Ölkə

Körpəsi olan valideynlərə çağırış: "O qidaların nə ucuzuna aldanın, nə də bahasına"

20 Aprel 2019 15:24
3 Şərh     Baxış: 1 761

Azərbaycanda "Malyutka-2" əmtəə nişanlı uşaq qidasının içindən yad cisim aşkarlanması "ana südü, yoxsa süni uşaq qidası" mövzusunun bir müzakirəyə çıxmasına səbəb oldu. Bəzi vətəndaşların iddiasına görə, bahalı uşaq qidaları ucuz uşaq qidalarına nisbətən keyfiyyətlidir. Maraqlıdır, həqiqətən də bahalı qidalar ana südünü əvəz edəcək qədər keyfiyyətlidirmi?

Milli.Az bildirir ki, Sputnik Azərbaycan-ın əməkdaşı bu sual mütəxəssislərdən cavab almağa çalışıb.

Pediatr Günay Rəsulova pasientlərə ana südündən istifadə etməyi məsləhət görür: "Ana südünü heç bir uşaq qidası əvəz edə bilmir. Bu haqda tez-tez maarifləndirmə xarakterli layihələr və tədbirlər də həyata keçiririk".

Mütəxəssis əlavə edib ki, bəzən hər hansı problemdən uşağa ana südü bəs eləmir: "Məsələn, uşaq düzgün əmə bilmir, anada süd az olur və sair. Bu səbəblərdən də körpə doymur, normal çəkisini ala bilmir. Buna görə də məcbur olaraq süni uşaq yeməklərindən istifadə etməli oluruq. Amma valideynlərə də dəfələrlə deyirik ki, uşaqları əsas ana südü ilə qidalandırmaq lazımdır".

Pediatr Xəyalə Quliyeva da bildirib ki, heç bir süni qida ana südünü əvəz edə bilməz: "Ümumiyyətlə, "yaxşı uşaq qidası" deyilən bir anlayış yoxdur. Bəzən valideynlər düşünürlər ki, bahalı uşaq qidaları daha keyfiyyətlidir. Elə deyil. İstər baha, istərsə də ucuz uşaq qidalarının tərkibi, demək olar ki, eynidir. 50 manatlıq uşaq qidaları ilə 20 manatlıq uşaq qidasının tərkibində elə də fərq yoxdur".

"Biz valideynlərə də daim məsləhət görürük ki, körpələrini 6 aya kimi ancaq ana südü ilə qidalandırsınlar. 6 aydan sonra isə əlavə qidalara yavaş-yavaş keçmək lazımdır. Pürelər, şorbalar, sıyıqlar hazırlayıb uşağı qidalandırmaq lazımdır" - deyə pediatr əlavə edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında bildirib ki, rəhbərlik etdiyi qurum ana südü ilə qidalandırmağa dair beynəlxalq təşkilata üzvdür: "Bu il noyabr ayında Rio-de-Janeyroda keçiriləcək dünya konqresinə dəvət olunmuşam. Orada Azərbaycanda uşaqların ana südü ilə qidalanması və süni qidalar ilə bağlı problemlər haqqında danışacam".

E.Hüseynov vurğulayıb ki, körpə qidaları ilə bağlı Azərbaycanda problem çoxdur: "Ümumdünya Səhiyyə Təşkilatının uşaq qidaları ilə bağlı konvensiyası var. Qanuna görə, körpə qidaları çox reklam olunmamalıdır, satışı konkret yerlərdə olmalıdır, saxlanma rejimi 20 dərəcədən aşağı temperaturda olmalıdır. Azərbaycanda isə bu qanunlara əməl edilmir".

"Azərbaycanda uşaq qidalarının distributorları birbaşa pediatrlarla iş qurur. Bu da qanunsuzdur. Bizə analar şikayət edirlər ki, süni uşaq qidalarının distributorları onlara zəng edib satdıqları uşaq qidalarını təklif edirlər. Eyni zamanda, uşaq dünyaya gələn kimi uşaqlara xəstəxanalarda artıq süni qida verilir. Bu barədə çox sayda şikayətlər alırıq" - deyə o, əlavə edib.

Həmçinin, qeyd edib ki, körpə qidalarının satış nümayəndələri ilə pediatrların əlaqələrini kəsə bilmirlər. Bu da körpə qidalarının süni qiymət artımına təsir edir: "Bu gün Azərbaycanda körpə qidaları harada gəldi, necə gəldi, satılır. Şikayətdən biri də körpə qidalarının yuxarı temperaturda saxlanılması və satılması ilə bağlıdır. Hətta vaxtı keçmiş körpə qidalarının satılması barədə də şikayətlər daxil olub".

Eyyub Hüseynov onu da vurğulayıb ki, "Malyutka-2" əmtəə nişanlı uşaq qidasının içindən yad cisim aşkarlanandan sonra valideynlər təşvişə düşüblər: "Hər gün 10-a yaxın zəng gəlir. Valideynlər əvvəllər bu körpə qidasından uşaqlarına verdiklərini, övladlarının səhhəti üçün narahat olduqlarını bildirirlər. Təəssüflər olsun ki, həmin süni uşaq qidasını Azərbaycana gətirən şirkət isə heç bir açıqlama vermir".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Anonim · 20 Aprel 16:1300

    Men usaga Nutrilak Ar verirem yaxsidi

    Cavab yaz
  • Anonim
    ulya · 20 Aprel 17:1710

    frisolak verirdim

    Cavab yaz
  • Anonim
    .. · 21 Aprel 00:5600

    Men qizima nutrlak verirdim ama gunde birdefe sadece doymag ucun esasen ana sudu vacibdi mence usaglari suni qidalarla sisirdib sora fexr edirler ki menim usagim toppisdi ama ele deyil ana sudu coox vacibdi usaglar ucun cox xais edirem o analardan ki ozunu dusunub usaglari mehv etmesunler

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.