Ölkə

Yanlış COVİD-19 testi ağciyər xərçəngi yaradır? - Şöbə müdiri AÇIQLADI - FOTO

9 İyul 2020 13:37
Baxış: 4 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus testinin yanlış çıxma məsələsində iki ciddi problem var. Birincisi, doğru-yanlış, biri də texnoloji proses baxımından olan yanlış neqativ, yanlış pozitiv çıxan testlər.

Bunu Milli.Az-a müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.

Şöbə müdiri bildirib ki, özündə COVİD-19 simptomları hiss edən şəxsdən test xəstəliyin çox erkən vaxtlarında götürülürsə, cavabın neqativ çıxma ehtimalı böyük olur. O, səbəbini belə izah edib:

- Burada söhbət yalnız yanlış neqativdən getmir, eyni zamanda yanlış pozitiv də ola bilər. Amma burada dediyim kimi, üç ciddi problem var:

I. Əgər test xəstəliyin çox erkən vaxtlarında götürülübsə, o, doğurdan da, mənfi göstərəcək və doğru neqativ olacaqdır. Halbu ki, 3-4 gündən sonra götürülən test müsbət çıxacaqdır, yəni, doğurdan da, virus var həmin adamda. Burada o, əslində, yanlış neqativ deyil. Test, doğurdan da, düzgün aparılıb və testin nəticəsi, doğurdan da, həmin gün mənfi (neqativ) olub. Sadəcə olaraq, xəstəlik inkişaf etmədiyi üçün hələ virusların sayı hüceyrələrdə, tənəffüs orqanlarında çox az olduğundan onu müəyyən etmək mümkün olmayıb. Bunun səbəbindən aparılan testin nəticəsi neqativdir və o, doğru neqativdir. Amma 2-3 gündən sonra aparılan test də müsbət çıxanda biz onu səhvən adlandırırıq ki, əvvəlki (I, neqativ çıxan test) - red) test yanlış neqativ olubdur. Amma o yanlış deyil, doğrudan dürüst nəticə olub. Bu əhali arasında testlə bağlı çaşqınlıq yaradan birinci problemdir.

II məsələ isə testin özünün həssaslığı 85-90%-dir. Yəni, bu, o deməkdir ki, götürülən hər 100 testdən təxminən 10-15 faizi, doğurdan da, səhv nəticə göstərə bilər. Bu da bütün xəstəliklərlə bağlı aparılan testlərdə mövcuddur, yalnız koronavirus testlərində yox. Dünyada çox az sayda test var ki, onlar 100% nəticə göstərir. Yəni, onları barmaqla saymaq olar. Qalan bütün testlərdə bu cür texnoloji baxımından yanlış mənfi (Neqativ), yanlış müsbət (Pozitiv) göstərmək ehtimalı 3%-dən 15%-ə qədər dəyişir. Yeni xəstəliklərdə bu hal, ümumiyyətlə, daha çox olur. Yəni vaxt tələb olunur ki, test daha dəqiq olsun, o da texnoloji prosesdir.

III problem onunla bağlıdır ki, testi götürməyin özündə xəta ola bilir. Çünki test burun udlaqdan və ağız udlaqdan götürülür.

Ona görə o yaxmanı götürən adam o çubuğu nə qədər dərinliyə salacaqsa, eyni zamanda, neçə saniyə onu burun udlaqda saxlayacaq ki, o selik və hüceyrələr hopsun ora, sonra testin götürüldüyü adam buna necə dözəcək, tez-tez başın çəkəcək, effektiv olacaq-olmayacaq, bütün bunlar testin nəticələrinə çox ciddi təsir göstərir. Ona görə, Azərbaycanda tövsiyə olunan - testin eyni çubuqlar birinci ağız udlaqdan, sonra burun udlaqdan götürülməsidir ki, götürülən nümunənin birinci həcmi çox olur, ikincisi ən yaxşı nəticə burun udlaqdandır. Amma ağız udlağı da ona birləşdiriləndə testin həssaslığı, testin dürüstlüyü, dəqiqliyi daha yüksək artmış olur. 

