Kriminal

Bu gün Vüqar Səfərlinin məhkəməsi başlayır

23 İyul 2021 07:55
0 Şərh     Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Milli.Az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına veriləcəyi gözlənilir.

Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olan cinayət işinin istintaqı yekunlaşdırılıb.

Aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.