Kriminal

Rüşvətə görə həbs edilən icra nümayəndəsi HAKİM QARŞISINDA

23 Yanvar 2019 18:47
0 Şərh     Baxış: 1 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Osmanov sərbəst ifadə edib.

O, ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib.

Şamaxıda gördüyü işlərdən danışan A.Osmanov söyləyib ki, 13 il Şəhriyar qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışıb: "Mənim arayışımla hansı bankdan pul alınıb? Heç nəyi saxtalaşdırmamışam. Zərərçəkmiş qismində tanınan şəxs öz torpağını satıb, çıxıb xaricə gedib. Bu, prokurorluq əməkdaşı Tural Kərimov tərəfindən qondarma ittihamdır. Həmin şəxs hazırda prokurorluq orqanından uzaqlaşdırılıb. Tural Kərimov 3 nəfər qondarma zərərçəkmiş və şahidləri üzümə durdurtdurub. Mən heç kəsə ziyan vurmamışam".

A.Osmanov qeyd edib ki, bu cinayət işini həmyerlisi Malikcan Muradov etdirib: "Çünkü onun mənə qarşı pirinsipi var idi. Ona görə ki, həmin adam bir neçə il əvvəl Şamaxıda təxribatçı çıxış edirdi. Mən də onun başını yarmışdım. Hələ 2013-cü ildə də təxribatlarla məşğul olurdu. Bu barədə dövlət orqanlarına da məlumat vermişdim. Sonra Məlikcan mənim haqqımda bu işə əl atıb, həbs etdirdi".

A.Osmanovun sözlərinə görə, M.Muradov ölkədən qaçıb, barəsində cinayət işi başlanılıb və hazırda axtarışdadır: "Onun arvadı da falçıdır. Bildiyim qədər ilə Məlikcan hazırda Qazaxıstanda yaşayır".

Təqsirləndirilən şəxs sonda barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində 3 nəfər - Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.