Ölkə

16 yaşlı gəlini öldürən əri hansı cəza gözləyir?

31 Yanvar 2020 09:24
64 Şərh     Baxış: 12 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yetkinlik yaşına çatmayan şəxslə nikaha girən və toydan sonra onu qəsdən öldürən 19 yaşlı İman Məmmədov 15 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a hüquqşünas Səməd Vəkilov Masallının Xoşçobanlı kəndində toyundan iki həftə sonra 16 yaşlı həyat yoldaşı Fatimə Qəmbərovanı boğaraq öldürən həyat yoldaşı, 19 yaşlı İman Məmmədovu gözləyən cəza barədə danışarkən deyib.

S.Vəkilov qeyd edib ki, bu hadisədə cinayətlərin məcmusunu toplayıb cinayəti törədən şəxsə cəza təyin ediləcək:

"Baş vermiş hadisə qəsdən törədildiyi üçün cinayəti törətmiş şəxs Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə mühakimə olunur. Burada cinayətlərin məcmusu var. Çünki cinayət hadisəsi baş verdikdən sonra məlum olub ki, yaxınlarda toyu olan və öldürülən şəxs yetkinlik yaşına çatmayıb.

Burada həm qəsdən adam öldürmə var, həm də azyaşlı ilə cinsi əlaqədə olma. Qətldə şübhəli bilinən şəxsin yetkinlik yaşına çatmayan şəxslə ailə qurması başqa bir cinayətin tərkibini yaradır. Bu səbəbdən, əgər yüngülləşdirici hallar yoxdursa, həmin şəxsi 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir".

Hüquqşünas bildirib ki, nikah valideynlərin israrı ilə baş tutubsa, onlar da məsuliyyətə cəlb oluna bilər:

"Əgər bu izdivac ailələrin, valideynlərin təkidi ilə baş tutubsa, o zaman valideynlər də cinayət məsuliyyətinə cəlb edilə bilər. Ancaq valideynlərin təkidi yoxdursa, öz istəkləri və könüllü olaraq ailə qurublarsa, bu zaman valideynlər məsuliyyətdən azad olacaqlar.

Yetkinlik yaşına çatmayan qızın məktəbdən anasının təkidi ilə çıxarıldığı və bu izdivaca da ananın təsir etdiyi ilə bağlı deyilənlər doğrudursa, burada ana məsuliyyət daşıyır. Bu artıq cinayətdə iştirakçılıqdır. Bu səbəbdən, qızın ölümünə səbəb olmağa görə ana məsuliyyətə cəlb oluna bilər".

Xatırladaq ki, yanvarın 29-da Masallı rayonu Xoşçobanlı kənd sakini, 23 avqust 2003-cü il təvəllüdlü Fatimə Qəmbərova toyundan 2 həftə sonra dünyasını dəyişib. Onun ailə qurduğu 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov tərəfindən öldürüldüyü məlum olub.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, mərhumun ölümünə səbəb boyun üzvlərinin sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.