Kriminal

İcra məmuru ölkədə olan bu şəxsi 6 ildir tapa bilmir

15 May 2019 16:53
0 Şərh     Baxış: 1 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

7 ildir ki, tanışına satdığı avtomobilin pulunu ala bilməyən Xocavənd rayon sakini Elvin Knyaz oğlu Quliyevin işi ilə bağlı Şəki rayonu üzrə İcra şöbəsi heç bir iş görmür.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, 2012-ci ildə 6500 dollara tanışı Elşən Nəbiyevə "Mercedes 180" markalı avtomobil satan E.Quliyev pulunu ala bilmir. Şikayətçi bildirib ki, ilkin olaraq Elşən ona 1000 dollar verib. Qalan 5500 dolları isə tezlikcə verəcəyini vəd edib.

E.Quliyev də avtomobili etibarnamə əsasında Elşənin sahibliyinə verib.

Avtomobili alan E.Nəbiyev E.Quliyevə 5500 dollar borcu olması barədə öz xətti ilə iltizam da yazıb. Həmin vaxtdan indiyə kimi isə Elşən avtomobili satın aldığı Elvinə olan 5500 dollar borcu qaytarmayıb.

Başına gələn dələduzluq olayı ilə bağlı zərərçəkən E.Quliyev E.Nəbiyevin qanunsuz əməllərindən mülki qaydada Şəki rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib və hakim Mehman Nuriyevin sədrliyi ilə baş tutan iclasda onun iddia ərizəsi araşdırılıb, xeyrinə qərar qəbul edilib.

Qətnamə 2013-cü ilin oktyabrında icra olunması üçün Ədliyyə Nazirliyinin Şəki rayonu üzrə İcra şöbəsinə göndərilib. Qətnamə icra məmuru Elşən Ziyəddinovun icraatına verilib, lakin qərar indiyə qədər tam icra olunmayıb.

E.Quliyevin pulunu ödəməyən E.Nəbiyevin üzərində başqa bir cinayət işi də olmasına baxmayaraq, o, indiyə qədər tapılmır.

Mövzu ilə bağlı açıqlama verən Şəki rayon İcra şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Məzahir Məmməov bildirib ki, qərarın icra edilməməsinin səbəbi E.Nəbiyevin hələ də tapılmamasıdır:

"Elvin Quliyev adlı şəxsdən 2012-ci ildə 6500 dollar dəyərində avtomobil alıb hələ də pulunu ödəməyən Elşən Nəbiyevlə bağlı başqa məhkəmə qərarları da var. O şəxslə bağlı məhkəmə qərarı tək bununla bağlı deyil. Elşən Nəbiyev uzun müddətdir polis tərəfindəın axtarılır. Polis tapdıqdan sonra biz onunla bağlı zəruri tədbirlər görəcəyik.

Həmin şəxsin ölkədən çıxışına qadağa qoyulub. Heç bir halda ölkədən çıxma ehtimalı və imkanı yoxdur. Lazımi bütün addımlar atılıb onunla bağlı. Sadəcə, tapılmır".

İcra şöbəsinin rəisi bildirib ki, dələduz E.Nəbiyevin evindən çıxarılması ilə bağlı da məhkmə qərarı olduğu üçün onu tapmaq mümkün olmur:

"İnsanın daimi yaşadığı ünvan da yoxdur. Elşən Nəbiyevin yaşadığı evdən çıxarılması ilə bağlı məhkəmə qərarı var. Həmin ev də boşaldılmalıdır. Ancaq hazırda həmin evdə heç kəs yaşamır. Onun özü də, ailə üzvləri də oradan qeydiyyatdan çıxarılıb. Hazırda nə Elşən Nəbiyevin özünü, nə də ailə üzvlərindən kimisə tapmaq mümkündür. 2012-ci ildən indiyə qədər Elşən Nəbyev bir neçə dəfə tapılıb. İcraçılar sayəsində pulun bir hissəsinin ödənilməsi həyata keçirilib. Elşən Nəbiyev məsuliyyətə də cəlb edilib həmin işlə bağlı. Bildiyim qədərilə tərəflər arasında müəyyən razılaşma da olub, borcdan hansısa hissə ödənilib. Ancaq hazırda qərarın icrası, borcun tam ödənilməsi üçün onun tapılması məqsədilə axtarışdadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.