Kriminal

Boşandığı arvadını amansızlıqla öldürən keçmiş polis zabiti cəzası ilə razı deyil

10 Yanvar 2019 18:09
0 Şərh     Baxış: 2 290

Keçmiş arvadının ölümündə təqsirli bilinərək uzun müddətə azadlıqdan məhrum edilən keçmiş polis zabiti Ali Məhkəməyə kasassiya şikayəti verib.

Milli.Az-ın ölkə.az-a istinadən məlumatına görə, cinayət məcəlləsinin 120.2.1-ci maddəsi ilə məhkum olunan Əliyev Samir Səməndər oğlunun məhkəmə prosesi yanvar ayının 30-da hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, ittiham aktına əsasən, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub. 

İstintaq zamanı məlum olub ki, mərhum Natəvan Əliyeva Samir Əliyevin doğma dayısı qızı olub. Ancaq qohum olmaqlarına baxmayaraq ailədə tez-tez söz-söhbətlər olub. Bütün bu səbəblərdən Natəvan Samirdən boşanmağa qərar verib, ailəsinə Samirlə bir yerdə yaşaya bilməyəcəyini bildirib.
Qanuni nikaha xitam verildikdən sonra Samirdə qısqanclıq baş qaldırıb. Bir müddətdən sonra Natəvanın özünə avtomobil alması isə Samirin səbr kasasını doldurub. Cinayətin də məhz bu səbəbdən törədildiyi ehtimal olunur.

Natəvan Əliyeva ilə Samir Əliyevin anası Rəhimə Əliyeva Xətai rayonu ərazisində yerləşən eyni binada yaşadığından, keçmiş ərə niyyətini həyata keçirmək o qədər də çətin olmayıb. Qətli həyətdəki qarajda törədən S.Əliyev sonradan meyiti hadisə yerindən uzaqlaşdıraraq, Xızıya aparıb və Bakı-Quba yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hissəsində yandırıb. Meyiti iyulun 6-da Xızı Rayon Polis Şöbəsi əməkdaşları aşkarlayıb.

S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adamöldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. İstintaq dövründə onun barəsində daha bir neçə maddə irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, S.Əliyevin 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası 19 ilə endirilib. Bundan başqa, S.Əliyevin adam öldürməyə cəhd maddəsi Cinayət Məcəlləsinin (CM) 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə tövsif edilib. CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə isə müddətin başa çatması ilə əlaqədar olaraq, xitam verilib.
Dövlət ittihamçısı daha sonra Ali Məhkəməyə müraciət edib. O, S.Əliyevin cəzasının artırılmasını tələb edib.

2018-ci ilin fevral ayında isə Ali Məhkəmədə keçmiş Samir Əliyevin barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi kassasiya protesti üzrə məhkəmə iclası keçirilib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorun protesti təmin edilməyib.
Qeyd edək ki, Samir Əliyevin anası, Bakıdakı 191 saylı orta məktəbin direktoru Rəhimə Əliyevadır. Bu hadisədən sonra keçmiş polis zabitinin anası tutduğu vəzifədən azad olunub. Qardaşı Ramil Əliyevdə hüquq-mühafizə orqanlarında müstəntiq kimi çalışıb. Ancaq qardaşının həbsindən sonra onuda daxili işlər orqanlarından azad ediblər. Atası isə 8-ci km qəsəbəsində yerləşən "Cənnət bağı" restoranının sahibidir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.