Kriminal

Bakıda işə düzəltmək adı ilə 314 nəfəri aldadan iki nəfər ev dustaqlığına buraxıldı

6 Mart 2021 17:03
Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda vətəndaşları işə düzəltmək adı ilə aldadaraq dələduzluq etməkdə təqsirli bilinən şəxslərin məhkəməsi davam etdir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Məcid Məcidov, Elvin Məhərrəmov və Ceyhun Qələbəyovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər və şahidlər dindirilib.

Təqsirləndirilən şəxslərdən Məcid Məcidov və Ceyhun Qələbəyov ev dustaqlığına buraxıldığı məlum olub.

İttihamda göstərilir ki, Elvin Məhərrəmov özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən sui-istifadə edib. O, Məcid Məcidov və Ceyhun Qələbəyovla əlbir olub ayrı-ayrı şəxslərdən pul alaraq, onları işə düzəldəcəyini vəd edib.

Belə ki, təqsirləndirilən şəxslər sosial şəbəkələrdə iş elanları verərək ayrı-ayrı şəxsləri ofisə dəvət ediblər. Onlar həmin şəxsləri işə düzəldəcəklərini vəd ediblər. Bunun qarşılığında isə onlardan ilk maaşlarının 50 faizi qədər ödənişlər alıblar.

İttihamda göstərilir ki, zərərçəkmiş şəxslərə mühafizəçi, xadimə, operator və digər vəzifələrdə çalışacaqları ilə bağlı vədlər verilib.

Məhkəmə iclasında zərərçəkmişlər ifadə veriblər. Məlum olub ki, sürücü kimi işə düzəlmək istəyənlər Elvin Məhərrəmova 400 manat veriblər. Qarşılığında isə 800 manat maaş alacaqlarmış.

Ayrı-ayrı şəxslər sürücü düzəlmək üçün 500, xadimə kimi işə düzəlmək üçün 300, aşpaz kimi işə düzəlmək üçün 400 manat pul veriblər.

Məhkəmədə məlum olub ki, iş üzrə zərərçəkənlərin sayı 314 nəfərdir. Ümumi dəymiş zərər 100 min manatdan çoxdur.

İttihama görə, ötən ilin martın əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən "ELİV" işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi barədə polis orqanlarına ərizələr verib, adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, dəymiş ziyanın ödətdirilməsinə kömək göstərilməsini xahiş edib. Həmin müraciətlər əsasında vətəndaşların aldadılaraq pullarının dələduzluq yoluyla ələ keçirilməsi faktı üzrə cinayət işi başlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.