Ölkə

Nazir müavini: "Əsas hədəf plastik qablaşdırma məmulatlarının tədricən məhdudlaşdırılmasıdır" - MÜSAHİBƏ

23 May 2019 16:16
Baxış: 1 167

Milli.Az Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyevin Trend-ə müsahibəsini təqdim edir:

- Yaşadığımız planetin ekoloji tarazlığının qorunması bu günün ən aktual məsələləri sırasındadır. Zərərli tullantılar, belə demək mümkündürsə, hətta qarşısıalınmaz fəsadlara səbəb olacaq qədər təbiətə ziyan verməkdədir...

- Doğrudur, artıq xeyli müddətdir ki, tullantıların düzgün idarə edilməməsi, zərərli atılmaların tədricən azaldılaraq dayandırılması yer kürəsinin ən vacib məsələsi olaraq ümumbəşəri problemə çevrilib. İqtisadiyyatın inkişaf tempinin nəticəsi olaraq bu gün təbiətə zərər verən tullantıların ən böyük hissəsi plastik kütlələrin payına düşür.

Artıq ictimaiyyətin də kifayət qədər məlumatı var ki, plastik və polietilen tullantılar 100 illər ərzində çürümür, ildən-ilə tullantı sayının artması hesabına torpaq qatını, su hövzələrini çirkləndirir. Təsəvvür edin ki, dünyanın texnoloji cəhətdən ən qabaqcıl ölkələrini birləşdirən Avropa İttifaqında hər il istehsal edilən 25 milyon ton plastik tullantıların yalnız 1/4 hissəsi təkrar emal olunur. Yəni təkrar emal sənayesinin nə qədər inkişaf etməsindən asılı olmayaraq, tullantılar təbiətdə qalır və ildən-ilə həcmi artır.

Amma təsəlli odur ki, artıq həyəcan təbili çalınıb, "sos" siqnalı verilib. Bütün dünyada plastik məmulatlardan tədricən imtina prosesi başlayıb. Bu ilin 27 mart tarixində Avropa Parlamenti tərəfindən 2021-ci ildən etibarən birdəfəlik plastik əşyalardan istifadəyə tam qadağa qoyan müvafiq qanun layihəsi qəbul olunub. Eyni zamanda, 2029-cu ilədək içki üçün nəzərdə tutulan butulkaların ən az 90%-nın toplanılması və təkrar emal olunması qarşıya hədəf qoyulub.

Artıq 40 ölkədə plastik məhsulların istifadəsi məhdudlaşdırılıb. Avropa ölkələrinin bir çoxunda əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya onlara ekoloji vergi tətbiqi kimi üsullardan istifadə edilir. Yəni bəlli təhlükə movcuddur və bunun qarşısı alınmazsa, planetimiz ciddi fəsadlarla üzləşə bilər.

- Azərbaycanda da marketlərdə polietilen torbaların ödənişli olacağı ilə bağlı məlumatlar var. Deyilənlər nə dərəcədə realdır?

- Əksər ölkələrdə plastikdən imtina tədricən, mərhələli şəkildə həyata keçirilir. Azərbaycan üçün də əsas hədəf tədricən plastik qablaşdırma məmulatlarının məhdudlaşdırılmasıdır. Bəli, sonrakı mərhələlərdə ola bilər ki, tamamilə polietilen torbalar istifadədən çıxarılsın və ya ödənişli olsun. Plastik tullantıların idarə olunmasında beynəlxalq təcrübədən istifadə üçün Avstriya və Latviyadan olan ekspertlərin iştirakı ilə seminarlar keçirilib. Bütün bu məsələlərin kompleks şəkildə öyrənilməsi və yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən müddətli tədbirlər planı təsdiqlənib.

- Yəqin ki, artıq bu məsələ dövlətin, o cümlədən Nazirliyin də prioritetləri sırasındadır?

- Bu məsələ nəinki Azərbaycanda, eləcə də bütün dünyada həllini gözləyən problemlərdən biridir, tullantıların düzgün idarə olunması yolları araşdırılır və müxtəlif təkliflər, təcrübələr tətbiq edilir. Uzun illər boyu digər ölkələrdə olduğu kimi, Azərbaycanda da plastik tullantıların mənfi təsirləri müşahidə olunmaqdadır və problem diqqət mərkəzindədir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı" çərçivəsində Nazirliyimiz tərəfindən plastik qablaşdırma materiallarının ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə tədricən məhdudlaşdırılması və onların alternativlərinin ölkə bazarına daxil olmasının asanlaşdırılması üçün stimullaşdırıcı tədbirlərin görülməsinə başlanılıb.

Alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə təbliğat işləri aparılır, aidiyyətı icraçı qurumlarla birgə vəziyyət qiymətləndirilir və bu istiqamətdə mərhələli şəkildə qərarların qəbulu üçün təkliflər hazırlanır. Bir sözlə, proses davam edir və yaxın vaxtlarda ölkədə alternativ qablaşdırma materiallarının istehsalı genişlənəcək, plastiklərlə bağlı ilkin məhdudlaşdırıcı tədbirlərin icrasına başlanılacaq.

