Ölkə

Bakıda ÜGT-nin informasiya texnologiyaları konfransı və sərgisi işə başlayıb

12 İyun 2019 10:46
Baxış: 233

Bakıda Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) informasiya texnologiyaları konfransı və sərgisi keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, konfransın açılış mərasimində Baş nazir Novruz Məmmədov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.

Novruz Məmmədov ölkədə informasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, dövlətimizin başçısı bütün sahələr kimi bu sahəyə də böyük diqqət ayırır və Azərbaycanda bununla bağlı kifayət qədər işlər görülür. Dövlət Gömrük Komitəsi də informasiya texnologiyalarının inkişafına öz töhfəsini verən qurumlardandır.

Baş nazir qeyd edib ki, Ümumdünya Gömrük Təşkilatının bu konfransının Bakıda keçirilməsi də informasiya texnologiyaları sahəsində Azərbaycanın uğurla irəlilədiyinin bariz nümunəsidir.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirin vacibliyini diqqətə çatdıraraq vurğulayıb ki, elektron xidmətlər sırasında elektron gömrük Azərbaycanda ön sıralardadır. Bu istiqamətdə ciddi islahatlar aparılıb, şəffaflığın təmin edilməsi baxımından vacib işlər görülüb. Sahibkar-məmur münasibətlərinin minimuma endirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi baxımından da Gömrük Komitəsi mühüm nailiyyətlər əldə edib.

S.Mehdiyevin sözlərinə görə, Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları konfransı və sərgisi bu təşkilata üzv dövlətlərin gömrük xidmətlərinin informasiya texnologiyaları barədə fikir mübadiləsi aparması, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və gömrük xidmətlərinin təcrübələrinin bölüşməsi baxımından əhəmiyyət kəsb edir.

ÜGT-nin informasiya texnologiyaları konfransı və sərgisi iyunun 14-dək davam edəcək.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.