Kriminal

"İstəsəm də, istəməsəm də sənədləri imzalayırdım" - Cahangir Hacıyevin məhkəməsindən YENİ XƏBƏR

15 Aprel 2019 13:44
0 Şərh     Baxış: 2 521
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid Rəşad Hacıyevin məhkəməyə teleqram göndərdiyi elan olunub. Şahid bildirib ki, hazırda ölkədə olmadığı üçün prosesə qatıla bilmir və istintaqa verdiyi ifadəsini təsdiq edir.

Hakim bildirib ki, digər şahid Rauf Xəlilov da hazırda Kanadada olsa da, bu barədə məhkəməyə məlumat verməyib.

Prosesdə şahid qismində dindirilən Rövşən İsmayılov deyib ki, 1997-ci ildən Beynəlxalq Bankda çalışıb, 2002-2012-ci illərdə bankın İdarə Heyətinin sədr müavini vəzifəsində işləyib: "Veksel əməliyyatı ilə bağlı protokolları bankın sədr və katibləri imzalayıb. Mənim işim isə bankda maliyyə məsələlərinə nəzər yetirib məlumat vermək olub. Həmin əməliyyatlara xəzinədarlıq departamenti nəzarət edirdi. Amma bankda kimin bilavasitə nəzarət etməsini dəqiq bilmirəm. Lahiyələrlə bağlı məsələlər Cahangir Hacıyevə məruzə edilirdi. Bankın Moskva filialında kreditlərin verilməsi ilə bağlı məsələlər idarə heyətində müzakirə olunub".

Digər şahid Şahin Rəsulov isə istintaqa verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, Beynəlxalq Bankın Kredit Komitəsinin üzvü olsa da, komitənin iclaslarında iştirak etməyib: "Mənə filial müdiri sənəd göndərirdi ki, onu imzalayım. İstəsəm də, istəməsəm də imzalayırdım. Bankda vəzifəm əməliyyat şöbəsinin müavini idi. Əmək haqqım isə 2500 manat idi".

Məhkəmədə elan olunub ki, təqsirləndirilən Erxan Cavadın "Buta kithcin" əməliyyatı zamanı Beynəlxalq Bankdan götürdüyü kredit sənədlərinin birində imzası yoxdur.

Faktı təsdiqləyən E.Cavad ifadəsində bildirib ki, götürülən kreditlər brilyant mağazasına yönəldilib: "Həmin mağazanın 50 faizi Nəsib Piriyevin və 50 faizi isə onun anasının idi. İttihamda qeyd edilən məbləğ Nəsib Piriyevin Əfqanıstanda olan şirkətinə "ofşor" yolla köçürülüb".

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.