Düşünürük ki, bu addımlar insan səhhəti üçün yarana biləcək fəsadların azaldılmasına gətirəcək. Hər bir insanın təmiz ətraf mühitdə yaşamaq hüququ varsa, heç kəsin bu ətraf mühiti çirkləndirmək hüququ yoxdur.

- Xəzər dənizinin də plastik və digər tullantılarla çirkləndirilməsi faktları var və Nazirlik tərəfindən bu istiqamətdə monitorinqlərin aparıldığı, müvafiq tədbirlərin görüldüyü barədə məlumatlar verilir. Nəticələr nəyi göstərir, dəniz daha çox hansı mənfi təsirlərə məruz qalır?

- Təəssüf ki, Xəzərin 5 ölkə tərəfindən çirkləndirilməsi davam edir. Tərəfimizdən aparılan monitorinqlərin nəticələri göstərir ki, hələlik dənizdə plastik tullantıalrla çirklənmə səviyyəsi, axarlardan gələn çirkləndirmədən daha azdır. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun sahillərində, hövzəsində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin tullantı suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilər, o cümlədən lay sularıdır. Sahil zolağında yerləşən rayonların əksəriyyətində kanalizasiya sistemləri və təmizləyici qurğular olmadığından tullantı suları təmizlənmədən dənizə axıdılır. Mən xüsusi ilə Hövsan kanalını və 20-ci sahə ərazisindən keçən 32-ci kanalı qeyd etmək istərdim. Bu kanallar vasitəsi ilə həm məişətdə formalaşan tullantı suları, həm də neft hasilatı zamanı yaranan lay suları dənizə axıdılır. Çimərlik mövsümü də yaxınlaşır və lay sularının təmizlənmədən dənizə axıdılması, insanların belə mühitlə təmasda olması təhlükəlidir. Ekoloji gərgin vəziyyət yaranmasın deyə, rayon icra hakimiyyəti orqanları və bələdiyyələr də çirklənmə mənbələrinin qarşısının alınması üçün çirkləndiricilərə qarşı zəruri tədbirlərin görülməsi üçün konkret hərəkətə keçməlidirlər.

- Yəni çimərliklərə getməyək?

- Çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar Nazirliyimizin mütəxəssisləri Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə çimərlik zonalarında dəniz suyundan nümunələr götürərək təhlillərə başlayıblar. Nəticələr barədə əhaliyə məlumat veriləcək.

- Dənizin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün hansısa addımlar atılırmı?

- Xəzər dənizinə olan antropogen təsirlərin müəyyən edilməsi məqsədilə bütün axarlar inventarlaşdırılıb, sahil zolağı boyunca 13 rayonun ərazisindən bütün axarlar qeydə alınaraq xəritələşdirilib və nəzarətə götürülüb. Hövsan kanalının yenidən qurulması və bu kanal vasitəsi ilə dənizə axıdılan təmizlənməmiş tullantı sularının qarşısının alınması istiqamətində layihə sənədlərinin hazırlanması üzrə işlər aparılır.

Bununla yanaşı inzibati tədbirlər də davam etdirilir. Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağı boyu rayonlarda mütəmadi reydlər keçirilir.

Eyni zamanda, Xəzər dənizinin problemlərinə və mühafizəsinə dair ictimaiyyətin məlumatlılığını artırmaq məqsədilə özəl sektor və qeyri-hökumət təşkilatları ilə birlikdə təbliedici tədbirlər, iməciliklər, ictimaii müzakirələr keçirilir. Məqsəd insanların Xəzər dənizinin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə məlumatlılığını artırmaqla təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, bu işə digər qurumları və əhalini də cəlb etməkdir.

Bütün mümkün vasitələrdən istifadə edərək çalışırıq ki, Xəzər dənizi ekoloji sabitlik zonasına çevrilsin. Bu məsələ, belə deyək ki, həm də beynəlxalq səviyyədə maraq doğurur, bütün Xəzəryanı ölkələrin diqqət mərkəzindədir.

- Deməli, Nazirlik beynəlxalq əlaqələrə də diqqət yetirməlidir, həm qlobal ekoloji problemlərin, həm də daxili məsələlərin həlli üçün...

