Ölkə

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

15 Avqust 2019 18:54
13 Şərh     Baxış: 11 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın əsasən Mərkəzi Aran rayonlarında vaxtaşırı olaraq kəndlərdə "peyda olan" , qulyabani tipli "naməlum varlıqlar" bu dəfə Ucar rayonunun Çiyni kəndinin sakinlərini təşvişə salıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bəzi telekanallar artıq öz çəkiliş qruplarını qulyabani ovu barədə reportajlar hazırlamaq üçün kəndə ezam ediblər.

Və bu reportajlara əsasən dəyənəklərlə silahlanmış kəndlilər kol-kosun arasında "başdan ayağa tüklü olan, gözləri parlayan və çox sürətlə qaçan" həmin varlığı axtarırlar. Hətta iş o yerə çatıb ki, kənddə qulyabaninin dolaşması haqda xəbərlərdən təşvişə düşən sakinlərdən birinin halı pisləşib. Ona təcili tibbi yardım lazım olub. Habelə kəndin kişiləri gündüz saatlarında belə çöldə-bayırda tək dolaşmaqdan çəkinirlər və naxıra belə getmək istəmirlər.

Naməlum varlığın kənddə dolaşmasından qorxuya düşən kəndlilər polisdən kömək istəyiblər. Kəndə polis nəfərləri göndərilib, amma onlar da hələlik qulyabanini cinayət başında yaxalaya bilməyiblər. . Çiyni kənd icra nümayəndəsi Vüqar Zeynalov isə vətəndaşlarla söhbətlər aparıb, onlara gecə saatlarında tək gəzməməyi tövsiyə edib.

Azərbaycanın rayonlarında vaxtaşırı olaraq "sirli varlıqların", qulyabanilərin, cinlərin və şəyatinlərin peyda olması birinci dəfə deyil ki, ümumrespublika miqyaslı KİV-lərin reportaj mövzusuna çevrilir. Mirzə Cəlilin felyetonlarının süjetini xatırladan hadisələr bəzən günlərlə xəbər saytlarında işıqlandırılır, telekanalların regional müxbirləri tez-tələsik kameralarını götürüb həmin sirli varlıqların axtarışına yollanırlar. Lakin Mirzə Cəlilin dövründə olduğu kimi indi də bəni adəmə həmin cinləri, şəyatinləri və ya qulyabaniləri "diri tutmaq" nəsib olmur. Nəticədə bir neçə günlük təşvişdən sonra əhvalat sönüb gedir, kəndlilər dəyənəkləri yerə atıb iş-güclərinin dalınca gedirlər, "sirli varlıqlar" da sakinləri qorxutmaqdan bezib öz işlərinin dalınca, yaxud qonşu rayonun kəndlilərini qorxutmağa yollanırlar.

Məsələn, 2016-cı ildə Ucara qonşu Ağdaş rayonunun Qoşaqovaq kəndində də eynilə "sirli varlıq" kəndliləri günlərlə təşviş içərisində saxlayırdı. O vaxt da telekanalların müxbirləri çiyinlərində kameraları, kəndlilər əllərində dəyənək, bel və yabalarla gecə saatlarında "evlərin həyətlərinə girən, küçədə qəfil peyda olan" naməlum varlığın axtarışına başlamışdı. Üstəlik kəndə əlavə polis qüvvələri də cəlb edilmişdi.

Təşviş o qədər böyümüşü ki, Daxili İşlər Nazirliyi Qoşaqovaq kəndində baş verənlər haqda xüsusi bəyanat verməli olmuşdu. Bildirmişdi ki, kənddə  heç bir naməlum varlıq yoxdur və baş verənlər əhali arasında yaranmış təşvişin nəticəsidir.

Amma sakinlər qorxmaqda və naməlum varlığı axtarmaqda davam edirdilər. "Gecə səhərə qədər yatmırıq. Evdə ailə-uşaq qorxur. Bir aydır ki, yuxu yatmırıq. Səhərə qədər nəzarətdə dururuq. Hər gün də bu cür davam edir. Gecə saat 3-ə qədər bu cürdür. Hər kəs əlində yaba yatmır",-Cavanşir Əyyubov adlı kəndli telekanallardan birinin qulyabani ovu haqda reportaj hazırlayan müxbirinə demişdi.

Digər kəndli isə baş verənləri belə nəql edirdi: "O deyir ki, burdan keçdi. Bu deyir ki, ordan keçdi. Heç cür tutmaq olmur. Bu insandır. Bir əllində işıq, ağzında siqaret, əlində telefonu... Qonşu kənnddə də bir neçə gün öncə olub. 10-15 gün də orda gəziblər və deyiblər ki, qorxusuz insandır".

Bu əhvalatlar əkin-biçin işlərinin qızğın çağında, iyun ayında cərəyan edirdi və iş o yerə çatmışdı ki, gecələr qulyabaninin qorxusundan yuxu yatmayan kəndlilər gündüzlər tarlalarında işləyə bilmirdilər. Amma sonradan necə oldusa əhvalat səngidi, naməlum varlıq "kənddən çəkildi" və yollandı qonşu Pirkəkə kəndinin sakinlərini qorxutmağa...

"Google"-nin yaddaşını qurdalayanda "kənddə qulyabaninin peyda olması" əhvalatlarının son illərdə Cəlilabad, İsmayıllı rayonlarında da cərəyan etdiyini görə bilərik. Və belə görünür ki, bu tipli əhvalatlar haradasa yenə təkrarlanacaq, qulyabanini, cini, şəyatini yaxalamaq isə yenə də heç kimə nəsib olmayacaq...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.