Kriminal

Londonda Zamirə Hacıyeva ilə bağlı yeni məhkəmə başladı

24 İyun 2019 20:54
0 Şərh     Baxış: 3 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Vestminster magistrat məhkəməsində Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə, hansı ki, Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə milli agentliyi (National Crime Agency) tərəfindən qanunsuz əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə mübarizə qanunu çərçivəsində qaldırılıb, proses başlanıb.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə Jersey Evening Post məlumat yayıb.

İnformasiyaya əsasən, ittiham aktında deyilir ki, Zamirə Hacıyeva 2009-cu ildən 2015-ci ilədək Azərbaycan Beynəlxalq Bankından (ABB) 97 milyon dollar (76 milyon funt-sterlinq) vəsaiti mənimsəyən 37 nəfərlik mütəşəkkil cinayətkar qrupun üzvü olub.

Azərbaycan hökumətini təmsil edən Helen Malkolm bildirib ki, 97 milyon dollar ABB tərəfindən verilən 28 kredit kartı vasitəsilə alınıb.

O, məhkəməyə bildirib ki, 14,5 milyondan 15,5 milyon funt sterlinqə qədər Zamirə Hacıyevanın adına olan 10 kredit kartı ilə alınıb, başqaları ögey qızının və onun ərinin şəxsi mühafizəçisinin adına rəsmiləşdirilib.

"Cahangir Hacıyev 15 il həbs cəzasına məhkum edilib və ona 39 milyon dolları (30,5 milyon funt) ödəmək tapşırığı verilib. Onlar bununla bağlı apellyasiya şikayəti veriblər, ancaq onların şikayəti rədd edilib ", - deyə Helen Malkolm bildirib.

"Mən Zamirə Hacıyevanın sərf etdiyi vəsaitin miqdarını müəyyən etdim. Çətinlik ondadır ki, o, pulun bir hissəsini Azərbaycanda bankomatlardan geri çəkib, bir hissəsini bir sıra lüks butiklərdə, mehmanxanalarda, restoranlarda, Harrods kimi böyük ticarət mərkəzlərində xərcləyib. O, həmçinin Avropanın müxtəlif yerlərində dollar, funt-sterlinq və avrolarla böyük məbləğlərdə vəsait sərf edib ",-Helen Malkolm əlavə edib.

Məhkəmədə o da qeyd edilib ki, Cahangir Hacıyevin dövlət qulluqçusu kimi əmək haqqı 29-dan 70 min dollara qədər olub və onun gəlirinin digər qanuni mənbələrinə dair heç bir sübut yoxdur. Həyat yoldaşının isə ümumiyyətlə gəliri olmayıb.

"Zamirə Hacıyeva öz əri ilə əlbir olub və onlar dələduzluqla böyük məbləğləri mənimsəyərək xərcləyiblər. Bizim fikrimizcə, o, burada dələduzluqda əldə edilmiş həmin pulları yuyur", - deyə Helen Malkolm vurğulayıb.

Xatırladaq ki, 2018-ci ildə Britaniya hakimiyyəti "Kriminal maliyyə haqqında" qanun çərçivəsində ölkədə olan əcnəbilərin kapitallarının mənbəyini araşdırmaq imkanı əldə edib. Mənbəyi məlum olmayan kapitalın həcmi 50 min funtdan artıq olarsa, aktivlər dondurula bilər. "The Times" hələ iyun ayında yazırdı ki, həmin qanunla artıq 120-140 nəfər barəsində araşdırmalar aparılır. Bu şəxslərin əksəriyyəti postsovet ölkələrinin vətəndaşlarıdır. İlk belə hal Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva barəsində qeydə alınıb. Onu əvvəlcə həbs edib, daha sonra isə girov müqabilində sərbəst buraxıblar.

Hazırda Z. Hacıyeva Londondakı evində yaşayır, ona şəhərdən çıxmaq qadağan edilib və o hər gün polisdə qeydiyyatdan keçir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.