Ölkə

Bakının hər gün tıxac olan küçəsindən VİDEO - Sadə çıxış yolu var, amma...

1 Fevral 2021 17:04
Baxış: 1 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karantin rejiminin yumşaldılması, sms icazə sisteminin ləğvi, iş yerlərinin və başqa obyektlərin açılması yollardakı vəziyyəti xeyli çətinləşdirib. Yollardakı avtomobil sıxlığı bütün küçələrdə uzun tıxaclara səbəb olmaqdadır.

Binəqədi şosesi ilə Süleyman Sani Axundov küçəsinin kəsişdiyi yerdə nəqliyyatın hərəkətinin dəfələrlə iflic vəziyyətə düşməsi barədə məlumat vermişdik. Bir müddətdir karantin rejimi tətbiq olunduğuna görə sözügedən yolda vəziyyət düzəlsə də, hazırda hərəkətdə olan avtomobillərin sayı artdığına görə yenə hər axşam sürücülər saatlarla tıxacda qalırlar.

Hər gün səhər və axşam saatlarında Bakının müəyyən küçə və prospektlərində sıxlıq yaransa da, Binəqədi şosesi ilə Süleyman Sani Axundov küçəsinin kəsişdiyi yerdə hər gün axşam 6-8 arası nəqliyyatın hərəkətində ciddi problemlər yaranır. Hətta, yolda elə bir vəziyyət yaranır ki, motosiklet və moped sürücüləri belə tıxacı "yara" bilmirlər.

Bu sıxlığın əsas səbəbi isə Süleyman Sani Axundov küçəsindən gələn avtomobillərin Azadlıq prospektindən gələn maşınlarının yoluna çıxıb, prospektdə geriyə dönmələridir. Belə ki, hər hansı yol nişanı və işıqfor olmadığından sürücülər bir-birinə yol vermək istəmədiyi üçün sözügedən ərazidə uzun tıxaclar yaranır.

Artıq uzun illərdir ki, sözügedən ərazidə axşam pik vaxtlarda kilometrlərlə sıxlıq yaranır, lakin problemin həlli üçün hər hansı işlər görülmür. Halbuki adi bir "Qadağandır" nişanı və ya işıqforla məsələni həll etmək olar.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.