Kriminal

“Həbib Axundov şərt qoydu ki, qazancın yarısını ona verim” - Məhkəmə

20 Sentyabr 2018 20:50
0 Şərh     Baxış: 2 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Elmira Axundovanın oğlu Həbib Axundova və digər şəxslərə pul "atmaqda" təqsirləndirilən Elnur İbrahimovun məhkəməsi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun icraatında olan prosesdə şahidlər dindirilib.

Rauf Bəşirov da əvvəllər Elnurla birgə iş gördüyünü deyib: "2009-2013-cü illərdə çay evi işlədirdim, Elnur da ora gəlib gedirdi. Eləcə tanış olduq, o demişdi ki, xaricdən ucuz kartric gətirib satır. Mən də qazanc əldə etmək üçün pul verməyə razılaşdım. Ümumilikdə Elnura 20 min manat vermişəm. Hər həftə hissə-hissə olaraq pulumu qaytardı. Onun şəriki olduğunu bilmirdim. Elnurla biznes qurmağımı Həbib deməyib, özüm istəmişəm. Elnurla da özümün münasibətim var idi, onunla özüm danışdım".

Hakim bildirib ki, R.Bəşirov istintaqa ifadəsində fərqli danışıb. O deyib ki, Elnurla iş görməyə Həbib Axundovun təşəbbüsü ilə qoşulub: "Həbib dedi Elnur yaxşı iş qurub. Onun təklifi ilə mən də işə qoşuldum. Həbib şərt qoymuşdu ki, qazancın yarısını ona verim. Mən də hər həftə Elnurun mənə verdiyi 600-650 manat puldan 300 manatını Həbibə verirdim".

Həbib Axundov məhkəmədə deyib ki, Raufun öz xahişi ilə onu Elnurla tanış edib. Orxan Xanbalayev isə E.İbrahimova 50 min manat verdiyini deyib:

"Pulun geri qaytardığı yadımda deyil. Çünki mənə qazanc verirdi, şikayətçi deyiləm. Elnuru tutanda biz onu Həbib Axundovun bağ evinə apardıq. Həmin zaman orada bir çox zərərçəkmiş var idi. Elnur dedi ki, katric biznesi yoxdur, pulu bundan alıb, ona vermişəm. Sonra Yasamal Rayon Polis İdarəsinə gəlib, müraciət etdik. Lakin rəsmi ərizə ilə müraciət etməmişik".

İttihama görə, E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digər şəxslərdən biznes qurmaq adı ilə təxminən 1 milyon manat alaraq dələduzluq yolu ilə mənimsəyib. Deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınıb. E.İbrahimov H.Axundovun 100 min manat pulunu ələ keçirməkdə ittiham edilir. Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub. İstintaq zamanı E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib. Zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.