Kriminal

Komitə Bərdədə qadının amansızlıqla öldürülməsi ilə bağlı məlumat yaydı

29 Mart 2020 18:19
0 Şərh     Baxış: 3 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır.

Komitədən Milli.Az-a verilən məlumata görə, kütləvi informasiya vasitələrində 26 mart 2020-ci il tarixində Bərdə Rayon Uşaq Xəstəxanasının qarşısında Bərdə rayon sakini İsmət Zamanovun həyat yoldaşı Zülfiyyə Zamanovanı qətlə yetirməsi və bundan sonra Bərdə Rayon Polis Şöbəsinə təslim olması barədə məlumat öz əksini tapıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Bərdə rayon İcra Hakimiyyəti yanında "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu" ilə birgə təcili toplanaraq baş vermiş hadisənin dərhal araşdırılması, ailənin azyaşlı uşaqlarının bundan sonrakı taleyinin müəyyənləşdirilməsi məqsədilə müvafiq addımların atılması istiqamətində müzakirə aparıb.

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) direktoru Yaqut Qəhrəmanova, Mərkəzin psixoloqu Ceyran Əhmədova və Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon icra hakimiyyəti yanında "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu"nun rəhbəri Fəqət Şadlinskayanın iştirakı ilə ailəyə baş çəkilərək, ailənin psixo-sosial vəziyyəti qiymətləndirilib, uşaqların mənafeyinin qorunması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərə alınıb: "Qətli törədən İsmət Zamanov barəsində həbs edilməklə cinayət işi başlanıb. Uşaqlar hazırda müvəqqəti olaraq nənə və babanın himayəsinə verilib. Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı əməkdaşları azyaşlı körpələrin qəyyumluğuna dair məsələlərin həlli üzrə işə cəlb edilib. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzi, müvafiq yerli icra hakimiyyətinin monitorinq qrupu birgə fəaliyyətlərini davam etdirəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir daha cəmiyyətdə baş verən zorakılıq hallarını təəssüf hissi ilə qeyd edərək, bu hadisələrin qarşısının alınması istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.