Kriminal

Kürdəmirdə dava: Gənc tanışının qulağını dişləyib qoparıb - TƏFƏRRÜAT

11 May 2019 07:31
1 Şərh     Baxış: 1 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmir rayonunda dostuna müxtəlif dərəcəli bədən xəsarəti yetirməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Mütalib Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Mütalib Səmədov Kürdəmir rayonunun Karrar kəndində yerləşən Eldəniz Xəlilova məxsus yeməkxanada tanışları ilə birlikdə qonaqlıqda iştirak edib.

Həmin vaxt digər tanışı Teymur Hacalızadə yeməkxanaya gəlib, onlarla bir masa arxasında əyləşib.

Bu zaman Mütaliblə Teymur Rusiya Federasiyasına gedib, orada yaşamaq və işləməyi müzakirə ediblər. Onların arasında mübahisə bu mövzuda yaranıb.

Mütalib Teymurun üzərinə gedərək onunla əlbəyaxa olub.

Orada olanlar onları aralayıblar. Mütalib Səmədovu tanışları yeməkxanadan çölə çıxardıblar.

O, Teymur Hacalızadənin yeməkxanadan çıxıb binanın arxası ilə sakitcə getdiyini gördükdə uca səslərlə söyüşlər söyüb, sonra Teymurun arxasına düşüb.

Yeməkxananın arxa tərəfində, boş sahədə yenidən Teymurla mübahisəni davam etdirib. Daha sonra Teymuru yerə yıxıb, sağ qulağını dişləyərək qopardıb.

İstintaq orqanı tərəfindən Mütalib Səmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mütalib Səmədov 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Mütalib Səmədov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsi Mütalib Səmədovun şikayətini təmin etməyib.

Qərardan narazı qalan Mütalib Səmədov kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Şikayət təmin olunmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.