Cəlilabadda 1 nəfəri qəsdən öldürmə, digər şəxsi isə qəsdən öldürməyə cəhd etmə faktı üzrə cinayət işi başlanıb.
Bu barədə Milli.Az-a Cəlilabad rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, fevralın 1-də Cəlilabad rayonu sakinləri, yetkinlik yaşına çatmamış D.V (şərti) və C.V-nin (şərti) müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya daxil olması, sonuncunun almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı cinayətin 1977-ci il təvəllüdlü Ə.Nağıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb, Ə.Nağıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Milli.Az





