2021-ci il dekabrın 10-da Bakının Suraxanı rayonunda qətl hadisəsi olur. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları dərhal hadisə yerinə yollanırlar. Məlum olub ki, hadisə Binə qəsəbəsinin Hövsan südçülük sovxozunda, fərdi evin həyətində baş verib. Çənəsinin altında odlu silah yarası ilə 1978-ci il təvəllüdlü Allahverdi Mirzəyevin meyiti aşkar edilib.
Həmin axşam 30-cu Polis Şöbəsinə dəvət olunan Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Taryel Qurbanov cinayəti törətdiyini etiraf edib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Milli.Az lent.az-a istinadə qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Taryel Qurbanov yeznəsi Allahverdi Mirzəyevin bacısı Təranə Mirzəyevaya xəyanət etməsi, pulları başqa qadına xərcləməsi, mütəmadi ailələrində mübahisələr baş verməsi səbəbindən onu qisas məqsədi ilə öldürmək qərarına gəlib. Dekabrın 10-u saat 19 radələrində 16 kalibrli ov tüfəngi ilə silahlanaraq bacısının evinə yollanıb. Ailə üzvlərindən xəbərsiz həyətdə gizlənərək, yeznəsinin evə qayıtmasını gözləyib. Allahverdi Mirzəyevin həyətə girdiyini görən kimi qarşısına çıxıb və tüfəngin lüləsini onun çənəaltı nahiyəsinə istiqamətləndirərək, bir dəfə atəş açıb. Nəticədə A. Mirzəyev ölüb.
İş üzrə dindirilmiş Taryel Qurbanov bildirib ki, 2001-ci ildə Ülviyyə Qurbanova ilə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib. Yaşadıqları həyətyanı sahədə digər evdə bacısı Pərvanə öz övladları ilə yaşayıb:
"Digər bacım Təranə 1994-cü ildə Allahverdi Mirzəyevlə ailə həyatı qurub. Əvvəllər məhkum olunmuş Allahverdi demək olar ki, hər gün arvadını döyürdü.
Bundan başqa, yeznəm Nuranə adlı qadınla yaxın münasibətdə idi, onun üçün ev tikdirmişdi. Qardaş kimi bunu özümə sığışdıra bilmirdim. Dekabrın 10-da Allahverdi evə gələrək yenə Təranənin boynundakı qızıl boyunbağını istədi. Yoldaşı buna etiraz edəndə üzünə yumruqla vuraraq, boyunbağını ondan aldı. Bundan sonra bacım ağlayaraq "WhatsApp" tətbiqi ilə zəng edib, görüntülü anamızla danışıb. Saat 19 radələrində tüfəngi zirzəmidən götürdüm. Silahı 2 yerə qatlayıb, gödəkcəmin altında gizlədərək bacımın evinə yollandım. Darvazanın qarşısında dayanan, Allahverdiyə məxsus "İkarus" markalı avtobusun altında tüfəngi gizlədərək həyətə daxil oldum. Evdə bacım və ailəsi ilə oturub, söhbət etdim. Bir müddətdən sonra sağollaşıb çölə çıxdım. Silahı avtobusun altından götürərək, yenə sakitcə həyətə girdim və "əl damı" deyilən təsərrüfat tikilisində gizlənərək, yeznəmin evə qayıtmasını gözlədim. Təxminən 5 dəqiqədən sonra Allahverdi həyətə daxil olan kimi, əlimdə tüfənglə çıxaraq, onunla üz-üzə dayandım. Yeznəm "burda nə axtardığımı?" soruşanda, ona "bacıma deyirdin ki, qardaşların kişi deyil, ona görə gəlmişəm" dedim və nişan almadan üzünə silahdan atəş açdım. Allahverdi yerə yıxılan kimi, dərhal küçəyə çıxaraq, öz evimə qayıtdım. Tüfəngi götürdüyüm yerə qoydum. Bacım oğlu Hüseynə zəng edib, həyətə girəndə qorxmamasını və atasını öldürdüyümü dedim. 30-cu Polis Şöbəsində törətdiyim cinayəti etiraf etdim".
