Kriminal

“Körpünün altına gəl...” - Mahacqala söhbəti Sabirabadda qanla bitdi

13 İyun 2019 16:39
0 Şərh     Baxış: 2 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad rayonunda həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən 1993-cü il təvəllüdlü Vüqar Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, Vüqar Süleymanov 2017-ci ilin noyabrında tanışı Davud Fərəcovun Mahaçqala şəhərində həmyerliləri yanında onun barəsində xoşagəlməz ifadələr işlətdiyini eşidib, onunla görüşüb məsələni aydınlaşdırmaq istəyib.

Həmyerlisinin dediyi sözlər təsdiqlənsə, onu tüfənglə vuraraq öldürməyi planlaşdırıb.

Mahaçqalada başlayan mübahisə

Bu məqsədlə o, məlum olmayan mənbədən əldə etdiyi ov tüfəngini nənəsi Xanım Süleymanovanın Sabirabad şəhərindəki evinin həyətyanı sahəsində gizlədib.

Vüqar Süleymanov həmin il dekabrın 30-da Davud Fərəcovun Mahaçqala şəhərindən Sabirabad şəhərinə gəldiyini eşidib. O, nənəsinin həyətində gizlətdiyi ov tüfəngini götürərək "Sabir" adına su kanalının Sabirabad rayonunun Qalağayın kəndi ərazisindən keçən hissəsində olan dəmiryol körpüsünün altına gəlib və silahı atəş vəziyyətinə gətirməklə orada gizlədib.

Gecə yarısı söhbət

Axşam saat 20 radələrində Vüqar Süleymanov mobil telefon vasitəsilə Davud Fərəcovla əlaqə saxlayıb, onu söhbət üçün körpünün yaxınlığına çağırıb. Davud Fərəcov təklifi qəbul edib.

Vüqar qardaşı İlqar Süleymanova Davud Fərəcovu Sabirabaddakı "Kamran kafesi"ndən götürüb, "Sabir" kanalının yanına gətirməyi tapşırıb.

İlqar Süleymanov VAZ-2105 markalı avtomobillə Davud Fərəcovla yanaşı, sonuncunun əmisi oğlu Pərviz Fərəcov, qohumu Əzizağa Mirişli və qonşusu Rüstəm Abdullayevi də kanalın üzərindəki dəmiryol körpüsünün yaxınlığına gətirib.

Körpünün altında dava

Həmin vaxt Davud Fərəcovun tək olmadığını, habelə barəsində yayılmış rüsvayçı məlumatın sonuncu tərəfindən etiraf ediləcəyi halda onu tüfənglə vurmaq istədikdə qeyd olunan şəxslərin müdaxiləsi ilə üzləşəcəyini dərk etdiyindən Vüqar Süleymanov Davud Fərəcovla qısa söhbət etməklə kifayətlənib.

O, Davud Fərəcovu həmin yerə tək gətirməyi planlaşdırıb və bu məqsədlə gələn şəxslərlə birlikdə geri, Sabirabad rayonuna qayıdıb.

Dekabrın 30-da, saat 23 radələrində Vüqar Süleymanov qardaşı İlqar Süleymanovun idarə etdiyi avtomobillə yenidən Davud Fərəcovu və həmin vaxt sonuncunun yanında olan qohumu Pərviz Fərəcovu dəmiryol körpüsünün yanına gətirib.

Qətli planlaşdırdı, amma baş tutmadı

Bu zaman o, körpünün altında gizlətdiyi ov tüfəngini götürüb və Davud Fərəcovun döş nahiyəsinə tuşlayıb, barəsində rüsvayçı sözlər danışıb-danışmadığını soruşub, təsdiq cavabı aldıqda şəxsiyyətinin alçaldıldığını, adının ləkələndiyini düşünüb.

O, Davud Fərəcovu qisas almaq məqsədilə öldürmək qərarına gəlib, həmin vaxt Davud Fərəcovla eyni istiqamətdə və yaxın məsafədə dayanan Pərviz Fərəcovun da həyatına təhlükə yaradıb.

Buna baxmayaraq Vüqar Süleymanov Davud Fərəcova 2 metr məsafədən atəş açıb və ona xəsarətlər yetirib.

