kimi bir-birindən maraqlı, zamanla səsləşən pyeslər yazıb. "Sabirin məhkəməsi" pyesində o, böyük satirikin keşməkeşli həyatını təsvir edib. Əsər haqqında H.Abbasov yazırdı: "1923-cü ildə mən Sabirlə işlədiyim günlərin xatirinə "Sabirin məhkəməsi" adlı kiçik bir pyes yazdım. Bu pyes o vaxt Tənqid-Təbliğ Teatrında, Bakı fəhlə klublarında bir müddət müvəffəqiyyətlə oynanıldı. Bu mənim müəllim yoldaşım olan böyük şairə kiçik bir hədiyyə idi".

Bu teatr tez-tez Bakı kəndlərində tamaşalar verirdi. Teatrın fəaliyyəti Hacıağa Abbasovun və görkəmli sənətkar Mirzəağa Əliyevin adı ilə bağlı olduğundan xalq arasında "Hacımirzə" teatrı kimi tanınırdı. Məhz bu teatrın səhnəsində H.Abbasov özünün ən çox sevdiyi Şeyx Nəsrullah ("Ölülər", Cəlil Məmmədquluzadə) rolunu 50 dəfədən çox oynamışdı. Aktyor "Ulduz" jurnalının 1974-cü il 5-ci nömrəsində dərc etdirdiyi məqaləsində yazırdı: "Bu obraz mənim ifamda Mirzə Cəlilin çox xoşuna gəlirdi".

Görkəmli aktyor Hacağa Abbasov həm də maarif fədaisi idi. Onun fəaliyyətə başladığı dövr qaragüruhun xalqın maariflənməsinə ciddi əngəl törətdiyi illərə təsadüf edirdi. Bütün çətinliklərə və əngəllərə baxmayaraq o, mövhumatın güclü olduğu kəndlərdə məktəblərin açılması, qızların məktəbə cəlb olunması işində fəal iştirak edirdi. Belə məktəblərdən biri də onun doğma Maştağa kəndində yaratdığı məktəb idi və bu məktəbin yaradılması üçün də az çalışmamışdı.

Hacağa Abbasov Böyük Vətən müharibəsi illərində respublika Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsi rəisi vəzifəsində çalışırdı. Qazax, Şamaxı, Göyçay, Zaqatala və Bərdədə teatrların yaradılması bilavasitə onun adı ilə bağlıdır.

Hacağa Abbasov Azərbaycanı kənd-kənd, oba-oba gəzir, istedadlı gəncləri toplayır, onlara kömək edirdi. O, Adil İsgəndərovu Gəncədən Bakıya gətirmiş və onun Moskvaya oxumağa göndərilməsinə nail olmuşdu. Görkəmli sənətkar tez-tez Bakının Balaxanı, Sabunçu, Zabrat, Əmircan, Keşlə,  Maştağa, Nardaran və Mərdəkan kəndlərində zəhmətkeşlər qarşısında maraqlı çıxışlar edirdi. Bir sözlə, o, bütün yaradıcı gücünü səhnəyə, xalqın maariflənməsinə həsr etmişdi.

Milli Dram Teatrının direktoru

Hacağa Abbasov 1927-ci ildə Milli Dram Teatrının direktoru vəzifəsinə təyin olundu və burada özünü bacarıqlı, fədakar bir mədəniyyət xadimi kimi göstərə bildi. Mustafa Mərdanov, Möhsün Sənani, İsmayıl Osmanlı kimi istedadlı aktyorları Gürcüstandan Bakıya gətirdi. Azərbaycan teatrının inkişafında yorulmadan çalışan Hacağa Abbasov hər şeydən əvvəl yeni aktyor nəslinin yetişdirilməsinə çalışırdı. Məhz bu keyfiyyətləri nəzərə alınaraq onu 1929-1937-cu illərdə Bakı Teatr Texnikumuna rəhbər təyin etmişdilər. Burada o, ilk növbədə teatrı bacarıqlı rejissor və aktyorlarla təmin etmək qayğısına qalırdı. Həmin min illərdə illərdə o, Azərbaycan səhnəsi üçün bütöv bir aktyor nəsli yetişdirmişdi. Həmin aktyorların bir çoxu - Ələsgər Ələkbərov, Adil İsgəndərov, Barat Şəkinskaya, Rza Əfqanlı - təkcə Azərbaycanda deyil, o zamankı Sovet İttifaqı məkanında tanınan sənətkarlar idilər. Bütün bu xidmətlərinə görə Hacağa Abbasov 1932-ci ildə Azərbaycanın ilk xalq artisti adına layiq görüldü.

Hacağa Abbasov Azərbaycan səhnəsində bir-birindən gözəl obrazlar yaradıb. Bu obrazlar sırasında Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasında Hacı Qara, Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" əsərində Hacı Qəmbər, Nəriman Nərimanovun "Nadir Şah" əsərində Mirzə Mehdi xan, "Şamdan bəy"də Şamdan bəy, Şəmsəddin Saminin "Dəmirçi Gavə" əsərində Qubad, Nikolay Qoqolun "Müfəttiş" əsərində Osip, S.L.Lanskoyun "Qəzavat" əsərində Molla Hüseyn Dərbəndi, Üzeyir Hacıbəylinin "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, "Ər və arvad"da Kəblə Qubad, Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" əsərində Orduxan bəy, "Evliykən subay"da Kəblə Hacı rolu kimi bir-birindən dolğun obrazlar silsiləsini qeyd etmək olar.

Görkəmli sənətkarın həyat yolu heç də asan olmayıb. O, uzun müddət təqib olunmuş, repressiyaya məruz qalmışdı. Orta Asiyada məcburi sürgün həyatı yaşamağa məhkum olunmuşdu. Hacağa Abbasov orada yaşayarkən burada səhnə fəaliyyətini davam etdirmiş, teatr truppaları, dərnəklər yaratmışdı.

Hacağa Abbasov özünün keçdiyi çətin həyat yolunu, səhnə və ictimai fəaliyyətini 1973-cü ildə Azərbaycan teatrının 100 illiyi münasibəti ilə nəşr etdirdiyi "Xatirələrim" kitabında geniş əks etdirmişdi.

Xalq artisti Hacıağa Abbasov 7 may 1975-ci ildə Bakıda vəfat edib.

"Azadlıq"
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.