Ölkə

GÜLÜZAR - Əfsanə Məryəm Sıladan daha bir hekayə

30 Aprel 2019 20:59
2 Şərh     Baxış: 2 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az sosial şəbəkələrdəki hekayə və esseləri ilə populyarlıq qazanmış gənc yazıçı Əfsanə Məryəm Sılanın "Gülüzar" hekayəsini təqdim edir:

Qapı astaca döyüldü.

- Gəl, - müdirin səsi eşidildi.

Qapıda sadə geyimli, saçını saya bir rezinlə boynunun ardından toplamış, bir az gərginlikdən, bir az da həyəcandan yanaqları allanmış yeniyetmə bir qız peyda oldu.

Kurs müdiri və həmin vaxt müdirin yanına bir sənəd məsələsi üçün gəlmiş müavini 10-cu sinif şagirdi Gülzarı o dəqiqə tanıdı. Geyim-keçiminə, bəzək-düzəyinə, görünüşünə görə kursun məşhurlarından olmasa da, uğurlarına görə tanınırdı Gülzar.

- Gəl, qızım, - müdür mülayim səslə qızı yaxına çağırıb oturması üçün yer göstərdi - səni dinləyirik.

Nə deyəcəyini əvvəlcədən dəfələrlə götür-qoy etsə də, bütün cümlələri əzbərləyib dəfələrlə öz-özünə təkrarlasa da, indi sanki heç gözləmədiyi halda söz verilmiş kimi karıxıb qaldı.

- Gülzar, - bu dəfə müdir müavini Namiq müəllim dilləndi - nə məsələdir?

Eyni zamanda qonşuları olan, çoxdandır tanıdığı Namiq müəllimin mülayim səsi onu bir az özünə gətirdi. Toparlanıb, qırıq-qırıq da olsa, fikrini dilə gətirməyə çalışdı:

- Mən... Mən qrupumu dəyişmək... "B"yə keçmək istəyirəm... Həmişəlik!

- Nə danışırsan?! Hamı "A" qrupuna keçmək üçün can atır. Sən "B"yə keçmək istəyirsən?! - Namiq müəllim təəccübdən bir az yüksək səslə soruşdu.

Gülzar dinmədi. Başını aşağı dikib səssizcə durdu.

- Səbəb? - Müdir Namiq müəllimə nisbətən daha sakit və təmkinli bir səslə - Səbəbi nədir?- dedi.

- Xahiş edirəm, heç nə soruşmayın. Sadəcə məni "B"yə keçirin. Başqa heç nə istəmirəm.

- Yooox, belə olmaz axı. Sən səbəbini deməsən, biz sənin qrup yoldaşlarından, müəllimlərindən şübhələnəcəyik. Məsələni araşdırmaq məcburiyyətində qalacağıq. Hamıdan bir-bir soruşub öyrənməli olacağıq. Elə deyilmi, Namiq müəllim?

Namiq müəllim Gülzarı danışdırmaq üçün söhbətə müdaxilə edəsi oldu:

- Bax, Gülzar, sən deməsən, həqiqətən biz məsələnin nə olduğundan xəbərsiz qalacaq və sənə kömək edə bilməyəcəyik. Həm də bəlkə sən nəyisə yanlış anlamısan. Danışmasan, heç nə aydınlaşmayacaq.

- Nərminə müəllimə... - Gülzar başını qaldırmadan sözə başladı - o, mənə qarşı çox dəyişib.

Müdir və müdir müavini heyrət içində bir-birinə baxdı. Bu heyrətin səbəbi yalnız onların ikisinə bəlli idi.

- Mənə qarşı çox amansız olub. - Gülzar sözünə davam etdi - Elə bil, hamının suala səhv cavab vermək, bəzən ev tapşırığını həll etməmək, dərsə hazırlıqsız gəlmək şansı var, təkcə mənim yoxdur. Demirəm onlara hirslənmir, danlamır. Amma mənə hirsləndiyi qədər çox hirslənmir.

Müdir və Namiq müəllim hələ də gah Gülzara, gah da bir-birinə heyrətli baxışlarla baxır, nə baş verdiyini anlamağa çalışırdılar.

- Hər şey mən 2-3 həftə dərsə ara verəndən sonra baş verdi. Müəllimin o gündən sonra mənə qarşı münasibəti büsbütün dəyişdi. Məni daha çox sıxışdırmağa başladı. Hətta bəzən elə əsəbiləşir ki, mənə Gülzar deyir.

Müdir təəccüblə gah Namiq müəllimə, gah Gülzara baxıb:

- A qızım, sənin adın Gülzar deyil ki, bəyəm?- dedi.

- Elədir. Amma müəlliməm mənə həmişə Gülüzar deyərdi. O bircə hərf mənimçün dünya boyda sevgi, nəvaziş idi sanki. İndi də deyir, amma hirslənəndə əsirgəyir məndən o bircə hərfi, - səsi titrədi Gülzarın gözləri doldu, susdu...

Müdir Namiq müəllimə ikisinin eşidə biləcəyi səslə:

- Müəllim, bəlkə deyək ona? - dedi.

