Ölkə

Şadlıq saraylarında CANLANMA - Qiymətlər ikiqat olacaq? - ARAŞDIRMA

22 İyun 2021 14:16
4 Şərh     Baxış: 6 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanı cənginə alan pandemiya ölkəmizdən də yan keçmədi. Ötən ilin əvvəllərindən bir çox sahələrin fəaliyyəti qapadıldığı kimi mart ayının ortalarından etibarən də toyların keçirilməsinə qoyulan qadağa nəticəsində uzun müddət idi ki, bu sektorun fəaliyyəti tamamilə dondurulmuşdu.

Son vaxtlar ölüm sayının minimuma enməsi, bəzi günlər COVİD-dən ölənlərin olmaması və virusa yoluxanların da sayının xeyli dərəcədə azalması bəzi yumşalmaları zəruri etdi. Yumşalmaların davamı olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən müəyyən şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib.

Milli.Az şadlıq sarayları ilə əlaqə saxlayaraq son vəziyyəti öyrənib. Məşhur şadlıq saraylarından birinin administratoru İbrahim bəy bu xəbərə sevindiklərini dilə gətirib:

"Toylara say məhdudiyyəti qoyulub, olsun təki. Hamımızın istədiyi onsuz da bu idi. Təki toyların keçirilməsinə icazə verilsin, hansı şərtlə olur olsun, əsas toy olsun. Qonaqlarımız da, biz də işçi kimi bu xəbəri gözləyirdik. 

2 ilə yaxın bir müddətdə toyların keçirilməməsi sözsüz ki, qiymətə də təsir edəcək. Qiymət ilk növbədə saydan asılı olan bir məsələdir. Qonaqların sayında məlum səbəbdən məhdudiyyət olacağı üçün bizdən asılı olmayaraq qiymətlərdə də dəyişikliklər olacaq". 

Paytaxtın başqa bir şadlıq sarayının administratoru Əli də çox sevincli olduqlarını qeyd edib. O, qonaqların sayındakı məhdudiyyətlə əlaqədar qiymətlərdə də ciddi dəyişiklik olacağını istisna etməyib:

"Bu qərara çox sevindik. İl yarım idi işləmirdik. Təbii ki, hamı istəyir ki, evinə çörək aparsın, pul qazansın. Toylar bağlananda camaatın behləri yığılıb qalmışdı. Restoranımız təmirdən yeni çıxmışdı, təmirə çəkilən xərci çıxarmaq üçün başqa bir çıxış yolumuz yox idi. Şükür ki, uzun zamandan sonra müəyyən qaydalarla da olsa məhdudiyyət aradan qalxdı. 

Təxminən il yarımdan sonra toyların yenidən bərpa edilməsi qiymətlərə də öz təsirini göstərəcək. Adam sayının az olması qiymətlərdə böyük fərq yaradacaq. 2 il bundan qabaqkı bazarlıqla indiki bazarlıq xərci bir deyil. Qiymətlərdən hamımızın xəbəri var. Əvvəl 3 manata adi qarğıdalı yağı alırdıqsa, indi 6 manatdan ucuz deyil. Görün nə qədər fərq edir.

Qiymət fərqi bir neçə faktorla bağlıdır. Ərzağın qiymətindəki dəyişiklikdən başqa yer məsələsi də qiymətə təsir edən amildir. İstər 100 nəfər qonaq olsun, istərsə də 300 nəfər, sən yenə də restoranı işlədirsən, musiqiçiyə, işçilərə həmin o pulu verirsən, həmin o xərci çəkirsən. Amma 300 nəfərdə sən istər-istəməz böyük pul götürürsən axı. Ona görə də, bu situasiyada həmin pulu qazana bilməyəcəksən, çünki məhdud sayda qonaq qəbul edəcəksən. Amma yenə də hamı bir az da olsa nəsə qazanacaq, hamı evinə pul aparacaq. O qədər adam var ki, il yarımdır işsizdir, borcu-xərci yığılıb qalıb. Gözləyirdi ki, toylara icazə verilsin, işləyib borclarını qaytarsın, nəsə bir iş görsün. Restoran sektorunda çalışan belə insanların sayı çoxdur. Onlar bu sektorla dolanırdılar. Elə adamlar var ki, başqa işdə çalışa bilmirlər, həyatını bu sektora həsr ediblər. Ona görə də hamı bu qərarı sevinclə, müsbət qarşılayır. İnşallah davamlı olsun, qaydalar daha da yumşalmağa doğru getsin".

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.