Kriminal

"Günah həmin qadında idi" - Müəmmalı namus cinayətinin TƏFƏRRÜATI

7 İyul 2019 18:50
0 Şərh     Baxış: 5 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şabran rayonunda baş verən qətlə görə məhkəmə iclası davam etdirilib. İlkin məlumata görə qətl hadisəsi namus üstündə törədilib. Amma həbs edilən şəxs qətli özünün törətmədiyini deyir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilərək həbs edilən 1980-ci il təvəllüdlü Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İttihama görə, Vüsal Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib.

Belə ki, Vüsal Hacıyev evinə gələn zaman Ruslan Hacıyevi həyətində görüb. Bu zaman V.Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib. R.Hacıyev hadisə yerindəcə ölüb.

Amma Vüsal Hacıyev ittihamla razılaşmır. Deyir ki, bu qətli törədən İsmayıl Səfərəliyev adlı şəxsdir.

Məhkəmə iclasında mərhumun anası, hüquqi varis kimi tanınan Kafiyə Şeydayeva ifadə verib. O, əvvəlcə məhkəmədən xahiş edib ki, işin düzgün araşdırılması təmin edilsin.

"Mən itirdiyimi itirmişəm. Oğlum artıq yoxdur. Bu hadisəni də kim törədib bilmirəm. Məhkəmədən xahiş edirəm ki, əsas günahkarı üzə çıxarsın. Mənə fərq etmir ki, oğlumu kim öldürüb. Artıq olan olub, keçən keçib. Əsl günahkar kimdisə ən ağır cəzasını almalıdır"- deyə mərhumun anası məhkəmədən xahişində bildirib.

Daha sonra hadisə barədə danışan Şeydayeva qeyd edib ki, həmin gün oğlu məhəlləyə çıxıb, Amma geri qayıtmayıb:"Evə gec gələn deyildi. Gecikəndə də xəbər edirdi. Amma nə qədər gözlədimsə, xəbər çıxmadı. Tanıdığım adamlara zəng elədim. Sonra xəbər gəldi ki, oğlum xəstəxanadadır. Dava etmədiyini, xəstəxanaya aparıldığını dedilər. Xəstəxanaya gedəndə isə öldüyünü bildim. Mən heç nə görməmişəm. Amma eşitmişəm ki, orada İsmayıl da olub. İndi həmin şəxs ölkədə yoxdur. Onu nə polis dindirib, nə də prokurorluq. Eşitdiyimə görə Tümendədir".

Şeydayeva suallara cavab verərkən mərhum oğlu ilə həbs edilən Vüsal arasındakı münasibətlərdən də danışıb. O da bir neçə il əvvəl baş verən və indiki cinayətə səbəb olduğu deyilən hadisədən xəbərdar olduğunu deyib.

Bildirib ki, oğlu ilə Vüsalın həyat yoldaşı arasında əlaqə olub. Amma bu söhbətin üstündən illər keçib: "Vüsal boşandı. Günah həmin qadında idi. Mənim oğlumda da səhv var idi. Amma bu hadisə olub keçmişdi. İllər sonra həmin hadisəyə görə qətl törədiləcəyinə inanmıram. Məhkəmədən bu işi obyektiv araşdırmasını xahiş edirəm".

Prosesin davamında Vüsal Hacıyevin bacısı Gülayə Hacıyeva da şahid kimi dindirilib.

Məhkəmə əvvəlcə şahiddən Hacıyev soyadlarının qohumluqla bağlı olub-olmadığını soruşub. Gülayə Hacıyeva qohum olmadıqlarını, soyadların təsadüfən eyni olduğunu bildirib.

Sərbəst ifadə verən Gülayə Hacıyeva da qardaşının günahsız olduğunu deyib. Bildirib ki, bu işdə günahkar İlham adlı şəxs və qardaşının keçmiş həyat yoldaşıdır.

"Rəhmətlik Ruslan bizim qapıya gəlmişdi. O vaxt qardaşımın yoldaşı ilə münasibəti var idi. Söz-söhbət oldu. Qardaşım da bundan xəbər tutmuşdu. O vaxt Ruslan da içkili idi. Polis çağırdım, gəlib Ruslanı apardılar. Ona 15 sutka verdilər. Bu işdə qardaşım günahsızdır. Hər şeyi onlar elədi"- deyə şahid ifadəsində bildirib.

Məhkəmədə məlum olub ki, hadisədən bir neçə dəqiqə sonra Ruslan bacısına zəng edib. O da məlum olub ki, Ruslanla bacısı arasında da bir neçə dəfə mülk üstündə mübahisələri olub.

Bu suallara cavab verərkən Gülayə Hacıyeva ziddiyyətli danışıb.

O əvvəlcə deyib ki, qardaşı ona zəng edərək Ruslanın öldürüldüyünü deyib. Amma hakimin təkrar suallarına cavabında isə deyib ki, qardaşı ona zəng edərək "Ruslanı öldürdük" deyib.

Bu suala bir neçə dəfə cavab verən Gülayə Hacıyeva yenə də qardaşının "Ruslanı öldürdük" dediyini etiraf edib.

Hakim Gülayə Hacıyevaya sual verib ki, qardaşının daha əvvəl həbs edilməsindən xəbəri varmı?

Gülayə Hacıyeva belə cavab verib: "O vaxt onu bir qadın tutdurmuşdu".

Hakim isə bildirib ki, həmin "qadın" elə Gülayə Hacıyevanın özüdür. Belə ki, Gülayə Hacıyeva ilə qardaşı arasında mülk məsələsinə görə mübahisə və dava olub. Bundan sonra Gülayə Hacıyeva polisə şikayət edib və qardaşı həbs olunub.

Gülayə Hacıyeva hakimin dediklərini təsdiq etmək məcburiyyətində qalıb.

Məhkəmənin davamında Vüsal Hacıyev söz istəyib. Yenə də günahsız olduğunu deyib. O, İlham adlı şəxsin Ruslanı öldürdüyünü və Tümenə qaçdığını bildirib: "İlham indi burda yoxdur. Amma onu tapmaq belə istəmədilər. Mən bunu müstəntiqə də dedim. Bir daha qeyd edirəm ki, əgər mən onu öldürmək istəsəydim, bir neçə il əvvəl olan hadisəyə görə, həyətimdə tutanda öldürərdim. Amma bunu eləmədim. İndi isə buna görə ittiham olunuram".

Məhkəmə araşdırması davam etdirilir.

Vüsal Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.