Ölkə

Məktəblər açıldı, tıxac başladı - Çıxış yolu nədir?

23 Sentyabr 2021 20:18
0 Şərh     Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov ibtidai siniflərdə dərslərin başlanmasını, gələn həftədən isə bütün siniflərdə, habelə digər təhsil ocaqlarında dərslərin açılacağı ilə paytaxtın xeyli küçə və prospektlərində tıxacların artmasını nəzərə alıb, vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra tədbirlərə ehtiyac olduğunu bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bir sıra təkliflərlə çıxış edib.

Hüseynovun sözlərinə görə, paytaxtdakı bəzi məktəblərin daha yüksək prestijli hesab edilməsi səbəbindən şəhərin bu başından o başına uşaqların daşınması geniş yayılıb:

"Təhsil qurumları elə etməlidirlər ki, ən azı ibtidai siniflər səviyyəsində məktəblər arasında belə ciddi fərqlər olmasın, hər bir məktəbdə mövcud təhsil standartlarına uyğun pedaqoji heyət olsun, tədris prosesi elə təşkil olunsun ki, hər kəs uşağını ən yaxındakı məktəbə qoysun.

Bundan sonra valideynlərlə maarifləndirmə işi də lazımdır ki, uşağınızı çox uzağa aparmağın əhəmiyyəti yoxdur, nə özünüzə, nə də uşağa əziyyət verməyin.

Ümumiyyətlə elə edilməlidir ki, xüsusi təmayüllü məktəblər və özəl məktəblər istisna olmaqla, qalan bütün məktəblərdə normal tədris, məktəbdə kommunal şərait olsun ki, valideyn uzaqda məktəb axtarmasın.

Təmayüllü və özəl məktəblərdə isə məktəb avtobusları xidməti təşkil edilməlidir ki, uşaqlar tək-tək fərdi avtomobillərlə deyil, toplu halında avtobusla daşınsın".

O qeyd edib ki, şəhərətrafı bəzi məskunlaşma ərazilərində hələ də ya məktəb yoxdur, ya da normal deyil:

"Ona görə də paytaxta giriş yolları şəhərə uşaq gətirən fərdi avtomobillərlə dolu olur və tıxaclar daha da şiddətlənir. Həmin ərazilərdə məskunlaşma səviyyəsinə uyğun normal məktəblər tikilməlidir ki, şəhərdəki məktəblərə gəlməyə zərurət qalmasın.

Məktəblər və digər təhsil ocaqları istiqamətində işləyən ictimai nəqliyyata xüsusi diqqət yetirilməlidir ki, şagird və tələbələrin marşrut avtobusları və metro ilə gəlib-getməsində çətinlik olmasın".

Hüseynov qeyd edib ki, şagirdlərinin əhəmiyyətli hissəsi uzaqdan gələn məktəblərdə (təmayüllü və özəl məktəblərdə) dərslərin başlama vaxtlarının fərqləndirilməsi yaxşı olar:

"Məsələn, belə məktəblərin bəzilərində dərslər 8.00-da, bəzilərində 8.15-də, bəzilərində 8.30-da və s. (15 dəqiqə fərqlə bunu 9.30-dək uzatmaq olar) başlasa, yaxşı olar".

Ekspertin sözlərinə görə, məktəbə fərdi avtomobillə uşaq gətirməyə məcbur olan valideynlər çox diqqətli və intizamlı olmalıdırlar:

"İşlərini elə planlaşdırmalıdırlar ki, məktəb yanında yalnız uşağı düşürmə və mindirmə vaxtı (yəni orta hesabla 20 saniyəni aşmamaqla) dayansınlar. Dayanıb gözləmə olacaqsa, sıxlıq və tıxac qaçılmaz olacaq".

Hüseynov sonda əlavə edib ki, məktəblərin ətrafında dayanma, durma və parklanmalara ciddi nəzarət olmalıdır:

"Elə edilməlidir ki, ən azı ikinci və üçüncü cərgələrdə dayanma və parklanma olmasın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.