Ölkə

Atılan addımlar təqdirə layiqdir - YUNUS OĞUZ yazır

7 Aprel 2020 15:51
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müstəqil Dövlət hər sözə şəbədə qoşan, hər addımda "mənəm-mənəm" deyən, birisinin sözünü o birisi qəbul etməyən, davakarlığı ilə öyünən, özündənrazı, qarmaqarışıqlığa və başıpozuqluğa meyl edən bir toplumu  Nizamlı, İntizamlı, Məsuliyyətli bir xalqa çevirdi".

Bu statusu sosial şəbəkədə iki gün bundan öncə yazmışdım. Buna da səbəb dövlətin koronavirusla mübarizəyə başlayan gündən apardığım müşahidələr nəticəsində gəldiyim qənaət idi. Təbiidir ki, söhbət Dövlətdən və onun başında duranlardan gedir. Koronavirus hələ Çində epidemiya halında olanda, yəni pandemiyaya çevrilməyəndə bizim dövlət yetkililəri və prezident, cənab İlham Əliyev artıq bu yoluxucu xəstəliyin təkcə Çinlə məhdudlaşmayacağı  qənaətində idilər, çünki dünya artıq qloballaşıb və bu yoluxucu xəstəliyi sərnişin kimi bir neçə saatdan sonra dünyanın o başındakı başqa dövlətə aparmaq olardı. Elə də oldu. İndi dünya bu koronavirusla mübarizə aparır, hələ ki, böyük itkilərlə və yoluxmalarla. Əlbəttə, dövlət yetkililəri bu təhlükəni görürdülər və buna artıq fevral ayından hazırlıq gedirdi. Ancaq bir məsələ vardı ki, əhali buna hazırdırmı? Sərt və qəti tədbirləri birdən-birə həyata keçirmək olarmı? Əlbəttə yox, çünki XXI əsrdə bundan daha təhlükəli (SARS və b.) viruslar meydana çıxmışdı, necəsə ötüşdürülmüşdü. Əhali düşünürdü ki, bunu da sakitcə yola vermək olar.

Amma, belə olmadı, epidemiya pandemiyaya çevrildi. Əhalini təşvişə, həyəcana salmadan bu məsələni çözmək lazım idi.

Dövlət yetkililərinin mərhələ-mərhələ vətəndaşları bu virusla mübarizəyə hazırlamaq üçün "yumşaq təzyiq siyasətini" yalnız alqışlamaq lazımdır.

Martın əvvəlindən prezidentin qərarı ilə yaradılan Nazirlər Kabinetinin yanında Operativ Qərargah (yeri gəlmişkən "operativ" sözünü "çevik"lə də əvəz etmək olardı) bu "yumşaq təzyiq siyasəti"ni uğurla həyata keçirməyə başladı. Son nəticədə bu siyasət aprelin 5-də öz təsdiqini tapdı. Əhali nizamlı, intizamlı və məsuliyyətli vətəndaşa çevrildi. Çünki hamı görürdü ki, Azərbaycandan kənarda dünyada nələr baş verir. ABŞ, Kanada və Avropa dövlətləri bu virusla mübarizəyə hazır deyildi. Bədəlini indi çəkirlər və hal-hazırda aciz hala düşüblər.

Bu "yumşaq təzyiq siyasəti"nin nəticəsində xalq çox qısa müddətdə hazırlandı, maarifləndirildi və ən əsası kimin harda olması və nə etməsi müəyyənləşdirildi.

Əlbəttə, dərhal bir neçə fəaliyyət istiqaməti əsas iş prinsipinə çevrildi:

1. Əhalinin əksər hissəsi evdə qalmaq şərtilə yeyinti sənayesinin işini bir an da dayandırmamalı;

Bu əsas şərt olaraq birinci yerdə irəli sürüldü, çünki belə olmayan şəraitdə xaos və aclıq qaçılmaz olardı.

2. Strateji sənaye və kənd təsərrüfatı işi dayandırılmadı, çünki hələ indi də bilinmir ki, bu koronavirusla mübarizə dünyada nə zaman başa çatacaq.

3. Bu həssas dönəmdə dövlətin vətəndaşlarının yanında olması və bütün təbəqələrə və istehsal sahələrinə, kənd təsərrüfatına maddi yardımların göstərilməsi üçün ilkin olaraq iki milyard yarımın ayrılması sadəcə olaraq qürurvericidir. Ölkə vətəndaşı indi gözəl anlayır ki, kimliyindən asılı olmayaraq dövlət vətəndaşı haqqında düşünür və onun qayğısına qalır. Hətta həbsxanalarda yaşı 65-i keçənlər də yaddan çıxmadı. Dünən cənab prezident sərəncamı ilə 176 məhkuma cəzasının çəkilməmiş hissəsindən azad etdi. Hətta tələbələr də yaddan çıxmayacaq, onların təhsil haqqı ödəniləcək. Bir sözlə dövlətin fəaliyyət prioritetində iki əsas məsələ durur:

a) dövlət təhlükəsizliyi;
b) vətəndaşların sağlamlığı və rifahı.
4. Dördüncü ən vacib istiqamət isə idxal etdiyimiz məhsulları özümüz istehsal etmək. Statuslarımın birində yazmışdım ki, dövlətimizin əlinə unikal imkan düşüb. İdxal etdiyimiz məhsulları burada,

Azərbaycanda istehsal edək. İdxal edən ölkədən ixrac edən ölkəyə çevrilək.

Bu da özünü çox gözlətmədi. Dünən Sumqayıt Sənaye parkında tibbi maska və digər dezinfeksiya məhsulların müəssisəsinin prezident tərəfindən açılışı bu addımlardan xəbər verirdi. Düşünürəm çox qısa bir müddətdə bu müəssisənin və spirt istehsal edən zavodun açılması deyilən sözlərin arxasında qəti əməlin durmasından xəbər verir və bu məsələdə dövlət öz qətiyyətini tamamilə doğru olaraq göstərir.

Sözün arxasında xeyirli əməl və qətiyyət durduqca xalq Nizamlı, İntizamlı, Məsuliyyətli olacaq və belə dövlətin var olması üçün səsini və səyini əsirgəməyəcək.

Yunus Oğuz
​Yazıçı-publisist, Milli Vəhdət Partiyasının sədri

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.