Kriminal

"Royalbank"ın keçmiş əməkdaşının məhkəməsində şahid: Şirkətlər bölüşdürülmüşdü

6 Mart 2019 21:20
0 Şərh     Baxış: 1 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ötən məhkəmə iclasında şahid qismində ifadə verən Lamiyə Soltanova 2008-2015-ci illərdə Beynəlxalq Bankın Nəqliyyat filialında əməliyyatçı vəzifəsində işlədiyini və hazırda da həmin bankda çalışdığını deyib.

L.Soltanova qeyd edib ki, işi hesab açılandan sonra müştərini qəbul etmək olub: "Həmin vaxt da Rüfət Vəliyev vəsaiti banka gətirmişdi. Hesabı baş mühasib Afət Yusifova açıb, mən də Rüfəti qəbul edib, kassamədaxil etmişəm. Yəni sənədləri yoxlamışam, sonra da pullar kassaya aparılıb".

Məhkəmədə elan olunub ki, R.Əliyevin banka təqdim etdiyi sənədlərin müqavilələri 2006-cı ilə aid olub. Hakim deyib ki, təqsirləndirilən şəxs də ifadəsində 2006-cı ildə beton zavodda işlədiyini bildirib.

L.Soltanova isə söyləyib ki, əməliyyatçıların bu barədə heç bir məlumatları yoxdur: "Mən həmin adamın keçmişini araşdırmalı deyiləm axı. Rüfət Əliyevdən də başqa şəxsi tanımırdım".

Daha sonra şahid qismində Beynəlxalq Bankın Nəqliyyat filialında əməliyyatçı vəzifəsində çalışmış Məlahət Səfərova dindirilib. O, təqsirləndirilən R.Vəliyevin banka müştəri qismində gəlib, sənədlər təqdim etdiyini deyib: "Əmanətçilər arasında Rüfət Vəliyevin şirkətləri bölüşdürülmüşdü. Hərəmiz bir neçə şirkətin müqavilə sənədlərinə baxırdıq".

Şahid qismində ifadə verən Zaur Hüseynov daha əvvəl Beynəlxalq Bankın Nəqliyyat filialında baş mühasibin müavini olduğunu qeyd edib. O, R.Vəliyevin banka gələrkən sənədləri əmanətçilərə təqdim etdiyini söyləyib: "Onun bir neçə şirkəti var idi, xaricə pul köçürürdü. Lakin pulu necə gətirdiyini görməmişəm".

Məhkəmədə elan olunub ki, iş üzrə şahid olan Şaiq Məmmədovun adına Mahir Əliyevlə birgə "Galaksi" şirkəti açılıb. Mahir Əliyev də həmin şirkətə R.Vəliyevi direktor təyin edib.

Şahid Ş.Məmmədov ifadəsində bildirib ki, Mahir Əliyevlə birgə tikinti şirkətində çalışıb, ona pul qazanmaq üçün şirkət açmasını təklif edib: "İş alınmadı, sonra şirkəti Mahirin adına keçirdim. Rüfəti isə tanımıram".

R.Vəliyev söyləyib ki, şirkət açmaq üçün Mahir Əliyevdən xahiş edib: "O da Şaiq Məmmədovun adına şirkət açdı".

Məhkəmənin növbət iclası 13-nə təyin edilib.

İttiham aktına əsasən, "Royalbank"ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu "AGbank"ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. R.Vəliyev görüşdə özünü "Provision Group", "İmpeks+", "Blast", "Qalaksi A", "Asin Co. LTD", "Primo A" və "İTEK" MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. A.Mövsümov onlar üçün "AGbank"ın Xətai filialında otaq ayırıb.

M.Əliyev "Royalbank"da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Bu qayda ilə M.Əliyev "Privion Group" MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, "İmpeks+" MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, "Blast" MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, "Qalaksi A" MMC vasitəsilə 115 milyon manat, "Asin Co. LTD" vasitəsilə 79 milyon manat, "Primo A" MMC vasitəsilə 213,5 milyon manat, "İTEK" MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər ümumilikdə cinayət yolu ilə əldə edilmiş 5 milyard 551 milyon manat pulu çirkli yolla leqallaşdırıb və ölkədən çıxarıb.

Xatırladaq ki, M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.