- Əlbəttə ki, Azərbaycan Cənubi Qafqazda, Mərkəzi Asiya və Qərbi Asiya ölkələrini birləşdirən əhəmiyyətli yolayrıcında yerləşir. Bu baxımdan beynəlxalq əməkdaşlığa zərurət və tələbat var. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, Xəzərin ekoloji sabitlik zonasına çevrilməsi və mühafizəsinin təkmilləşdirilməsi üçün beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələr və Xəzəryanı dövlətlərlə əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir. Ətraf mühit problemlərinin ümumbəşəri bir problem olduğunu nəzərə alaraq, dünyanın heç bir ölkəsi ətraf mühitin mühafizəsi problemlərini təklikdə həll etmək iqtidarında deyil. Bu məqsədlə ölkəmiz üçün ətraf mühitin mühafizəsi sahəsində digər ölkələr və təşkilatlarla razılaşma və sazişlərin imzalanması, beynəlxalq konvensiyalara qoşulması vacib məsələlərdəndir.

Azərbaycan 20-dən çox beynəlxalq konvensiya və protokollara qoşulub. Bu istiqamətdə fəaliyyət bu gün də davam etdirilir və qlobal məqsədlərə xidmət edən digər beynəlxalq çoxtərəfli müqavilələrə qoşulma istiqamətində müvafiq işlər aparılır. 40-a yaxın ölkə ilə ikitərəfli müqavilələr imzalanıb.

Azərbaycan iqlim dəyişmələri ilə mübarizə sahəsində əsas beynəlxalq sənəd olan Paris Sazişini 2016-cı ildə ratifikasiya edib və iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə bundan sonra da öz töhfəsini vermək üçün 2030-cu ilə qədər istixana effekti yaradan qaz tullantıları səviyyəsinin 35% azaldılmasını hədəf kimi götürüb.

- Yeri gəlmişkən, iqlim dəyişmələrinin təzahürləri artdıqca, hidrometeoroloji təhlükəsizlik məsələsi ölkələr üçün vacib faktora çevrilir və hər zaman diqqət mərkəzindədir. Azərbaycanda bu sahədə vəziyyət necədir?

- Vəziyyət, demək olar ki, normaldır. Əhalinin, onun əmlakının və iqtisadiyyatın ayrı-ayrı sahələrinin hidrometeoroloji təhlükəsizliyinin təmin edilməsi dövlətin daim diqqət mərkəzindədir. Çünki vaxtında və düzgün verilmiş proqnozdan işi bilavasitə hava şəraitindən asılı olan insanların - neftçilərin, dənizçilərin, aviatorların təhlükəsizliyi asılıdır. Odur ki, iqlim dəyişmələri təzahürlərinin vaxtında qiymətləndirilməsi, keyfiyyətli proqnoz və xəbərdarlıqlarla təmin olunması qarşımızda duran aktual məsələlərdən biridir. Azərbaycanda hidrometeoroloji müşahidələr müasir tələblərə uyğunlaşdırılıb, avtomat meteoroloji stansiyalardan geniş istifadə edilir. Erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində müasir müşahidə sistemləri olan "Dopler" radarlarının, atmosferdə baş verən dəyişiklikləri izləmək üçün radiozondların və dəniz avtomat hidrometeoroloji stansiyaların tətbiqi istiqamətində tədbirlər görülür.

- Verilən hava proqnozlarının təsdiqlənməsini dəfələrlə müşahidə etmişik və bu çox qürurvericidir. Bəs, sizcə məsələn, Rusiya sinoptikləri ilə Azərbaycan sinoptiklərinin verdiyi proqnozlar dəqiqlik faizinə görə müqayisə oluna bilərmi?

- Bəlkə bir neçə il qabaq belə müqayisə aparılsaydı, cavab verməyə çətinlik çəkərdim. Bizim sinoptiklərimizin peşəkarlıq səviyyəsinə görə deyil, avadanlıq və texniki təhcizat baxımından. Amma indi birmənalı olaraq deyə bilərəm ki, bizdən verilən hava məlumatları bütün qabaqcıl ölkələrin məlumatları ilə müqayisə edilə bilər. Texniki təhcizat olduqca təkmilləşib və mütəmadi olaraq yenilənir, mütəxəssislər də öz yerində. Amma bir problem var ki, gələcək üçün gənc mütəxəssis potensialı azdır. Ona görə də fürsətdən istifadə edib, hidrometeorologiya üzrə təhsili olan gəncləri Nazirliyimizə işə dəvət edirik.

- Sinoptiklərin işi hər gün insanların həyatına hansısa formada təsir göstərir və daimi gündəmdədir. Maraqlıdır, gənclər niyə az gəlir bu sahəyə? Bəlkə bir az reklam çağırışı edəsiz?

- Onu deyim ki, sinoptiklərin işi çox məsuliyyətli və eyni zamanda maraqlıdır. Hər gün əməyinin nəticəsi hamı tərəfindən görünən ən nadir, kifayət qədər kütləvi olmayan peşələrdən biridir. Sinoptiklərdən bilik və vərdişlərdən əlavə, analitik bacarıq və peşəkar intuisiyanı inkişaf etdirmək tələb olunur. Amma yenə deyirəm, olduqca maraqlıdır, perspektivlidir, ölkəmiz üçün xüsusilə əhəmiyyətlidir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.