Kriminal

"Öz uşaqlarımı, ailəmi, onun da ailəsini başsız qoydum" - Qaynını öldürən şəxsin etirafları

24 Sentyabr 2018 23:42
0 Şərh     Baxış: 2 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində qaynını öldürən şəxsin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, cinayət məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunan Təhmasib Fərəcovun məhkəmə prosesinə hakim Əmir Bayramov sədrlik edib. 

Qeyd edək ki, məhkəmə prosesi dövlət ittihamçısının apellyasiya protesti əsasında baş tutub.

İttiham aktında qeyd edilib ki, qətl 2017-ci il yanvar ayının 4-də baş verib. Naxçıvan şəhər sakini T.Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R.Cəfərov hadisə yerində ölüb.

Tərəflər arasında mübahisə isə suqızdırıcı üstündə olub. Belə ki, Rövşən Cəfərovun Təhmasib Fərəcovdan aldığı suqızdırıcı işləmədiyi üçün dəfələrlə mübahisə ediblər. Cinayət hadisəsi Mahirə Cəfərova və Təhmasib Fərəcovun kirayədə yaşadığı evdə baş verib. T.Fərəcov törətdiyi əmələ görə özünü qismən təqsirli bilib.

"Mahirə ilə ər-arvad kimi yaşamışıq. Qardaşları ilə də münasibətlərimiz yaxşı olub. Yaxşı gündə, pis gündə bir-birimizə dayaq olmuşuq. Mən ona suqızdırıcısı satmışdım. Gəlib dedi ki, işləmir. Mən də usta adamam. Dedim ki, gəl evimdəki suqızdırıcısını apar, mən özümünkünü düzəldərəm. Mübahisə edəndə söyüş söydü. Mən də özümdə olmadım. Ona iki dəfə xəbərdarlıq etdim ki, çıxıb getsin. Amma davam etdi. Mən də yan otağa girib tort kəsilən bıçağı götürüb, üstünə gəldim. Qorxutdum ki, getsin. Üstünə gedəndə yenə söyüş söydü. Mən də vurdum. Sonra Rövşən qaçıb getdi. Mən də bıçağı dəhlizdə Mahirəyə verib dedim ki, deyəsən, qardaşını vurdum. Dedim ki, zəng elə görək hanı? Yarım saat sonra zəng edəndə Rövşənin telefonuna polis cavab berdi. Məni 34-cü polis bölməsinə çağırdılar. Gedib günahımı etiraf etdim" - deyə təqsirləndirilən Təhmasib Fərəcov sərbəst ifadəsində bildirib.
Məhkəmədə məlum olub ki, Təhmasib Fərəcov və Mahirə Cəfərova əvvəl ailəli olublar və hər ikisi sonra boşanıblar. Prokurorun sualına cavab olaraq T.Fərəcov iki ildən artıq birlikdə yaşadıqları halda rəsmi nigaha girməmələrinin səbəbini belə izah edib: "İkimiz də boşanmışdıq. Amma Mahirə soy adını dəyişməli idi. Sonra da onun şəxsiyyət vəsiqəsinin vaxtı keçmişdi. Şəxsiyyət vəsiqəsini də dəyişmək üçün rayona getdik. Şəxsiyyət vəsiqəsini aldıq. Nigaha düşəcəkdik".

Təqsirləndirilən Təhmasib Cəfərov ona qarşı irəli sürülən ittihamın ağırlığı ilə razılaşmayıb və deyib ki, nə mərhuma, nə də öz həyat yoldaşına əzab vermək niyyəti olmayıb: "Kim öz ailəsinə əzab vermək istəyər? Mənim onu öldürmək niyyətim olmayıb. Amma hadisə təəssüf ki, belə oldu. Mən bu hadisəyə görə it kimi peşimanam. Öz uşaqlarımı, ailəmi, onun da ailəsini başsız qoydum".
Bu iş üzrə hüquqi varis kimi tanınan mərhumun həyat yoldaşı Şahnaz Cəfərova T.Fərəcova sual verib: "Təhmasib, sən bilirsən ki, mən sənin xətrini necə çox istəyirdim. Axı niyə öldürürdün? Uşağı var idi, axı. Heç olmasa şikəst edərdin, yaralayardın".

Təhmasib Fərəcov cavabında peşman olduğunu bir daha qeyd edib: "Mən də sizin xətrinizi çox istəmişəm. Amma hadisədir, istəmədən oldu".

Daha sonra Şahnaz Cəfərova məhkəmədə sərbəst ifadə verib. O, hadisənin baş vermə səbəbi haqda bunları deyib: "Heç vaxt aralarında problem olmayıb. Son bir neçə gündə suqızdırıcı üstündə mübahisə edirdilər. Təhmasibin quraşdırdığı suqızdırıcı işləmirdi. İsti su olmadığı üçün Rövşən də əsəbləşirdi. Dəfələrlə buna görə mübahisələri olub. Evdə olan davadan və bıçaqlamadan isə xəbərim yoxdur".

Mərhumun bacısı, təqsirləndirilən şəxsin qeyri-rəsmi nigahda yaşadığı Mahirə Cəfərova da məhkəmədə şahid qismində ifadə verib. Mahirə Cəfərova da qətlin baş vermə səbəbi kimi suqızdırıcı üstündə başlayan narazılığı göstərib: "Səbəb suqızdırıcı üstündə olan mübahisə idi. Qardaşım Rövşən dəfələrlə Təhmasibə deyirdi ki, gəl suqızdırıcını düzəlt. Təhmasib də hər dəfə bir bəhanə ilə uzadırdı. Evdə olanda qardaşımla mübahisə etdilər. Birinci söyüşü qardaşım söydü. Amma Təhmasib onu qıcıqlandırırdı. Deyirdi ki, səni tutduracam. Mən tez böyük qardaşıma zəng elədim. Dedim ki, bunlar dalaşır, gəl. Sonra Təhmasib otaqdan bıçaq götürüb qardaşıma tərəf qaçdı. Mən də qışqırdım ki, ay Allah başıma daş düşdü. Mən yalvardım ki, vurmasın. Sonra bıçağı gətirdi ki, Rövşəni vurdum. Mən o vaxta qədər qardaşımın bəçaqlandığını bilmirdim".

Mahirə Cəfərova həbs edilən ərinin ona qarşı heç vaxt zor tətbiq etmədiyini də suallara cavab verərkən deyib. O, Təhmasib Fərəcov tərəfindən heç vaxt döyülmədiyini, işgəncə görmədiyini və təhqir edilmədiyini deyib. Mahirə Cəfərova da T.Fərəcovun bütün qohumları ilə yaxşı münasibətdə olduğunu təsdiqləyib.

Qeyd edək ki, təqsirləndirilən Təhmasib Fərəcovun ilk nigahından iki uşağı var. Fərəcov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qətl törətmək) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə T.Fərəcovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törəldildikdə) maddəsi ilə 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Hökmə əsasən, o, 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında T.Fərəcovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.