Ölkə

Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verildi - FOTO

12 Dekabr 2019 14:54
0 Şərh     Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın bir qrup jurnalistinə Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi  "Beynəlxalq media vəsiqəsi" (İnternational Press Card) təqdim edilib.

Milli.Az xəbər verir ki, təqdimat mərasimi BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) ofisində baş tutub. 

2019-cu ilin ikinci yarısı üzrə "Beynəlxalq media vəsiqəsi" BJF-nin Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının üzvlərinə: "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyliyə, ATV-nin əməkdaşı Elnarə Dərziyə, araşdırmaçı jurnalist Şəhla Aslana, Bakı Dövlət  Universitetinin Jurnalistika fakültəsinin müəllimi, jurnalist Anzulə Cəfərovaya, AzərTAC-ın əməkdaşı Səlim Rəhimzadəyə, "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənova, AzTV-nin əməkdaşı Minarə Xəlilovaya verilib.   

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, BJF təsis etdiyi  "Beynəlxalq media vəsiqəsi" jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir.  "Bununla yanaşı, kartın digər mühüm statusları da var. Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir", deyə Müşfiq Ələsgərli bildirib.

JuHİ sədri qeyd edib ki, BJF-nin risqli durumlarla üzləşən vəsiqə sahiblərinə mövcud durumdan çıxmaq üçün göstərdiyi yardıma risq yaradan qruplarla danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir: "Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risqlərdən yayınmaq üçün istiqamət verir". 

Məlumat üçün bildirək ki, "Beynəlxalq media vəsiqəsi" BJF-yə fərdi müraciətlərlə deyil, ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının zəmanəti əsasında verilir. Vəsiqəni əldə etmək üçün müəyyənləşdirilən şərtlər sırasında:

- Jurnalistika sahəsində fasiləsiz fəaliyyət göstərmək, peşəkar qaydaları bilmək, 

- BJF-nin müəlliflik etdiyi "Jurnalistlər üçün Etik Kodeks"ə sayqılı yanaşmaq,

- BJF-nin yerli təmsilçi təşkilatına üzv olmaq, onunla sıx əməkdaşlıq etmək  

və sair kimi məqamlar daxildir.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.