Ölkə

İllik təhsil haqları niyə azaldılmadı? - Su, qaz, işıq xərcləri də yoxdur...

23 Sentyabr 2020 15:22
Baxış: 1 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pandemiya ilə əlaqədar yeni təhsil ilində məcburiyyətdən distant təhsil sisteminə müraciət edildi, ali təhsil ocaqlarında distant təhsil zərurəti meydana çıxdı. Amma tələbələrin illik təhsil haqqında güzəştlər gözlənilsə də baş vermədi.

Dərslər distant formada olduğu üçün illik təhsil haqları azaldılmalı idimi?

Milli.Az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov təhsil haqları ilə bağlı bunları deyib:

"Təhsil haqları universitetlərin təhsil xərcləri vəsaiti hesabına formalaşır. Yəni, ali təhsil müəssisəsi bir tələbənin təhsil alması üçün il ərzində çəkdiyi xərcləri hesablayıb onun tələbələrin sayına bölür və ortaya təhsil haqqı çıxır. Nəzərə alsaq ki, 2020-cı ilin mart ayının 3-dən etibarən ali təhsil müəssisələrində tədris prosesi dayandırıldı, bu o deməkdir ki, ali təhsil müəssisələrinin maliyyə üçün nəzərdə tutduğu xərclər həyata keçirilmədi. Yəni, universitetin işıq pulu, su pulu, kommunal xərcləri kimi ödənişlər həyata keçirilmir. Digər tərəfdən isə pandemiya dövründə təkcə ali təhsil müəssisələri yox, valideyinlər də burada itkiyə məruz qaldı. Ona görə yeni tədris ilinin onlayn qaydada başladığını nəzərə alsaq, əvvəlki illərdə mövcud olan təhsil haqqları müəyyən olunmamalı idi. Yenidən ali təhsil müəssisələri özlərinin xərclərini hesablamalı idilər və ortaya çıxacaq xərclər hesabına təhsil haqları müəyyənləşməlidir. Amma çox təəssüf ki, biz "Abituriyent 4" jurnalına baxanda gördük ki, ənənəvi qaydada təhsil üçün nəzərdə tutulmuş xərclər yenidən mövcud olaraq qalıb. İndiki halda yalnız müəllimlərin əməkhaqqısı, universitetin texniki və rəhbər şəxslərinin saxlanılması üçün nəzərdə tutulan xərclər ancaq hesablanmalı idi və ortaya yeni təhsil haqqı çıxmalı idi".

Ekspert Elçin Əfəndi də həmkarının fikirlərini təsdiq edib:

Dərslər distant formada olduğu üçün illik təhsil haqları azaldılmalı idi. Çünki kommunal (su, qaz, işıq və s.) xərclər yoxdur, parta, stol, stul, şüşə sınmır, marker, təbaşir, silgi, süpürgə və s. alınmır, tibbi xidmət otaqları işləmir. Siyahını uzatmaq olar. Amma nədənsə bütün bunlara baxmayaraq, tələbələrin təhsil haqqları enmədi. Ombudsman balların aşağı salınması üçün deyil, təhsil haqlarının aşağı salınması üçün təklif versəydi daha gözəl olardı.

Təhməz Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.