Test zamanı çubuq təxminən neçə saniyə burun udlaqda saxlanılmalıdır?

- Çubuq burun udlağa salınanda, birincisi, çox dərinə getməlidir, ikincisi, burun udlağa salındıqda çubuq orada bir neçə dəfə fırlanmalıdır. Yəni, təxminən ən azı 2-3 saniyə çubuq orada fırlanmalıdır və fırlana-fırlana çıxarılmalıdır. 

- Səhvən pozitiv çıxan test nəticəsində xəstənin həqiqəti bilmədən koronavirusdan müalicə olunması sonra həmin şəxsin səhhətində başqa ciddi xəstəliklər, problemlər yarada bilərmi?

- Yox, birincisi, hal-hazırda evdə müalicə üçün tövsiyə olunan dərman preparatları və bioloji aktiv maddələr (vitaminər və s.- red) koronavirus infeksiyası ilə bağlı heç bir ağırlaşmaya səbəb ola bilməz.

Kimin qaraciyərində ciddi problemlər varsa, Paraçitamoldan ehtiyatlı olmaq lazımdır

Amma bütün hallarda onları təyin etdikdə həkim və tibb işçiləri əmin olurlar ki, bu vitamin C və vitamin D, maqnezium və Paraçitamolla bağlı həmin pasientin heç bir tibbi problemi yoxdur ki, onların istifadəsini məqbul etməsin. Məsələ orasındadır ki, kimin qaraciyərində ciddi problemlər varsa, Paraçitamoldan ehtiyatlı olmaq lazımdır, kimin böyrəyində kristallar varsa, onda bir az vitamin C-dən ehtiyatlı olmaq lazımdır. Amma ümumən götürəndə təyin olunan dərman preparatları və bioloji aktiv maddələrin dozaları o dərəcədə koronavirus infeksiyası üçün nəzərdə tutulub ki, onlar digər problemlərin yaranmasına heç bir təsir göstərmir və ağırlaşmalara səbəb ola bilməz. 

- Bəs "Koronavirusdan yanlış müalicə ağciyər xərçənginə səbəb ola bilər" fikirlərinə barədə nə deyərdiniz?

- Qətiyyən belə şey yoxdur, tam səhv məlumatlardır. Birincisi, koronavirusun müalicəsi üçün heç bir spesifik dərman yoxdur və elə bir dərman yoxdur ki, ağciyər xərçəngi yaratsın. İndiyə qədər hansı ağrıkəsici, ya temperaturu aşağı salan dərman ağciyər xərçənginə səbəb olub?

Dünyada yeganə bir dənə dərmandır ki, koronavirus xəstəliyinin gedişatını cəmisi 4-cə gün azaldır

Camaat Feysbukda boş-boş şeylər danışırlar, yalan məlumatlar yayırlar. Qətiyyən belə olmaz. Yenə deyirəm, koronavirusa qarşı spesifik dərman yoxdur. Dünyada yeganə bir dənə dərmandır ki, hal-hazırda təsdiq olunub ki, o da ağır koronavirus xəstələrinin müalicəsində istifadə olunur və xəstəliyin gedişatını cəmisi 4-cə gün azaldır. Bu da böyük şeydir əslində. Bütün hallarda koronavirusa görə başqa heç bir dərman istifadə olunmur ki, o xərçəngə gətirib çıxarsın.

Oksigendir, süni nəfəs aparatıdır, vitaminlərdir, maye infuziyasıdır ki, o da xəstəxanadakı müalicəyə daxildir, bir də ki yaranan digər problemlərin aradan qaldırılması üçün temperaturu aşağı salmağa, bronxları açmaq üçün inqalyasiyadır. Yəni, bu preparatları və metodları dünyada və Azərbaycanda milyonlarla insan istifadə edir və heç birində də bunlar xərçəng xəstəliyi törətmirlər. 

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.