Ölkə

Nazirlik rəsmisi: "Qaydalara məhəl qoymayan vəzifəli şəxs işdən çıxarıldı"

1 May 2020 13:53
0 Şərh     Baxış: 1 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meşələrdə ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinə daxil olan şikayət araşdırılan zaman Yardımlı rayonunun meşə ərazisində 15 palıd ağacının kəsildiyi və təbiətə 1 117 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.

Onun sözlərinə görə, araşdırmanın davam etdirilməsi, təqsirkarların müəyyənləşdirilərək cəzalandırılması məqsədilə rayon polis şöbəsinə müraciət olunub.

Xidmət rəisi onu da əlavə edib ki, kəsinti hallarının qarşısını ala bilmədiyi üçün sahəyə məsul işçilər cəzalandırılıb, həmçinin ərazisində yol verilən qanunsuz ağac kəsintisi faktlarına və vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyinə görə, Yardımlı meşə sahəsinin də daxil olduğu Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru da vəzifəsindən azad edilib:

"Daxil olan məlumatlar əsasında araşdırmalarımız bütün regional meşə mərkəzlərində davam etdirilir".

Nazirlik rəsmisi meşələrin mühafizəsinin daha da gücləndirilməsinə dəstək məqsədi ilə vətəndaşlara da müraciət edib:

"Meşə sahələrinin yaxınlığında yaşayan sakinlərə, ictimai fəal şəxslərə müraciət edirik ki, meşə ərazilərinə qanunsuz müdaxilə edənlər, ağac kəsənlər barədə regional meşə mərkəzlərinə və ya Nazirliyin 168 nömrəli qaynar xəttinə məlumat versinlər.
Biz meşələrimizin mühafizəsinin gücləndirilməsində israrlıyıq və bu işdə ictimaiyyətdən də dəstək gözləyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.