- Yox, yox, olmaz, - dedi Namiq müəllim - Nərminə müəllimə bunu bizə bağışlamaz. Axı dönə-dönə tapşırdı ki, heç kim, əsas da Gülzar bunu bilməməlidir - sonra əlavə etdi - icazə verin özüm həll edim.

- Yaxşı, necə istəyirsiz elə olsun.

Namiq müəllim üzünü Gülzara tutub mülayım və qayğıkeş bir səslə:

- Sənə bir söz deyimmi, Gülzar? Məncə sən indi şikayət etməli yox, sevinməlisən.

Gülzar başını qaldırıb təəccüblə Namiq müəllimə baxdı. Namiq müəllim eyni mülayimliklə sözünə davam etdi:

- Çünki bir müəllim kimi sənin danışdıqlarından belə başa düşdüm ki, müəllimən səni çox sevir, bəlkə də o biri şagirdlərdən də çox.

Gülzar gözünə dolub görüntünü bulanıqlaşdıran göz yaşlarını silib, bu sözlərin təsəlli olaraqmı, yoxsa həqiqətənmi deyildiyini anlamaq üçün diqqətlə Namiq müəllimin üzünə baxdı. Namiq müəllim nə zarafat edənə, nə də təsəlli verənə oxşayırdı.

- Bir özün fikirləş. Səni çox istəməsə, niyə sənin məsuliyyətsiz bir davranışın, ya da səhvin onu bu qədər yandırsın, əsəbiləşdirib özündən çıxarsın ki?

Zəng vuruldu. 10 dəqiqəlik tənəffüs başa çatdı. Namiq müəllim sözlərinin nəticəsini görmək üçün Gülzarın üzünə baxdı. Qız indi gülümsəyir, gözləri sevincdən parlayırdı.

- Hə, indi dur get dərsinə, zəng vuruldu, - Namiq müəllim gülümsəyərək əlavə etdi - bir də qrup dəyişmək həvəsinə düşməyəsən ha. Get müəllimənin qədrini bil.

Gülzar gülümsəyərək və təşəkkür edərək otağı tərk etdi.

- Namiq müəllim, mən bu məsələdən heç nə anlamadım. Nərminə müəllimə niyə qızı bu qədər sıxışdırır? - müdir maraq və təəccüblə soruşdu. Sonra qımışaraq əlavə etdi:
- Bəlkə, pul özündən çıxır deyə gözünü deşir ki, oxusun ?

- Yox, müəllim. Məsələ başqadır. Əslində düzdür, müəllimə onu oxusun deyə sıxışdırır, amma pulu özü ödəyir deyə yox... Gülzarın bir neçə həftə dərsə gəlmədiyini görəndə müəllimə məndən səbəbini soruşdu. Dedim ki, ailənin ödənişi etməyə gücü çatmır. Dedi, danışın valideynləri ilə nə qədər gücləri çatırsa ödəsinlər, üstünü mən tamamlayacağam. Mən də onu fikrindən daşındırmaq üçün bu ailənin mənim qonşum olduğunu, çox yaxşı tanıdığımı, Gülzarın atasının çox vecsiz, ailəsinə qətiyyən baxmayan, məsuliyyətsiz biri olduğunu anlatdım. Gülzarın özündən böyük bir qardaşının da olduğunu, eynən atası kimi tufeyli həyat sürdüyünü dedim. Dedim ki, atası bizi dəfələrlə aldadıb və aylığı ödəməyib. Lap məbləği yarıya bölsək, yarısını siz, yarısını özləri ödəməli olsalar belə, yenə o adam sözünü tutmayacaq. Məbləğin yarısı ödənilməmiş qalacaq. Müəllimə isə dedi: "O zaman məbləğin hamısını mən ödəyəcəyəm. Əgər o qız bu cür ailədə yaşayırsa, sabah ona sahib çıxacaq, dəstək olacaq atası, qardaşı yoxdursa, onun oxuması, oxutdurulması vacib oldu". Yəni demək istədiyim, müəllimənin ona tələbkar yanaşması Gülzarın özünə görə, gələcəyinə görədir. Başqa bir səbəbi yoxdur.

Müdir başını fikirli-fikirli yırğalayıb Nərminə müəlliməylə Gülzar haqqındakı son söhbətlərini xatırladı.

- Çox böyük bir savab işləyirsiniz, müəllimə. İnanıram ki, bu gözəl əməlinizin qarşılığını artıqlaması ilə alacaqsınız, - demişdi ona.

Nərminə müəllimə isə gülümsəyərək:

- Əslində mən savab işlədiyimi düşünmürəm, müəllim, sadəcə borcumu qaytarıram. Çünki mən bunun qarşılığını illər öncə almışam. Məni təmənnasız qəbula hazırlayan müəlliməmə təşəkkür borcumdu bu...

Bu sözləri deyərkən Nərminə müəllimənin gözləri məchul bir nöqtəyə dikilmiş, sevincmi, qürurmu, minnətdarlıqmı olduğunu aydınlaşdıra bilmədiyi hisslərin təsirilə parlayırdı...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.