Ölkə

Şabranda yeni tapıntılar - e.ə. IV-III minilliyə aid - FOTO

29 Avqust 2019 16:19
0 Şərh     Baxış: 1 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyası Şabran rayonu ərazisində yerləşən e.ə. IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntılar zamanı yeni tapıntılar aşkar edib.

Milli.Az xəbər verir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, tapıntılara üzəri yüngül konstruksiya ilə örtülmüş dairəvi evləri göstərmək olar. Bu evlərin içərisində erkən tunc dövrünə aid manqal aşkarlanıb ki, bu tip manqallara da Kür-Araz mədəniyyətinin yayıldığı bütün ərazilərdə rast gəlinir.

Bundan başqa, qazıntı sahəsinin qərb hissəsində divarları çay daşları ilə hörülmüş dairəvi ev qalığı, həmçinin üç ədəd təsərrüfat quyusu aşkar olundu.

Tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri sırasında çox sayda əmək alətləri, dən və çaxmaq daşları, ox ucluqları, oraq dişləri və bir ədəd küpə tipli bütöv qab da var.

Ümumilikdə, qazıntı işləri zamanı abidə ərazisindən tapılan materialların əksəriyyəti keramika məmulatıdır ki, bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən əsas amillərdəndir. Keramika nümunələrinin əksəriyyəti üzərində yarımşar formalı qulplar Kür-Araz mədəniyyətinin əsas atributu hesab olunur.

Eyni zamanda, qazıntılar vaxtı çaxmaq daşından hazırlanmış ox ucluqları da aşkarlanıb. Bu da eradan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində burada yaşayan yerli əhalinin əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla da məşğul olduğunu sübut edir. Həmçinin, buradan tapılan sümükdən hazırlanan bizlər, iynələr yaşayış məskənində toxuculuq mədəniyyətinin də formalaşdığından xəbər verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.