Ölkə

"Bütün xəstəxanalar, demək olar ki, dolub" - Bakıda korovavirus xəstələrini müalicə edən həkim - FOTO

5 İyun 2020 13:50
1 Şərh     Baxış: 6 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparılan əks-epidemik tədbirlər uğurlu olduğuna görə Azərbaycanda da bütün dünyada olduğu kimi karantin şərtləri mərhələli şəkildə yumşaldılmağa başlandı. Lakin yumşaldılma o demək deyildi ki, əhali tam rahat, sərbəst şəkildə çıxıb maskasız gəzsin, sosial məsafə, izolyasiya qaydalarına əməl etməsin.

Bunu Milli.Az-a açıqlamasında ağır və orta ağır koronavirus xəstələrinin müalicəsinin aparıldığı mərkəzin infeksionisti Vüsalə Yaşar deyib.

O, həftə sonları hərəkətin tam məhdudlaşdırılması ilə bağlı qərarın məntiqə uyğun olduğunu belə izah edib:

"Çox təəssüf ki, əhalidə maarifləndirmə aparılmasına baxmayaraq insanlar çox rahat, arxayın davrandılar. Bunun nəticəsində də yoluxmalar bu qədər sürətli artmağa başladı. Dünya praktikasından faydalanıldığı üçün belə bir qərar verildi ki, həftə sonları ölkədə hərəkət tam məhdudlaşdırılsın. Bəzi vətəndaşlarımız sosial şəbəkələrdə belə rəylər yazırlar ki, "Nə oldu, həftəiçi virus yoxdur, həftə sonumu oldu?" Belə deyil! Həftəiçi insanlar vacib işlərinin dalınca getməlidirlər, amma həftə sonu adətən boşluq olduğu üçün hamı çölə kütləvi axın edir. İşi olan da, olmayan da hamı çöldədir və bunun nəticəsində də yoluxma sayı çox yüksək rəqəmlərə çatdı. Biz sosiallaşmağı, insanların çıxıb havada gəzməyini normal qarşılayırıq. Amma bəzi şeylər ifrat dərəcəsində olmağa başladı. Çox sıx məsafədə qadağa olunmasına baxmayaq ad günləri qeyd olundu, partilər təşkil olundu və s. Bunların qarşısını almaq mümkünsüzə çevrilir. Məsuliyyəti insanların özləri daşımağa başladıqda isə daha da məsulliyətsiz davranmağa başladılar. 

Həftəsonları hərəkəti tam məhdudlaşdırmaq doğru qərardır

Biz ilk vaxtlar qəbul etdiyimiz xəstələr yaşlılar, yanaşı xroniki xəstəliyi olan insanlar idi. Təəssüflə qeyd edirəm ki, amma indi koronavirusa yoluxmaya görə gənclər daha çox xəstəxanalara yatırılır. Gənclərdə daha çox pnevmaniya aşkar etməyə başlamışıq və artıq bütün xəstəxanalar, demək olar ki, dolublar. Yaxşı ki, modul xəstəxanalar tikilib. Bu xəstələr oralara yerləşdiriləcək. Amma biz vəziyyətin yaxşılaşmağını arzulayarkən daha da pis nəticələr görməyə başlayırıq. Həftəsonları hərəkəti tam məhdudlaşdırmaq doğru qərardır. Ən azından çıxıb çöldə, parkda, mall-larda, restoranlarda kütləvi şəkildə toplaşmasınlar. Çünki həftəsonu bunları insanlar daha çox edirlər. Xidmət göstərdiyimiz xəstəxanaya gətirilən COVİD tipli xəstələrin adətən öskürəkləri çox güclü olmasa da tək-tək ösükrəkləri, qızdırmaları olur. Amma adi qripdə rast gəlinən burun axması, öskürək kimi əlamətlər olmur.

Xəstəxanaya getmək istəmədiklərinə görə başlayırlar evdə özbaşına müalicələr etməyə

Təəssüf ki, xəstələr bu əlamətləri görəndə bəzən özləri gedir rentgen edir, KT müayinəsindən keçirlər. Onlarda pnevmaniya da aşkarlanır. Amma çoxunda xəstəxanaya getmək fobiyası var. Niyə belə etdiklərini anlamıram doğrusu. Xəstəxanaya getmək istəmədiklərinə görə başlayırlar evdə özbaşına müalicələr etməyə. Bunun nəticəsində də müəyyən bir zaman itirilir. O zaman onlara xəstəxanada daha doğru yardım göstərilə bilərdi. Nəticədə xəstə çox ağırlaşır, tənəffüs çatışmazlığı yaranır, məcbur qalır müraciət etməyə. Bu səbəbdən də biz gəncləri ağır vəziyyətdə qəbul etməyə başlamışıq. 

Bu dörd şərti etməklə bu vəziyyətdən çıxmış olarıq

Tövsiyəmiz budur ki, özbaşına evdə müalicələr yolverilməzdir, bunu etməsinlər. Özlərində xəstəlik əlaməti hiss edən kimi təcili yardım çağırsınlar, onlardan yardım alınsın və çölə çıxdıqda maksimal dərəcədə tibbi maskadan istifadə olunsun və izolyasiya qaydalarına əməl etsinlər. Bu dörd şərti etməklə bizim işimizi asanlaşdırarlar və biz daha asan bu vəziyyətdən çıxmış olarıq. Bizə kömək etsinlər".

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.