M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təqdim etdiyi layihələr sırasında xarici ölkələrdən dəvət olunmuş musiqiçilərin konsert proqramları ilə çıxış etməklə yanaşı, ustad dərslərinin də keçirilməsi artıq ənənə halını almışdır. Bu sırada Mark Drobinskiy (cello), Roman Fedçuk (violin), Əvəz Abdulla (bariton) kimi musiqiçilərin adları çəkilə bilər.
Növbədi ustad dərsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşəbbüsü ilə Kamera və Orqan Musiqisi Zalında tanınmış violin ifaçısı Anar Bramo tərəfindən keçirildi.
Anar Bramo Almaniyada yaşayan azərbaycanlı violin ifaçısı, dirijor və bəstəkardır. 2020-ci ildən Attendorn Kamera Orkestrinin baş dirijoru və Oberberq simfonik orkestrinin dirijorudur. O, 1998-2002-ci illərdə Bakı Musiqi Akademiyasında B. Mehdiyevin sinfində təhsil alıb. 2002-ci ildən Almaniyanın Folkvanq İncəsənət, eləcə də, Köln Musiqivə Rəqs Universitetində təhsilini davam etdirib.2010-2016-cı illərdə Almaniyada Südwestfalen Filarmonik Orkestrininköməkçi konsertmeysteri vəzifəsində çalışıb. O, tez-tez dünyanın müxtəlif ölkələrində çoxsaylı orkestrlərlə çıxışlara vəmüxtəlif festivallara solist kimi dəvət olunur.
2002-ci ilin avqustunda Comune di Genova (İtaliya) vasitəsilə N.Paqanininin "Sivori" violinisinin Anarın Bakıdakı konsertindəifa etməsi üçün Azərbaycana gətirilməsi mühüm hadisələrdəndir. O zamana qədər 180 il ərzində Genuya muzeyində saxlanılan "Sivori" violini cəmi 12 violin ifaçısı tərəfindən səsləndirilmişdi.
2006-cı ildə, o, Parisdə H.Berlioz Milli Assosiasiyasının "Hektor Berlioz" medalına layiq görülüb.
O, ustad dərsində öz bilik və təcrübəsini məmnuniyyətlə həmkarları və gənc istedadlar ilə bölüşüb, gənc musiqiçilərinhazırlıq səviyyəsindən məmnunluq duyduğunu dilə gətirərəkmüəllimlərə mükəmməl professional əməyinə görə təşəkkürünü bildirib. Musiqiçi ən xırda detallara və nüanslara diqqət yetirərək müəyyən ifaçılıq tapşırıqlarının həllinin ən sadəyollarını nümayiş etdirib.
Ustad dərsində Zeyn Cəfərov, Osman Mustafazadə, Kənan Məmmədzadə, Kənan Bağırov, Zərrin Əliyeva, Xədicə Qasımova, Aysu Məmmədli, Özcan Cabbari, Surə Həsənli müxtəlif dövr bəstəkarlarının, o cümlədən, J.S.Bach, W.A.Mozart, N.Paganini, H.Ernst, H.Venyavski, M.Brux və M.Ravelin violin aləti üçün yazılmış əsərlərini səsləndiriblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az