Kriminal

5 il əsgər yoldaşı ilə "zarafat"ın, 8 il 6 ay isə "səhv" mesajın qurbanı oldu

21 Sentyabr 2017 15:04
1 Şərh     Baxış: 3 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu, söhbət açacağımız cinayət hadisəsini törətməkdə ittiham olunan 26 yaşlı gəncin ilk "əl işi" deyil.

O, hələ 7 il öncə Qusar rayonundan hərbi xidmətdə olarkən avtomat silahdan əsgər yoldaşına atəş açdığına görə dəmir barmaqlıqlar arasına düşmüşdü. Düzdür, həmin vaxt xəsarət alan olmamışdı. Səbəbkar bu olayı əsgər yoldaşı ilə aralarındakı zarafat kimi qələmə vermişdi. Və bu "zarafat" ona nə az, nə çox, düz 5 ilə başa gəlmişdi.

"Qəhrəmanımız" həbsdən buraxıldıqdan cəmi 1 il sonra isə başqa bir cinayətə "imza"atıb. Bu dəfə "WhatsApp"da səhv yazılan yazışamaya görə məhkəmə önünə çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Yevlax rayon sakini, 26 yaşlı Məhəmməd Amoyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Rauf Əliyev sədrlik edib.

İttihama görə, ötən ilin avqust ayında Məhəmməd Amoyev bacısı oğlu Rəhman İsbəndiyarovun telefonuna "WhatsApp"la səhv mesaj göndərən, aralarında yaranmış mübahisə zamanı sonuncunun anasının ünvanına söyüş söyən Asif Quliyevlə görüşmək üçün Novxanı kəndindəki "Dalğa" Ticarət Mərkəzinin yanına gedib. Bacısı oğlunun A.Quliyevlə mübahisə etdiyini görüncə, bıçaqla ona qarın nahiyəsindən zərbə endirib. Həmin vaxt onları ayırmağa çalışan Rəşad Vəliyev də M.Amoyevin zərbələrinə tuş gəlib.

Təqsirləndirilən şəxs qismində dindirilən Məhəmməd Amoyev ona elan olunmuş itiihamla özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə baş verən gün axşam saatlarında Novxanı kəndində yerləşən mağazadan ərzaq alıb çıxarkən bacısı oğlu Rəhmanın telefonda kiminləsə mübahisə etdiyini eşidib. Ondan nə baş verdiyini soruşsa da, Rəhman heç nə deməyib. Birlikdə kirayə yaşadıqları evə gəliblər: "Rəhmandan kiminlə mübahisə etdiyini soruşdum, dedi ki, "WhatsApp"da tanımadığım bir nəfər mənə ana söyüşü yazıb. Bir qədər sonra Rəhmanın telefonuna yenə zəng gəldi. Rəhman ona söyüş yazan şəxsin "Dalğa"nın yanına gəldiyini dedi".

M.Amoyev evdən bıçaq götürüb və bacısı oğlu ilə birlikdə həmin ünvana yollanıb. Bir qədər keçmiş 3 nəfər onlara yaxınlaşıb: "Rəhman telefonda söyüş söyənin kim olduğunu soruşdu. Onlardan biri qabağa çıxaraq "mən idim" dedikdə, Rəhman onu yumruqla vurdu. Rəşadla onları ayırdıq. Asif cibindən bıçaq çıxarıb Rəhmana sarı qaçarkən bıçaqla onu vurdum. Rəhmanı da götürüb evə gəldim. Ertəsi gün birlikdə Abşeron Rayon Polis İdarəsinə getdik".

Zərərçəkmiş şəxs qismində dindirilən Asif Quliyev ifadəsində "WhatsApp"da iş yoldaşına zarafatla yazdığı mesajın səhvən Rəhman İsbəndiyarova getdiyini, buna görə ondan üzr istədiyini göstərib: "Üzr istəsəm də, Rəhman nalayiq söyüşlər söydü, telefonda mənimlə mübahisə etdi. Bir neçə saatdan sonra zəng vurub görüşmək istədiyini bildirdi. Həmin gün iş yoldaşlarım Niyaməddin və Rəşadla ora getdik. Rəhman söyüş söyənin kim olduğunu soruşduqda bir daha üzr istədim. Bir-birimizin yaxasından tutub dartdıq. Bu vaxt Məhəmməd məni və Rəşadı bıçaqla vurdu. Rəhmangil qaçıb getdilər. Niyaməddin bizi xəstəxanaya apardı".

A.Quliyev təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını göstərib. Buna baxmayaraq, məhkəmənin hökmü ilə Məhəmməd Amoyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.