Ölkə

Mühacir alverinə görə həbs edilən eks-rəis keçən həftə Bakıda toyda olub

14 Noyabr 2019 18:54
Baxış: 2 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Almaniyada mühacir alverinə görə həbs edilən Elçin Əkbərovla bağlı yeni iddialar ortaya çıxıb.

Milli.Az xəbər verir ki, qardaşı Elnur Əkbərov qafqazinfo-ya müraciət edərək bildirib ki, onun Elçinlə biznes ortağı olması barədə deyilənlər doğru deyil. 

Elnur Əkbərov qardaşı Elçinin bir neçə gün əvvəl Bakıda olduğunu vurğulayıb: "Noyabrın 9-da "Yağmur" mebel dükanlarının sahibi, xalam oğlu Sadıqın oğlunun toyu idi. Elçin də qızı ilə toya gəlmişdi. Mən ayrı stoldaydım, Elçinlə heç nə danışmadım".

Elnur Əkbərov qardaşının ona 610 min dollar pul "atdığını" deyib. O qeyd edib ki, 2013-cü ildə Elçin Almaniyaya getməyə hazırlaşanda "Aysun" restoranını ona 150 min manata satıb: 

"Banklardan kredit götürüb obyekti aldım. Sənədlər icranın sərəncamı idi, alqı-satqı müqaviləsi ilə mən onu aldım. Sonra 150 min manat təmirə xərc çəkdim. 2015-ci ildə "kupça" almaq üçün BTE-yə müraciət etdim. Bir müddət sonra zəng elədilər ki, gəl "kupça"nı apar. Ora gedəndə dedilər ki, "kupça"nı artıq götürüblər. Deməli, restoran Elçinin arvadı Əkbərova Pərvin Aydın qızının adına idi. Amma sonra sənədlərini  dəyişib özünü Əkbərzadə Sevda Aydın qızı etmişdi. Pərvin köhnə, etibarsız pasportu ilə məndən əvvəl "kupça"nı götürmüşdü. O vaxtdan restoran onlarda qaldı, indi  həmin restoranı arendaya veriblər. Sonra mən məhkəməyə müraciət etdim, Nizami Rayon Məhkəməsi də, apellyasiya da, Ali Məhkəmə də mənim əleyhimə qərar verdi. Dedilər "kupça" onun adınadırsa, deməli, obyekt onundur. Mənim alqı-satqı müqaviləmə baxan olmadı".

E.Əkbərov deyib ki, məsələ ilə bağlı Prezidentə müraciət etdikdən sonra Nizami rayon Polis İdarəsində qardaşına qarşı külli miqdarda dələduzluq etmək maddəsi ilə cinayət işi başlanılıb: "Elçinə "Stop" qoymuşdular, sonra götürdülər, o da Almaniyaya getdi".

Elnur Əkbərov hadisə ilə bağlı 2015-ci ildə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimovun qəbulunda da olub: "Banditizim"ə gedib Seyfulla Əzimovla görüşdüm. Elçinin mənim başıma açdığı oyunlardan danışdım".

O, qardaşının mühacir biznesindən də söz açıb: "Müsavatçılarla birgə bizneslə məşğul idi. Mehdi ( Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini, dünən həbs edilib) ilə birlikdə TIR-larla maşın "zapçast"ları gətirib satırlar. Sonra da qayıdanda burdan adamları yığıb aparırlar. Bu barədə dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib məlumat vermişəm. Ekologiya postunun yanında TIR parkında Elçinin 4-5 maşını var, üstünə də öz mobil nömrəsini yazıb qoyub. Elçingil insan alveri ilə məşğuldur, Ukraynadan qızları yığıb Almaniyaya aparıb orada satırlar. Onun Almaniyada restoranı var, ət satışı ilə də məşğuldur". 

Qeyd edək ki, Elçin Əkbərov Penitensiar Xidmətin 9 və 14 saylı cəzaçəkmə müəssisələrində rəis işləyib və Mədət Quliyevin əmri ilə işdən qovulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.