Ölkə

Şəhid Aqil Omarovun “Şücaətə görə” medalı ailəsinə təqdim edilib - FOTO

2 İyun 2019 18:28
0 Şərh     Baxış: 1 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan silahlı qüvvələrinin törətdiyi qanlı təxribat nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovun doğulub boya-başa çatdığı Qax rayonunun Lələpaşa kəndində ölümündən sonra layiq görüldüyü "Şücaətə görə" medalının ailəsinə təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Qax və Xocavənd rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, ziyalılar, hüquq-mühafizə orqanlarının, Qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi dostları və ailə üzvləri iştirak ediblər. Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat maşını vasitəsilə şəhidlərin xatirəsinə Rekviyem səsləndirilib.

Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani şəhidin ailəsinə, doğmalarına bir daha başsağlığı verərək, onlara səbr, dözüm arzulayıb. Qeyd olunub ki, Aqil Omarov 1983-cü ildə anadan olub. Ailənin böyük övladıdır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Hərbi xidmətdə, döyüşlərdə fərqləndiyinə, göstərdiyi şəxsi şücaətə görə sağlığında 5 döyüş medalı ilə təltif olunub. Dəfələrlə fəxri fərman və təşəkkürlərə layiq görülüb. Komandirlərin, xidmət yoldaşlarının, eləcə də tabeliyində olan şəxsi heyətin böyük hörmətini qazanıb.

Polkovnik A.Qurbani dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında söylədiyi bir fikri mərasim iştirakçılarının nəzərinə çatdırıb: "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır... Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı işğaldan azad edək".

Şəhidin dəfn mərasimində birlik və həmrəylik, təmkin və qələbəyə inam nümunəsi göstərməklə qaxlılar bir daha Ali Baş Komandanın işğal altında olan torpaqların azad edilməsi naminə hər bir əmrinə hazır olduqlarını təsdiq ediblər.

Aqil kimi peşəkar və bacarıqlı bir hərbçinin həlak olmasını Ordumuz üçün ağır itki hesab edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev şəhidin atası Akif Omarovu hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən, könüllü olaraq cəbhəyə gəldiyi vaxtlardan tanıdığını diqqətə çatdırıb. Nazir müavini bildirib: "Şəhidimizin atası vətənpərvər insandır. Mən onu qanlı-qadalı döyüş meydanlarından tanıyıram. Könüllü olaraq cəbhəyə gəlmişdi. Hələ onda Aqil orta məktəbi bitirməmişdi. Ağır döyüşlərin nə olduğunu yaxşı bilən Akif Omarov nəinki oğlunun çətin və şərəfli zabitlik yolunu seçməsinə mane olmadı, hətta bu yolda ona xeyir-dua verdi, uğurlar arzuladı. Bir ata kimi ilk övladının uğurları onu çox sevindirərdi və inanıram ki, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaş başladıqda şəhid atası Akif Omarov və digər iki oğlu da bizimlə birgə döyüşlərə atılacaq".

Bütün mərasim iştirakçıları bir ağızdan "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarını səsləndiriblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti adından hərbi qulluqçu Aqil Akif oğlu Omarovun "Şücaətə görə" (ölümündən sonra) medalı ilə təltif olunması haqqında Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri oxunub.

General-leytenant Kərim Vəliyev həmin medalı şəhidin böyük oğlu Uğurun yaxasına sancıb. Atasının əvəzindən generaldan icazə alan Uğurun "Azərbaycan Respublikasına xidmət edirəm!" deməsi mərasim iştirakçılarına duyğulu anlar yaşadıb.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə, eləcə də müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə rayon sakinləri adından minnətdarlığını bildirib. İcra başçısı ATƏT-in Minsk qrupu üzvlərinin münaqişəni tənzimləmək məqsədilə Azərbaycana gəldiyi bir vaxtda Ermənistan silahlı qüvvələrinin törətdiyi bu qanlı təxribatın bütün xalqımız kimi, hər bir qaxlını da hiddətləndirdiyini və ermənilərin bu hiyləgər və məkrli əməllərini lənətlədiklərini bildirib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bütün xocavəndlilərin şəhidin ailəsinə baş sağlığını çatdırıb.

Millət vəkili Azər Kərimli, şəhidin vaxtilə xidmət etdiyi hərbi birliyin zabiti polkovnik Babək Səmidli və başqaları çıxış edərək Azərbaycan Ordusunun uğur və nailiyyətlərindən, Aprel və Günnüt zəfərlərindən danışıb və istənilən vəzifəni yerinə yetirməyə hər an hazır olduqlarını bəyan ediblər.
Təntənəli mərasimin sonunda şəhidin valideynləri Akif və Ahuzar Omarovalar oğulları ilə fəxr etdiklərini və onun xidmətlərinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyinə görə minnətdarlıqlarını bildiriblər.

Mərasim "Biz gəlirik, Qarabağ!" vətənpərvərlik marşının ifası, şəhidin məzarının ziyarət olunması, ehsan süfrəsinin açılması və dualar oxunması ilə başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.