Kriminal

"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu

15 Noyabr 2019 19:37
0 Şərh     Baxış: 1 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank" ASC-nin mənimsəmədə təqsirləndirilən vəzifəli şəxsləri - Şahin İlyasov, Anar Osmanov, Anar Həsənov və Zərifə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.

Qeyd edək ki, dövlət ittihamçısı Ş.İlyasovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini və onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini təklif etmişdi.

Prokuror digər təqsirləndirilənlərə 5 il şərti azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.

Təqsirləndirilən Şahin İlyasov "Zaminbank"ın "Sumqayıt" filialının müdiri, Anar Osmanov Xəzinə şöbəsinin müdiri, Anar Həsənov bankın Kredit şöbəsinin əməkdaşı, Zərifə Tağıyeva da bankın əməkdaşı olub.

Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəməkdə təqsirləndirilirlər.

Təqsirləndirilən şəxslər, ümumilikdə, banka 1 milyon 337 min manat ziyan vurmaqda təqsirləndirilirlər. Məhkəmədə həmin məbləğin ödənildiyi bildirilib.

Bankın nümayəndəsi məhkəmədə bildirib ki, ödənilən 1 milyon 337 min manat faiz borcları ilə birlikdə hesablanıb və istintaq belə qənaətə gəlib ki, zərər tam ödənilib. Amma müqavilə öhdəlikləri üzrə hələ də borc qalır.

Təqsirləndirilənlər barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.