Vüqar Davudun yıxılmadığını görüb və niyyətini sona çatdırmaq üçün əlindəki tüfənglə ona zərbə endirib.

Pərviz Fərəcov və İlqar Süleymanovun müdaxiləsi qətlin başa çatdırılmasına mane olub.

Vüqar Davudu həmin vəziyyətdə qoyaraq qardaşı İlqarın maşınında hadisə yerindən uzaqlaşıb.

Təcili tibbi yardımla vaxtında xəstəxanaya çatdırılan Davud Fərəcovun həyatını xilas etmək mümkün olub.

"Məni "peysər" çıxartdığını eşitdim"

Vüqar Süleymanovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar Süleymanov bildirib ki, keçmiş iş yoldaşından Davud Fərəcovun Mahaçqala şəhərində tikintidə işlədiyi zaman haqqında xoşagəlməz sözlər danışdığını, ünvanına söyüşlər söydüyünü, onu "peysər" çıxardığını eşidib.

Bundan əsəbiləşən Vüqar Süleymanov Davud Fərəcovu öldürmək qərarına gəlib. O, daha sonra ifadəsində Davud Fərəcovla Sabirabad rayonunda görüşməsindən, aralarında mübahisədən, sonda baş verən cinayətdən danışıb.

Vüqar Süleymanov qeyd edib ki, Davud Fərəcovu güllələyəndən sonra istifadə etdiyi tüfəngi və patronları su kanalına tullayıb.

"Tüfəngin atəş səsini eşitdim"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Davud Fərəcov qeyd edib ki, hadisə zamanı körpünün qurtaracağından sağa irəli, təxminən 1 metr getdikdən sonra Vüqarın tüfəngi ona tuşladığını görüb və qorxduğu üçün dayanıb: "Biz təxminən 5-10 saniyə həmin vəziyyətdə qaldıq və söz deməyə macal tapmamış Vüqarın əlindəki tüfəngin tətiyinin çıqqıltısını eşitdim, tüfəngin boş olduğunu zənn etdim. Həmin an bir qədər rahatladım.

Arxadan Pərvizin mənə yaxınlaşdığını hiss etdim. Geriyə çevrilib baxdıqda Pərvizin məndən arxada, təxminən 2-3 metr məsafədə olduğunu gördüm. Elə həmin an tüfəngin atəş səsini eşitdim. Bundan sonra ayaqlarında bərk ağrı oldu və yerə çökdüm".

Zərərçəkmişin sözlərinə görə, həmin vaxt Pərviz Vüqara "ala, neyniyirsən" desə də, Vüqar tüfəngdən atəş açıb: "Atəş açandan sonra Vüqarın mənə yaxınlaşıb "öl, canın çıxsın" deməsini xatırlamıram".

"Heç yerə zəng olunmayacaq"

Zərərçəkmiş qeyd edib ki, orada olanlar təcili yardıma zəng etmək istəsələr də, Vüqar "heç yerə zəng olunmayacaq" deyib: "Mən və Pərviz Vüqara heç kimə bir söz deyilməyəcəyini söylədik. Bundan sonra Vüqar qardaşı İlqarla birlikdə çıxıb getdi.

Onlar getdikdən təxminən 15-20 dəqiqə sonra Pərviz mənə yaxınlaşıb cibimdən telefonumu çıxardı, "103 xidməti"nə zəng edərək telefonu səsgücləndiriciyə qoydu, mənim təcili yardım çağırmağımı istədi. "103 yardım xidməti" ilə danışaraq kömək üçün onları hadisə yerinə çağırdım".

14 il 6 ay cəza

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmənin hökmü ilə Vüqar Süleymanov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Bu hökmdən narazı qalan Vüqar Süleymanov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilməsini istəyib.

Vüqar Süleymanovun şikayəti Şirvan Apelyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmə Vüqar Süleymanovun apelyasiya şikayətini qismən təmin edib, onun cəzasını 11 il 9 aya endirib.

Bu qərardan narazı qalan Vüqar Süleymanov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb və sonda şikayətin təmin olunmaması barədə qərar açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.