Ölkə

TREND BİA Riqada keçirilən "Şərq Tərəfdaşlığı Media Konfransı"nda təmsil olunur

13 Noyabr 2019 10:34
Baxış: 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13 və 14 noyabr tarixlərində Latviyanın paytaxtı Riqada "Şərq Tərəfdaşlığı Media Konfransı 2019: Biznes və Dayanıqlıq" adlı tədbir keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Avropa Xarici Fəaliyyət Xidmətinin və Latviya hökumətinin dəstəyi ilə Avropa Komissiyası tərəfindən təşkil olunan konfransda media sahəsində çalışan təqribən 100 peşəkarın, medianın inkişafı istiqamətində fəaliyyət göstərən təşkilatların və altı Tərəfdaş ölkədən (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) və Avropa İttifaqından donor təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Sözügedən konfrans, 2017-ci ildə Kiyevdə keçirilən və regionda çalışan peşəkar jurnalistlərin üzləşdiyi əsas problemin iqtisadi dayanıqlıq olduğunu müəyyənləşdirən "2-ci Şərq Tərəfdaşlığı Media Konfransının" davamı olaraq təşkil edilir.

Konfransı giriş sözü ilə Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktoratında (DG NEAR) Gürcüstan, Moldova və Qonşuluq ölkələri arasında transsərhəd əməkdaşlıq şöbəsinin rəhbəri Matye Buske, Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Şərq Tərəfdaşlığı, regional əməkdaşlıq və ATƏT üzrə bölməsinin direktor müavini Radoslav Darski və Latviya Xarici İşlər Nazirliyinin Dövlət Katibi Andris Pelss açıb.

Konfransın ilk sessiyasında Avropa Komissiyası tərəfindən ŞT ölkələrində həyata keçirilən və kütləvi informasiya vasitələrinin ehtiyaclarının qiymətləndirilməsinə yönəlmiş hərtərəfli tədqiqatın nəticələri diqqət mərkəzində olacaq.

Hər bir ŞT ölkəsindən olan peşəkar media nümayəndələri çalışdıqları təşkilatların uğurlu biznes modelinin qurulması və maliyyə dayanıqlılığının yaxşılaşdırılması mövzusunda təqdimatlarla çıxış edəcəklər.

Konfransın son sessiyasında beynəlxalq donor təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Onlar əsasən ŞT ölkələrində görülən işləri və regionda fəaliyyət göstərən müstəqil kütləvi informasiya vasitələrinin müxtəlif ehtiyaclarını ödəməyə yönəlmiş strategiyalarını müzakirəyə çıxaracaqlar.

Konfransın yekun sessiyasında tədbir ərzində əldə olunan nəticələr və tövsiyələr açıqlanacaq.

Həmin tövsiyələrin gələcəkdə Şərqi tərəfdaş ölkələrindəki kütləvi informasiya vasitələrinə lazımi dəstəyin müəyyən edilməsinə töhfə verəcəyi gözlənilir.

Konfrans noyabrın 14-də "Radisson Daugava" hotelində keçiriləcək və tədbirdən əvvəl noyabrın 13-də axşam saatlarında Latviya Milli Kitabxanasında tanışlıq xarakteri daşıyan görüş təşkil olunacaq. Yalnız qeydiyyatdan keçmiş iştirakçılar konfransda iştirak etmək imkanı qazanacaqlar.

Konfransda TREND Beynəlxalq İnformasiya Agentliyinin baş direktor müavini, Baku Network Ekspertlər şurasının direktoru Elxan Ələsgərov və baş direktorun müavini Lina Vaytkyaviçene iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.