Zərərçəkmiş şəxsin hüquqi varisi Yaşa Süleymanova ifadəsində göstərib ki, oğlu Allahverdinin ailəsi ilə birlikdə yaşayıb:
"Hadisədən təxminən 1 il əvvəl oğlum Nuranə adlı qadınla tanış olub. Allahverdi əlinə düşən pulları aparıb Nuranəyə vermişdi, hətta bankdan pul götürüb onun üçün ev tikdirmişdi. Bundan sonra oğlumla gəlinimin münasibəti soyumuşdu. Hətta Nuranə bir neçə dəfə yaşadığımız ünvana gələrək evimizin və nəvəm Hüseynin avtomobilinin pəncərələrini sındırıb. Dekabrın 10-da Hüseynin dünyaya gəlmiş övladını səhər saatlarında xəstəxanadan çıxarıb evə gətirdik. Axşam ailə üzvlərimlə evdə olanda Təranənin qardaşı Taryel də bizə qonaq gəldi. Çay içib söhbət edəndən sonra Taryel sağollaşaraq, çıxıb getdi. Təxminən 10-15 dəqiqədən sonra Allahverdi qətlə yetirildi".
Yaşa Süleymanova əlavə edib ki, oğlunun ölümündə Taryel Qurbanovdan başqa, gəlini və onların valideynlərindən şübhələnir.
Şahid Təranə Mirzəyeva ifadəsində göstərib ki, yoldaşı Allahverdi bir nəfərə odlu silahdan atəş açdığı üçün 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Azadlığa buraxılandan sonra əri yaşadıqları məhəllədə müxtəlif qadınlarla münasibət yaradıb:
"Onlarla görüşəndə, telefonuna çəkdiyi videogörüntüləri gətirib mənə göstərirdi. Axırıncı dəfə bir uşağı olan Nuranə adlı qadınla yaxın münasibətdə idi. 2021-ci ilin yayında yaşadığımız evi anasının adından çıxararaq mənim adıma keçirdi. Sonra isə evi girov qoyaraq bankdan 150.000 manat pul götürdü. Özünə "Mercedes Galendevagen" markalı avtomobil aldı.
Nuranə həmin maşını Binə qəsəbəsində sürərkən hər kəs buna şahid olmuşdu. Allahverdi cəzaçəkmə müəssisəsində olan dostlarına müxtəlif məbləğlərdə pul vəsaitləri, ərzaq və paltar göndərirdi. Qardaşlarım Taryel və Ceyhun Allahverdinin mənə verdiyi işgəncələrdən xəbərdar idilər. Dekabrın 10-da Nuranənin qızının ad günü olduğu üçün Allahverdi evə gələrək pul lazım olduğunu bildirdi. Etiraz edib telefonla övladlarımın dərslərə onlayn qoşulduqlarını söylədikdə Allahverdi qulaq asmayaraq, telefonu əlimdən aldı. Boğazımdakı qızıl bоyunbağını zorla dartıb qopardı. Boyunbağını vermək istəməyəndə yumruqla alnıma zərbə vurdu. Balaca qızım baş verənləri görmüşdü. Axşam evdə olanda, qapının döyüldüyünü eşidib çölə çıxdım. Qayınanamın ağlayıb qışqırdığını və Allahverdinin yerdə, hərəkətsiz vəziyyətdə qaldığını gördüm. Bundan sonra polis əməkdaşları gələrək, bizi şöbəyə apardılar. Orda bildim ki, Allahverdini qardaşım Taryel öldürüb".
Şahid Nuranə Əliyeva ifadəsində göstərib ki, 2016-ci ildə Kənan Fətəliyevlə ailə həyatı qurub və 4 ildən sonra ondan boşanıb:
"2020-ci ilin yay aylarında Allahverdi Mirzəyevlə tanış oldum, onun istəyi ilə birlikdə ər-arvad kimi yaşayırdıq. Allahverdi mənə Binə qəsəbəsində ayrıca kirayə ev tutmuşdu. Həftədə iki dəfə mənimlə qalırdı. Allahverdinin arvadı Təranə 2021-ci ilin fevral ayında işlədiyim salona gələrək, ərindən uzaqlaşmağımı tələb etdi. Avqustun 28-də Allahverdi məni döydüyü üçün 30-cu şöbəyə şikayət etdim. Amma 2 aydan sonra mənimlə barışdığı üçün ərizəni geri götürdüm. Dekabrın 10-da axşam Allahverdinin yaşadığı evin həyətində qaynı Taryel tərəfindən öldürüldüyünü öyrəndim".
Məhkəmə iclasında Taryel Qurbanov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyib.
Məhkəmə nəticəyə gəlib ki, Taryel Qurbanovun Allahverdi Mirzəyevi qəsdən öldürməsi, mötəbər sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılıb. Odur ki, Qurbanov həmin maddənin sanksiyası həddində, qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taryel Qurbanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun